BolgeXeber.Com » Siyasət » Türkiyənin dəstəyi Qələbəyə olan inamımızı daha da artırmışdır

Türkiyənin dəstəyi Qələbəyə olan inamımızı daha da artırmışdır

16-11-2021, 16:38
Oxunub: 2 456 Türk xalqlarının birliyi bu gün dünya siyasi arenasında ən diqqətçəkən,aktual məsələlərdən biridir. Heç təsadüfi deyil ki , XX əsrin əvvəllərindən etibarən türkdilli xalqlar anlayışı siyasi məna kəsb etməyə başladı.Türk xalqlarının vəhdəti onların müstəqillik əldə etməsi ilə paralel inkişaf etmişdir. Beləliklə , XX əsrin sonlarına doğru Azərbaycan və Mərkəzi Asiya ölkələrinin müstəqilləşməsi prosesi tamamlandı. Bundan sonra proseslər belə oldu ki, türkdilli dövlətlər öz müstəqilliklərini qorumaq şərtilə ümumi türk dünyasına qovuşmaq üçün bir biriləri ilə fəal şəkildə əməkdaşlığa başladılar.
Bu gün dünyada örnək siyasi- iqtisadi birlik kimi tanınan Türkdilli Dövlətlər Şurası formalaşana kimi çətin, məşəqqətli yol keçmişdir. İlk illər Türk xalqları daha çox öz müstəqilliklərini qorumaq, hifz etmək üçün çabalamışlar.Ancaq həmişə birləşmək ideyası hər bir türk xalqının arzusu olmuşdur. Birləşmək üçün atılan ilk addımlar daha çox mədəni xarakter daşıyırdı. Əvvəllər emosional birliyə can atan türk xalqlarının həm də siyasi – iqtisadi vəhdəti məsələsi ilk olaraq Türkdilli dövlətlərin önəmli tarixi - siyasi siması, Ulu öndər Heydər Əliyev tərəfindən qaldırılmışdır. Mənəvi birlik zamanla, hər bir türk dövləti öz dövlətçiliyini formalaşdırdıqca siyasi- ideoloji hal almağa başladı.Yaradılmış mədəni birliyin əsas nümunəsi – TÜRKSOY 90-cı illərin əvvəlindən etibarən türk xalqlarının mədəni birliyini müdafiə edən və onun inkişafını təmin edən müəssisə olmuşdur. Daha sonrakı illərdə Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) yaradıldı ki , bu bir az daha diplomatik əlaqələr qurulması, siyasi dəstək ötürülməsi baxımından mühim addım idi. Parlamenti təşkil edən deputatlar xalqı təmsil etdiyi üçün bu qurum türk xalqlarını bir addım daha yaxınlaşdırdı. 1992- ci ildə keçirilən Zirvə toplantısından sonra türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin, işbirliyinin möhkəmləndirilməsində əsaslı dəyişikliklər baş verdi. Bərabərlik prinsipinə əsaslanan əlaqələrin gücləndirilməsi, iqtisadi və sosial inkişafın sürətləndirilməsi baxımından böyük irəliləyişlər əldə edildi. Naxçıvan Zirvə Görüşündən sonra bir çox önəmli qərarların qəbulu, ölkələr arasında mədəni,siyasi- iqtisadi birliyin qüvvətlənməsi heç təsadüfi deyil ki sonrakı tarixlərdə daha qurumsal addımlarla nəticələndi. Və artıq oktyabrın 3- ü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası günü kimi qeyd olunmağa başladı. Naxçıvan Zirvə toplantısında qəbul edilən bəyannamədən sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması xalqların vəhdətini daha da gücləndirmiş,Şura beynəlxalq hökümətlərarası təşkilat kimi türkdilli xalqlara böyük töhfələr vermişdir. Türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək məqsədilə özündə bir sıra missiyaları ehtiva edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edir. Regionda və dünyada sülhün bərqərar edilməsi;
xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi; beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi; ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsas fəaliyyət prinsipinə çevrilmişdir. Bu gün türk xalqları arasında geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi; elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi; hüquqi məlumatların mübadiləsinin, hüquq sahəsində əməkdaşlığın qüvvəıtlənməsi Şuranın nə qədər mühim siyasi əhəmiyyət kəsb etdiyini ortaya qoyur. Sonrakı illərdə TÜRKSOY Fondunun yaradılması türk xalqları arasında mədəni münasibətlərin həm də maddi baxımdan dəstəklənməsi üçün Cənab Prezident İlham Əliyevin təşəbbüsüdür. Fondun məqsədi dünya sivilizasiyasının inkişafına əhəmiyyətli töhfə vermiş zəngin türk mədəni irsini qorumaq, tədqiq etmək və dəstəkləməkdir. Bu qərara əsasən yaradılmış Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu uğurla fəaliyyət göstərir və qurumun mənzil qərargahı Bakı şəhərində yerləşir.
Türkdilli dövlətlərin hal – hazırki gücü bütün təmsilçi dövlətlərin iqtisadi gücünü də artırmışdır. Hətta Şuraya yeni dövlətlərin də daxil olması qurumun nüfuzunu ortaya qoyur. Ən son Özbəkistanın Şura üzvləri sırasına daxil olması qurumun əhəmiyyətli dərəcədə güclənməsinə səbəb olmuşdur.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üçüncü Zirvə toplantısının 2013-cü ildə Qəbələ şəhərində keçirilməsi TDƏŞ-in tarixində mühüm əlamətdar hadisə olaraq qaldı. Naxçıvandan sonra türkdilli dövlət başçılarının Qəbələdə toplanması həm də qardaş ölkələr arasında Azərbaycana olan etimadın, Prezident İlham Əliyevin apardığı səmərəli və əhəmiyyətli siyasətin nəticəsidir. Həmin zirvə toplantısında çıxışında Naxçıvanda Türk Şurasının yaradılmasını xatırladan Prezident İlham Əliyev bu qurumun türk xalqları və dövlətləri üçün əhəmiyyətini belə vurğulamışdır: “Bizim xalqlarımızı ortaq tarix, mədəniyyət, müştərək dəyərlər birləşdirir. Əsrlər boyu bizim xalqlarımız bir-biri ilə sıx əlaqədə olmuşdur, əməkdaşlıq etmişik, bir yerdə yaşamışıq, bir-birimizə dayaq, arxa olmuşuq. Bu gün isə müstəqil dövlətlər kimi biz bütün məsələlərdə bir yerdəyik, bir yerdə olmalıyıq. Hesab edirəm ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının başlıca vəzifəsi xalqlar və ölkələr arasındakı birliyi daha da möhkəmləndirməkdir. Biz ikitərəfli formatda çox uğurlu fəaliyyət göstəririk. İqtisadi sahədə gözəl əməkdaşlıq aparılır, beynəlxalq aləmdə, beynəlxalq təşkilatlarda ölkələrimiz daim bir-birinə dəstək, arxa olur və bu da təbiidir. Çünki qardaş xalqlar bir-birinin yanında olmalıdırlar”.
Azərbaycanın bu qurumda təmsil olunması ,dövlətçilik ənənəmizin təbliği və mövcud demokratik gücümüzün nümayişi baxımından önəmli hadisədir. Azərbaycan əsrlər boyu türk xalqları ilə hər daim birlik, xoş münasibət nümayiş
etdirmişdir. Xüsusilə Türkiyə ilə olan qardaşlıq, dostluq münasibəti nəinki türx xalqları arasında həmçinin dünya xalqları üçün də örnək təşkil etmişdir. Ölkəmizin coğrafi mövqeyi, təbii – maddi sərvətlərlə olan zənginliyi ,tarixi dövlətçilik prinsipləri digər türk dövlətlər üçün Azərbaycanı maraq dairəsinə çevirmişdir. Ulu Öndər Heydər Əliyevin yeritdiyi uğurlu siyasətin bəhrəsi ölkəmizi tərəfdaşlığa hazır vəziyyətə gətirmişdir. Ulu Öndər tez- tez vurğulayırdı ki, türk xalqları tarixən qərbin, xristian lobbisinin məhdudlaşdırılmalarına, təzyiqlərə baxmayaraq onları birləşdirən ülvi hisslərin qiymətini bilməli, qurulan hər bir türk dövlətinin öncül vəzifəsi türkçülük prinsiplərini təbliğ-təşviq etmək üçün xalqların vəhdəti naminə əlindən gələni əsirgəməməlidir.
Azərbaycanın əməkdaşlıq bazasında böyük irsə sahibliyi ,Türkiyə ilə olan nümunəvi münasibəti Şura üçün xüsusi əhəmiyyət kəsb etmişdir. Ona görədir ki , II Qarabağ müharibəsində Azərbaycan öz haqlı davasında ilk olaraq Türkdilli dövlətlər tərəfindən dəstək görmüşdür. Türkiyə öz siyasi- ideoloji qüdrətiylə bütün dünyaya açıq şəkildə mövqeyini nümayiş etdirdikdən sonra digər türkdilli dövlətlərin də ölkəmizə mənəvi dəstəyi göstərildi. Sonuncu Zirvə görüşünün mərkəzi İstanbul şəhəri seçilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir. Qərarı Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev imzalayıblar.
Ali Orden dövlətimizin başçısına 2021-ci il noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilib.
Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasət öz bəhrəsini verir , Azərbaycan bu gün həm dünya dövlətləri arasında həm də Türkdilli dövlətlər arasında önəmli layihələrə sahiblik edir, öz gücü ilə söz deməyi bacarır. Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilmişdir. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etmişdir.
Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur. Möhtərəm Prezidentimiz İlham Əliyev həmçinin qeyd etdi ki,Türk dünyasının mərkəzində dayanan güclü Türkiyə dövlətidir.Ölkələrimiz arasındakı birlik, həmrəylik, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulmuş əlaqələr daha da möhkəmlənəcək.Türkiyə son illər ərzində dünya miqyasında güc mərkəzinə,həmçinin təkcə bölgədə yox, dünya miqyasında söz sahibinə çevrilmişdir. Türkiyənin siyasi, iqtisadi, hərbi gücü indi bütün dünyaya məlumdur. Türk dövlətlərin birgə gələcəyi üçün çox möhkəm zəmin var, möhkəm təməl var. Bu, ortaq köklərimizdir, dilimizdir, dinimizdir və ortaq maraqlarımızdır.
Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda, bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb.
Türkan Şadlinskaya – Bərdə rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi.