BolgeXeber.Com » Siyasət » “Xalqın böyük ehtiramı əbədi olaraq bu qəti QƏLƏBƏNİN sahibləri ilə olacaq!”

“Xalqın böyük ehtiramı əbədi olaraq bu qəti QƏLƏBƏNİN sahibləri ilə olacaq!”

28-09-2021, 15:55
Oxunub: 2 168 Tarixdə iz qoyan çox müharibələr olub. Amma Vətən həsrətindən dili ağzında cadar-cadar, için-için yanıb qovrulan xalqın, basdan ayağa hünər və qəhrəmanlıq dastanına çevrilən Azərbaycanın öz torpaqlarını işğaldan azad edən 44 günlük müharibəsi həm də dünyanı heyrətlər içərisində buraxdı. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin illərlə ölkəmizi möhkəmləndirən, Ordumuzu qüdrətləndirən uğurlu daxili və xarici siyasəti müharibənin ilk günündən özünü göstərdi.
Cənab Ali Baş Komandanın güclü “Dəmir yumruq” planı və əməliyyatı, qəhrəman oğullarımızın şücaətlikləri bütün dünyaya şanlı və möcüzə Qələbə addımlarını göstərdi. Məhz ilk gündən öz xalqını və Ordusunu bir yumruq kimi öz ətrafında cəm etməyi bacaran müzəffər Ali Baş Komandana və onun əsl komandanlığına heyran oldu bütün dünya. Çünki torpağa məhəbbət, Vətənə sevgi bütünlüklə Azərbaycan xalqının özünü oda, atəşə dönüşdürmüşdü, vulkan anını gözləyirdi. O an idi bu müharibə, silahsız, əliyalın, təkcə vücudu ilə düşməni yandırıb yaxa biləcəyi o məqam idi bu savaş. İlk növbədə xalqla iqtidarın polad birliyi sarsıtdı düşməni. Xalqın öz rəhbərinə inamından doğan möhtəşəm sevgisinin matı oldular onlar. Ölümün və düşmənin üstünə yüyürən oğullarımızın dəmir iradəsi və gücü onlara göz açmağa imkan qoymadı. 44 gündə düşmənin ordusu darmadağın edildi. Bəli, ilk andan düşməni məğlubiyyətə uğradan müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu müharibəni cəmi 44 gündə başa çatdırdı, düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu.
“Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 27 sentyabr – Anım Günü ilə əlaqədar xalqa müraciətində müzəffər xalqımızı qalibliyə aparan yolun addım-addım keçidlərini xatırlatdı. Bildirdi ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq. Azərbaycan müharibəni hərbi-siyasi yollarla həll etdi, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Ancaq Azərbaycanda yox! Bu məsələ artıq öz həllini tapdı. Azərbaycan Ordusu şəhidlərin qanını aldı. Biz onların qisasını döyüş meydanında aldıq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik.
YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya