BolgeXeber.Com » Siyasət » Müstəqilliyimiz Əbədidir

Müstəqilliyimiz Əbədidir

14-10-2021, 13:24
Oxunub: 2 624 XX əsrin sonunda yaranmış tarixi şərait Azərbaycana öz dövlət müstəqilliyini bərpa etmək imkanı verdi. Dövlət müstəqilliyinin bərpası ilə bağlı 1991-ci il oktyabrın 8-də başlanan Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında müzakirələr 4 gün davam etməklə, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilməsi ilə yekunlaşdı.
Yenicə öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikasını müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Respublikası sonra Rumıniya, Pakistan, İsveçrə, İran, ABŞ, Rusiya və başqa dövlətlər tanıdı. Ölkəmiz müstəqil dövlət kimi 2 mart 1992-ci ildə BMT-yə üzv qəbul edildi.
Dövlət müstəqilliyimizin bərpa edilməsi yaranmış şəraitdə Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində mümkün oldu. Bu müstəqillik ölkəmizin ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edildi. 70 il ərzində Azərbaycanın da daxil olduğu Sovetlər birliyinin dağılması, Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə şəraiti müstəqilliyimizin bərpasına böyük təhlükə törətməkdə idi.
Müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. Öz müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan yenidən onu itirmək təhlükəsinə ilə üzləşdi. Bir tərəfdən ölkəmizə qarşı ərazi iddiaları ilə işğalçılıq siyasətinə başlayan Ermənistan silahlı qüvvələrinin geniş miqyasda başlatdığı Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyindəki səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması məhz bu müstəqilliyin sonunu gətirməkdə idi. Azərbaycan xalqı bütün bu olanları çox yaxşı anlayaraq yenicə qazanılmış müstəqilliyi qorumaq üçün daha bir doğru qərar verdi. Müdrik Azərbaycan xalqının tələbi ilə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Ulu öndər Heydər Əliyev ölkəmizdə ardıcıl islahatlar həyata keçirməklə yanaşı, tez bir zamanda Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin əldə edilməsinə nail olduqdan sonra ölkəmizin iqtisadiyyatının dirçəldilməsi üçün böyük addımlar atdı. Dünyanın nüfuzlu şirkətlərinin, xüsusən böyük neft şirkətlərinin Azərbaycandakı karbohidrogen resurslarının işlənməsinə cəlb olunması dayanıqlı inkişafın əsasını qoydu. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu elan etdi.
Bu gün ölkəmizdə Ulu Öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və qətiyyətli siyasəti Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsinə xidmət edir. Azərbaycan hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır. Tarix boyu Azərbaycan xalqı müstəqilliyini və ərazi bütövlüyünü qorumaq üçün oğul və qızlarımız qəhrəmancasına vuruşmuş, həyatlarını qurban vermişlər. Buna görə müstəqilliyimizi qorumaq, onu daim müdafiə etmək hər birimizin məsuliyyəti və ən müqəddəs borcudur.
2020-ci il sentyabr ayının 27-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı törətdiyi növbəti təxribata cavab olaraq əks-hücumla başlanan 44 günlük Vətən müharibəsi bir daha bütün dünyaya Azərbaycan xalqının birliyini, onun müstəqillik və
ərazi bütövlüyünün toxunulmaz olsuğunu sübut etdi. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və onun siyasi kursunun layiqli davamçısı cənab Preizdent İlham Əliyev tərəfindən uğurla həyata keçirilən uzaqgörən və qətiyyətli siyasət tarixi ədaləti bərpa etməklə 30 illik işğala son qoydu. Müstəqil Azərbaycan Respublikası suveren hüququndan istifadə edərək öz ərazi bütövlüyünü bərpa etməklə regionda yeni reallıq yaratmış oldu.
Bu günlərdə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Uzunmüddətli perspektivdə bu, azərbaycanlıların tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdışı perspektivi üçün əsasları daha da gücləndirəcəkdir.
Elmir Məmmədov YAP Bərdə rayon təşkilatının məsləhətçisi