BolgeXeber.Com » Siyasət » “Azərbaycan Haqq - ədalət günəşidir, daim parlayacaqdır!

“Azərbaycan Haqq - ədalət günəşidir, daim parlayacaqdır!

26-07-2021, 20:55
Oxunub: 432 Ədalətin, haqqın gücü özündədir və sonsuzdur. O gücün, o qüvvənin az da olsa işartısını özündə qoruyub saxlamağı bacaranlar əvvəlcədən hər kəsə qalibliyin himnini təqdim edir. Dövlətlər də belədir. Çətin oldu Azərbaycanımız üçün mənfur düşmən üzərində Qələbə çalmaq, illərimizi aldı... Vətən müharibəsində haqq yolunda canlarından keçməyə hazır olan oğullarımızı apardı... uğrunda bədənini şan-şan edən, qəlpələrin, güllələrin üzərinə yeriməyən, yürüyən igidlərimizi əlimizdən aldı... sinəmizə çalın-çarpaz dağlar çəkildi... amma dünyaya göstərdik haqqın, ədalətin yerini. Mənfur, pis xislətli düşmənin vicdansızcasına əl uzatdığı, namərdcəsinə sahib çıxmaq, özününküləşdirmək istəyinə... müqəddəs olan torpaqlarımız munisliyi ilə, xarı bülbülümüz paklığı, dözümlülüyü və susqunluğu ilə cavab verdi və qalib gəldi. Çünki HAQQ, ƏDALƏTİN gözəgörünməz nəhəngliyi və böyüklüyü ilə BİRLİKDƏ idi. Bütün dünyaya qətiyyətlə: “Bu haqq yeri Qarabağdır!!! Bu ədalət məkanı Odlar yurdu - Azərbaycandır!” – dedi. Ədalət məkanının od ürəkli oğullarının Qələbəsi belə möhtəşəm olur, Günəş kimi işıq saçır, uğrunda tökülən qanlardan həyatın və yaşamın yeni mənbəyinə çevrilir! Ancaq düşmənin pisliyi özünə qalır və unudulmur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Daşkəsən rayonunda Azərbaycan televiziyasına verdiyi müsahibəsində ədalətsizliyini hələ də sürdürən mənfurlara üzünü tutub: “Mina xəritələrinin Azərbaycana verilməməsi mənəviyyatsızlıqdır, bunun hansısa şərtlərlə verilməsi Ermənistan tərəfindən göstərilən növbəti əxlaqsızlıqdır, mənəviyyatsızlıqdır, vicdansızlıqdır, normal insani davranışa zidd olan yanaşmadır. Bu, bir daha Ermənistan rəhbərliyinin bizə qarşı olan nifrətinin, düşmənçiliyin təzahürüdür. Çünki mina xəritələrini verməməsinin heç bir əsası yoxdur”, -dedi. Bildirdi ki, birinci Qarabağ müharibəsində onlar xarici dəstək hesabına üstünlük qazanmışlar. Və ardınca ölkə Prezidenti tarixi həqiqətləri dilə gətirdi: “Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü il iyulun 7-də süni qurum kimi yaradılmışdı. O vaxt sovet hökumətində təmsil olunan ermənilər demək olar ki, bu qanunsuz və heç bir əsası olmayan qərarı qəbul etdilər və əlbəttə, Sovet Azərbaycanı o vaxt məcbur olub bununla razılaşıb, barışıb. Amma bu, tamamilə əsassız və süni şəkildə yaradılmış bir qurum idi. Azərbaycan parlamenti müstəqillik bərpa olunandan bir ay sonra - 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib. Qanuni şəkildə ləğv edib. Onun səlahiyyəti çatırdı buna. Bizim tarixi torpağımızda Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmaq, bir kəndi - Xankəndini, hansı ki, kənd idi, onu oranın mərkəzi etmək və cəllad Şaumyanın adını vermək Azərbaycan xalqına qarşı çox mənfi bir addım idi. Bizim üçün təhqir idi. Süni şəkildə Azərbaycanın içində daim bir münaqişə ocağı yaratmaq üçün sovet hökuməti tərəfindən ortalığa atılmış təxribat idi. Tarix hər şeyi yerinə qoyub. Ancaq statusa gəldikdə, bu gün orada 25 min adam yaşayır. Orada gedən proseslərlə bağlı bizim məlumatımız kifayət qədər böyükdür. Orada yaşayanların real sayı 25 mindir. Başqa rəqəmlər də səsləndirilib ki, müharibədən sonra oraya 50 mindən çox adam qayıdıb, ola bilər, ancaq qayıdan o demək deyil ki, orada qalır. Qayıdıb, sonra çıxıb gedib, geri dönüb. İkincisi, bizim müxtəlif texniki vasitələrimiz, peykimiz var. Biz oradakı maşınların sayını bilirik. Biz insanların hərəkətini görürük. Dəqiq bilirik orada maksimum 25 min adam yaşayır. 25 min insan üçün status yaratmaq heç bir məntiqə sığmır.” Rəsmi İrəvan postmüharibə reallıqları ilə barışa bilmir. Burada psixoloji amil də öz rolunu oynayır. Yəqin onlara vaxt lazımdır ki, psixoloji nöqteyi-nəzərdən yeni reallığa öyrəşsinlər. Onlar 30 il ərzində özləri haqqında olmazın yalanlarını uydururdular, dünyaya qəbul etdirməyə çalışırdılar ki, guya onların müzəffər ordusu
var, yenilməz ordusu var, erməni xalqı döyüşkən xalqdır, erməni ordusu ən güclü ordudur. Amma biz məhv etdik, darmadağın etdik, 44 gün ərzində yox etdik. Göstərdik ki, Azərbaycan xalqı müzəffər xalqdır. Göstərdik ki, onların bütün təbliğatı mifdir, mifologiyadır.
Və həmin müsahibəsində möhtərəm cənab Prezident daha bir ədalətsizliyə kəskin münasibətini bildirdi. Bu, Cənub Qaz Dəhlizinin Məşvərət Şurasına Azərbaycanla birlikdə sədrlik edən Avropa İttifaqı tərəfindən Ermənistana 2,6 milyard avro, Gürcüstana 2,3 milyard avro vəsait ayrıldığı halda, Azərbaycana heç bir vəsait ayrılmaması ilə, növbəti beynəlxalq ədalətsizliklə bağlı idi. Hər zaman sözünü açıq və kəskin bildirən cənab Prezident: “Bu, ədalətsiz mövqedir. Çünki Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir, həm ərazisi, həm əhalisi, həm də potensialı baxımından. Bu günə qədər Cənubi Qafqaz ölkələrinə belə böyük məbləğdə vəsait verilmirdi. Yəni bu, onu göstərir ki, bu vəsait məhz müharibədən sonra verilir. Yəni, bu vəsaitin verilməsinin səbəbi müharibədir. Əks təqdirdə, 30 il bundan əvvəl verəydilər. Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır. Azərbaycana bu vəsait verilməlidir. 10 min kvadratkilometr ərazi tamamilə dağıdılıb, erməni vandalları tərəfindən məhv edilib. 100 minlərlə mina döşənilib və bütün binalar, tarixi binalar, bütün infrastruktur məhv edilib. Amma pulu verirlər Ermənistana, harada ki, nə dağıntı var, nə də mina döşənilib. Əlbəttə bu, ədalətsizdir. Ona görə bu məsələlər gərək gündəlikdən düşməsin”- dedi.
Ədalətsizliyin kökündə əsassızlıq durur və buna görə də heç yerdə güc tapa bilmir. Əsaslı və həqiqi tarixi haqqına qovuşan bütün Azərbaycan xalqının və ədalətsevərlərin gücü isə tükənməzdir. Biz yorulmaz liderimiz cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Qələbə tarixi yazan dövlətimizin ətrafında sıx birləşərək qürurla deyirik: Sən Haqq və Ədalət Günəşinin özüsən, Azərbaycan! Məhz buna görə də ədalətsizcəsinə birləşib səni görmək istəməyənlərin gözünü qapadaraq daim daha gur parlayacaqsan və Zəfər daim səninlə olacaqdır!
YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya