BolgeXeber.Com » Siyasət » Qarabağ qazisinin marketi boykot edildi - Fotolar

Qarabağ qazisinin marketi boykot edildi - Fotolar

5-08-2013, 14:05
Oxunub: 5 807 Çörəyə ehtiyacı olan yaşlı qadının şəkilini oğru kimi çəkib divara vuran marketin əməli etiraza səbəb olub
Avqustun 5-də facebook sosial şəbəkəsində Bakıda, Biləcəri qəsəbəsində yerləşən “Army market”lə bağlı boykot çağırışı edilib. Musavat.com-un yazdığına görə, səbəb çörəyə ehtiyacı olan bir qadının çörəyi götürərək pulunu verməməsi olub. Market daxilindəki kameralar vasitəsi ilə görüntülənən qadının daha sonra fotosu oğru kimi “Marketimizdən oğruluq edən!” başlığı ilə divara vurulub.
Sözügedən olay sosial şəbəkədə geniş müzakirələrə yol açmaqla yanaşı, ciddi şəkildə tənqid olunub. Məsələni tənqid edənlər bu olayın həddən artıq utancverici olduğunu söyləyərək, yaşlı qadının bəlkə də hansısa ehtiyacı üzündən belə bir addım atdığını söyləyiblər.
Hər bir halda oğurluq edən şəxsin gördüyü iş araşdırılmalıdır və bunun üçün hüquq mühafizə orqanları var. Lakin oğurluq edən şəxsin kimliyindən asılı olmayaraq onun şərəf və ləyaqəti heç kəs tərəfindən alçaldıla bilməz.
Qeyd edək ki, Biləcəri sakinlərinin verdiyi məlumata görə “Army Market”də bu cür olay ilk dəfə deyil ki, baş verir. Artıq bu tip hallar marketdə adətə çevrilib və oğurluq edərkən təhlükəsizlik kameralarına düşən bir neçə nəfərin şəkli bu günə qədər dükanın foto lövhəsinə vurulub.
Məsələnin hüquqi tərəfini ilə bağlı Elmi-Praktik Hüquq Mərkəzinin eksperti, sabiq polis rəisi Mahmud Hacıyev “faktceber.com”a açıqlama verərək qeyd edib ki, bu, tamamilə qanunazidd bir hərəkətdir. Marketin hüquq mühafizə orqanı olmadığını bildirən M. Hacıyev “marketin əsas vəzifəsi müraciət etməkdən ibarətdir. Eyni halda market sahibi oğurluq edən şəxslə də danışıqlar aparıb problemi yoluna qoya bilər ”, - deyə bildirib: “Baş verənlər tamamilə qanunazidd bir hərəkətidir. Market tərəfindən həyata keçirilən olay məsuliyyət gətirir. Fərdlər cinayət törədərkən hüquq mühafizə orqanlarına müraciət edilməlidir və onlar da baş verən hadisəyə uyğun hüquqi tədbirlər görməlidirlər. Lakin Azərbaycan reallığı isə tamamilə başqadır və qanunlar işləmir... Ola bilsin ki, market sahibi özünü hüquqi mühafizə orqanın və ya Nazirlər Kabinetinin sahibi kimi hesab edir. Bəs sabah fotosu lövhəyə vurulan şəxs intihar etsə necə olacaq? Hər hansı bir insan imkansızlıqdan bir dənə çörək götürdüyü halda cəmiyyətdə biabır olunursa, o özü-özünə qəsd edə bilər”.
Qeyd edək ki, “Army Market” şəhərin Biləcəri qəsəbəsində, konkret Rəşid İsmayılov küçəsi 13 ünvanında yerləşir. Sahibi isə Qarabağ qazisi Seyid Mirqasımovdur.