BolgeXeber.Com » Siyasət » Türkiyənin Hərbi Sənayedəki uğurlarının Avropa İttifaqı və Rusiyaya TƏSİRİ: YENİ ŞƏRTLƏR – TƏHLİL

Türkiyənin Hərbi Sənayedəki uğurlarının Avropa İttifaqı və Rusiyaya TƏSİRİ: YENİ ŞƏRTLƏR – TƏHLİL

24-07-2021, 12:33
Oxunub: 4 160 Türkiyənin hərbi sənaye kompleksinin inkişafı rəsmi Ankaranın həm Aİ-yə, həm də Rusiyaya qarşı mövqeyini formalaşdırır. Zənnimcə, türklərin uğurlu hərbi sənaye kompleksi imkan verir ki, Türkiyə özünün müstəqil xarici siyasət doktrinasını da müəyyənləşdirsin. İkinci əsas meyar isə Türkiyənin bəlkə də ən zəif nöqtəsi olan iqtisadi gücüdür. Türk iqtisadiyyatı etiraf olunmalıdır ki, xarici müdaxilələrə, şoklara qarşı olduqca kövrəkdir. Yəni, geopolitikada söz sahibi olmaqdan ötrü, təkcə müasir silahlar deyil, eyni zamanda iqtisadi qüdrət və onun immunitetin olması lazımdır.
Türkiyə NATO üzvü və ənənəvi qərb blokunun bir parçası olaraq, Moskvanın tərəfini tutmamağa inandırılmayacağı təqdirdə, Avropanın Rusiya ilə əlaqələrinin yenidən formalaşdırılmasına və yaxud da balanslaşdırılmasına yardımçı ola bilər.
Almaniya kansleri Angela Merkel Helmut Koldan sonra Avropa İttifaqının deyərdim ki, əsas lideri idi.

2004-cü ildən Almaniyanın federal kansleri olan bu qadın sentyabrda hakimiyyətdən gedəcək. Əlbəttə, bu siyasi dəyişiklik iqlim problemlərindən tutmuş qaçqın probleminə qədər mühüm sferalarda öz təsirini göstərəcək. Merkel son 20 ildə Avropanın iki güclü lideri olan Ərdoğan və Putinlə işlədi. 2000-ci illərdən bu tərəfə Aİ-nin Rusiya və Türkiyə ilə münasibətləri qitənin siyasi və sosial atmosferini formalaşdırıb.
Xatırladım ki, Rusiya və Türkiyə 21-ci əsrin ilk dekadasında rəqib olsalar da, son illər Suriyada və Dağlıq Qarabağda “kövrək” belə olsa hərbi və iqtisadi əməkdaşlıq formatını yarada bildilər. Bu, on illərdir Qərbə qarşı atak siyasət yürüdən rəsmi Kremlin əlini daha da gücləndirdi. Təbii ki, burda Türkiyənin də geopolitik dəyişimi nəzərə alınmalıdır. Və bu, birmənalı olaraq, Avropa İttifaqının böhranlara dirəniş gücünə də təsirsiz ötüşmədi.

Yeri gəlmişkən, bəzi Avropa dövlətləri Türkiyənin Rusiyadan S400 raket sistemini almasından sonra və ya NATO-ya rəğmən, müstəqil qərarlar verməsinə görə tərəddüd keçirdilər. Ancaq Ankaranın müdafiə sənayesindəki uğurları Aİ-nin hərbi-sənaye kompleksini və Moskvaya qarşı mövqeyini yenidən formalaşdırdı.

Türkiyənin Liviya, Dağlıq Qarabağ və Suriyadakı hərbi varlığı, üstəlik, Ukraynaya verdiyi dəstək Merkeldən sonrakı 10 il ərzində qitə Avropanın da təhlükəsizliyini gücləndirə bilər. Bir NATO üzvü və ənənəvi qərb müttəfiqi olaraq, Türkiyənin Şimali Atlantika Alyansının 2030 konsepsiyası çərçivəsindəki yeri Aİ-Rusiya münasibətlərinin balanslaşdırılmasına töhvə verə bilər. Bundan əlavə, Ankaranın Polşa, Litva, Çexiya və Macarıstana satdığı hərbi-sənaye məhsulları da Avropanın hərbi-sənaye kompleksinin gedişatına da təsir edə bilər.
Digər tərəfdən, Rusiya da Türkiyənin qonşu və özünə yaxın ölkələrdəki siyasi və hərbi aktivliyini müşahidə edir. Rusiyanın hərbi-sənaye hissəsi olan “Zala Aero Group” öz istehsal siyasətində türk dronlarını hədəf alır. Rusiya həm də Şərqi Aralıq dənizinə ciddi investisiyalar yatırır. Putin şübhəsiz ki, bu kontekstdə Türkiyə və Aİ arasındakı münasibətlərin soyuqluğundan da istifadə edir. Əlbəttə, bu siyasət Avropa İttifaqı üçün bir təhlükədir.

Moskva və Ankara həm də Aİ üzvləri olan Macarıstan və Polşanın Brüssellə olan “soyuq” münasibətlərindən faydalanır.

Bununla yanaşı, Aİ-nin ABŞ və NATO liderliyi ilə insan haqları və demokratiya məsələsində narahatlığı Macarıstan və Polşa kimi ölkələrin Türkiyə ilə daha yaxın münasibətlər qurmasını əngəlləyə bilər. Əgər Ankara və Brüssel qarşılıqlı olaraq, ortaqlıqlarını genişləndirə bilərsə, o zaman bunun Aİ-Rusiya münasibətlərinə təsiri olacaq. Yox, əgər bu baş verməsə, Avropanın şərqində türk-rus əməkdaşlığı Merkeldən sonrakı Avropa İttifaqının gücünü təhdid edə bilər. Zənnimcə, bu reallığı Brüsseldəki Şarl Mişel və Rene Von der Leyen də ciddi dərk edir.
Aİ və Türkiyə arasındakı əsas problemlərin başında qaçqın böhranı və bir-birlərinin daxili işlərinə qarışması kimi problemlər durur.
Siyasi ekspert,beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev