BolgeXeber.Com » Siyasət » “Eyforiyaya qapıla bilmərik, lobbiçilik, haqq işimiz davam etməlidir” - hüquq müdafiəçisi

“Eyforiyaya qapıla bilmərik, lobbiçilik, haqq işimiz davam etməlidir” - hüquq müdafiəçisi

5-10-2021, 16:06
Oxunub: 2 536

“AŞ PA-da çıxarılan qərəzli qətnamə göstərir ki, beynəlxalq təşkilatlarla işimizi artırmalıyıq”

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qəbul etdiyi “Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri” adlı hesabatda növbəti dəfə qərəzli mövqe nümayiş etdirməsi bir daha göstərdi ki, biz diaspora və lobbi işini olduğundan artıq gücləndirməliyik. Çünki 44 günlük müharibənin nəticələrindən sonra diplomatik masada davam edən mübarizədə erməni tərəfi bütün imkanlarını səfərbər edərək beynəlxalq ictimaiyyəti özünə çəkməyə, inandırmağa çalışır.
Əlbəttə, 44 günlük müharibədə sübut olundu ki, erməni diasporu və lobbisi haqda yaradılmış təsəvvür blef imiş, bu mifi darmadağın etdik. Baxmayaraq ki, onların yüz illik bir diaspor fəaliyyəti formalaşıb, amma göründüyü qədər deyilmiş.
“Yeni Müsavat” yazır ki, sadəcə, 10 noyabrdan sonra ermənilər fəallığı artırıblar və istər ABŞ Konqresində qəbul olunan bəyanat, istərsə AŞ PA-da çıxarılan qətnamə olsun, düşmən ölkənin lobbisi çırmanıb.
Onlar az qala Qərb təsisatlarını inandırmağa çalışırlar ki, hərbi təcavüzlə üzləşiblər, dini abidələri dağıdılıb, mülki əhaliyə ziyan dəyib. Hərçənd işğaldan azad edilən ərazilərdə reallıqlar göz deşir ki, məscidlərimizi donuz fermasına çevirən də, məzarlıqları dağıdan da, müharibə getdiyi zaman cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə və Tərtəri terror etməklə mülki insanları - qocadan körpəyə qədər azərbaycanlıları öldürən də Ermənistandır.
Amma AŞ PA-da çıxarılan qətnamədə təəssüf ki, Azərbaycandan erməni “abidələrinin qorunmasının vacibliyi”, “hərbi əsirlərin” təcili azad edilməsi tələb olunur. Bu, erməni lobbisinin təsiri altında olan Avropa Şurası deputatlarının qərəzidir. Sözsüz, qətnamə tövsiyə xarakterlidir, heç bir hüquqi qüvvəsi yoxdur, lakin bizim lobbi işimiz daha da güclənməlidir ki, bu cür kağız parçalarının qəbul olunmasının qarşısı alınsın.
Avropada çox geniş yayılan lobbi institutlarının mərkəzi Brüssel hesab olunur. Burada 700-dən artıq dünyanın nüfuzlu təşkilatlarının nümayəndəlikləri fəaliyyət göstərir. Lobbizmin geniş təşəkkül tapdığı yer ABŞ-dır. Məsələn, Azərbaycan təkcə 2021-ci ildə ABŞ-da lobbiçiliyə yarım milyon dollar xərcləyib. Bəs bizim lobbi işimiz müharibədəki qələbəni siyasi arsenalda davam etdirə bilirmi? Bu siyasətimizdə hansı boşluqlar var?
 Çingiz Qənizadə prezidentin təşəbbüsünə qoşuldu
Çingiz Qənizadə 
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, əslində dövlətlər, o cümlədən müxtəlif təşkilatlar beynəlxalq hüquq normalarına hörmət etsələr, lobbi işinə heç ehtiyac qalmaz. Onun fikrincə, məruzəçilər ayrılmalıdır, ortaya faktları qoymalıdırlar və buna əsasən sənədlər qəbul olunmalıdır.
Ç.Qənizadə hesab edir ki, bütün bunlar olmayanda meydana qərəzli hesabatlar çıxır: “Bu cür qətnamələr göstərir ki, biz beynəlxalq təşkilatlarla, parlamentarilərlə işimizi artırmalıyıq. Bu fəaliyyət səfirliklər, lobbiçilik işi səviyyəsində olmalıdır. Eyni zamanda Milli Məclisdəki həmin sahə ilə bağlı komitələrin üzvü olan deputatların fəal rolu olmalıdır”.
Hüquq müdafiəçisinin sözlərinə görə, Azərbaycan 44 günlük müharibə ilə həm döyüş meydanında, həm diplomatiyada zəfər əldə edib: “Amma biz bu qələbədən eyforiyaya qapıla bilmərik. Ona görə lobbiçilik müstəvisində, həmçinin səfirlik və nümayəndəliklər səviyyəsində haqq işimizi davam etdirməliyik ki, belə qətnamələrin qəbulunun qarşısı alınsın”.
Ç.Qənizadənin fikrincə, AŞ PA-da qəbul edilən qətnaməyə görə nümayəndə heyətini qınamaq olmaz: “Özüm də nümayəndə heyətinin tərkibində olmuşam. Bizim parlamentarilər kifayət qədər cəhdlər edir, əlaqələr qurur, çalışırlar, amma beynəlxalq təşkilatlarda tərəf saxlayırlar, tərəfsiz olmalıdırlar. Avropa Şurasında da bu cür qərəz var, ermənini sevən, xristian olduğu üçün erməniyə qucaq açan parlamentarilər var. Ona görə heç cür Türkiyə və Azərbaycana münasibətdə obyektiv ola bilmirlər”.
Həmsöhbətimiz deyir ki, erməni lobbisi parlamentin içində iş aparmır: “Ora gələn deputatlar artıq öz ölkələrindən hazır vəziyyətdə gəlirlər. Bizim nümayədə heyəti onlardan 10-15 faizini zərərsizləşdirə bilirsə, bu da böyük işdir. Amma Niderland, Almaniya və başqa ölkələrdən gələnlər olur, onlar digərlərini yönləndirirlər. Erməni lobbisi heç o qədər iş aparmayıb, sadəcə, o deputatların Ermənistana bağlantısı, yaxud sevgisi olur. Əgər Ermənistan xristian ölkəsi olmasaydı, onun təəssübünü belə çəkməzdilər. Ona görə bununla Avropa Şurası öz nüfuzuna xələl gətirir, ona olan inamı sarsıdır”.
Emil SALAMOĞLU