BolgeXeber.Com » Siyasət » Milli Şura bu gün vahid namizəd seçir

Milli Şura bu gün vahid namizəd seçir

23-08-2013, 10:00
Oxunub: 4 067 Bu gün Cəmil Həsənli Milli Şuranın yeni vahid namizədi elan olunacaq

Milli Şurada qalmaqal; ziyalılar 4 partiyaya üsyan etdi

Şuranın 16 üzvü partiyanın mövqeyinə qarşı çıxdı, qurumun sessiyasının vaxtı dəyişdirildi

Seçki gününə vaxt azaldıqca Demokratik Qüvvələrin Milli Şurası hələ vahid namizəd və vahid ehtiyat namizədliyi ətrafında böhrandan qurtula bilmir. Dünən qurumun 16 üzvü müraciətlə çıxış edib. Müraciətdə bildirilir ki, son iki sessiyada qurumun üzləşdiyi yeni vəziyyət, yəni prezidentliyə vahid namizəd Rüstəm İbrahimbəyovun seçkidə iştirakı ilə bağlı problemin ortaya çıxması müzakirə edilib və əksəriyyət Milli Şuranın seçkiyə vahid namizədlə getməsi barədə mövqe bildirib. Bu mövqe 19 avqust tarixli sessiyada keçirilən müzakirələrdə və səsvermədə də özünü açıq şəkildə göstərib.

AXCP və Müsavat Partiyası, ziyalılar, gənclər, hətta rəhbərləri əks mövqe sərgiləyən digər partiyaların təmsilçiləri də ehtiyat vahid namizəd konsepsiyasını dəstəkləyiblər və hesab ediblər ki, yeni namizəd təcili müəyyənləşməli, Rüstəm İbrahimbəyovun seçkidə iştirakı reallaşmayacağı halda Milli Şura yeni vahid namizədlə seçkidə iştirakını hökmən təmin etməlidir. Bizim mövqeyimizə görə, digər yol, yəni quruma daxil olan təşkilatların öz namizədləri ilə seçkiyə getməsi Milli Şuranın fəlsəfəsinə, prinsiplərinə və məramına uyğun deyil. Eyni zamanda bu yol seçkidə uğur vəd etmir və Milli Şuranın özünün mövcudluğunu təhlükə altına salır:

“Milli Şura vaxt itirmədən yenidən toplanmalı və ehtiyat vahid namizədin kimliyi barədə qərar verməli idi. Çünki seçkidə iştirakı təmin etmək üçün çox az vaxt qalıb və itirilmiş hər gün bizi uğursuzluğa yaxınlaşdırır. Lakin avqustun 21-də Milli Şuranın gözlənilən sessiyası baş tutmadı və qurumda iştirak edən siyasi partiya rəhbərləri növbəti sessiyanın avqustun 26-da keçirilməsi barədə razılığa gəldilər. Biz sessiyanın bu qədər ertələnməsini vaxt azlığına və qeyri-müəyyənliyin davam etməsinə görə çox təhlükəli və olduqca riskli hesab edirik. Bu yanlış razılaşmanı müzakirə edərkən qurumun müstəqil üzvlərinin - ziyalıların, vətəndaş cəmiyyəti fəallarının, gənclər təşkilatlarının və hətta bəzi siyasi partiyaların iştirakının təmin edilməməsini də pisləyirik”. Müraciətə imza atanlar hesab edir ki, onlar EL Hərəkatı, ACP, ALP və KXCP-nin bu məsələdə tutduğu mövqeyi qınayır və anlamırlar…Biz Milli Şuranın növbəti sessiyasının avqustun 26-da keçirilməsini ciddi gecikmə hesab edirik, eyni zamanda həmin gün də qəti qərarın veriləcəyinə əmin deyilik. Biz dəyərli Milli Şura üzvlərini xalqımız qarşısında üzərimizə götürdüyümüz çətin və şərəfli missiyanın məsuliyyətini dərk etməyə, Milli Şuranı seçkidən və siyasi proseslərdən kənar vəziyyətə salan duruma son qoymağa çağırırıq. Əks halda itirəcəyimiz etimadı bərpa etməyimiz çətin olacaq”.

Müraciətə imza atanlardan Namizəd Səfərov bildirdi ki, qurumun hər gün işləməsini vacib sayır «Hesab edirəm ki, sessiya avqustun 26-da yox, daha tez keçirilməlidir. Hazırda gündəmdə Milli Şura ətrafında müzakirələrdir, ona görə sessiyalar arası fasilənin 6 gün olması düzgün deyil”. N.Səfərov müraciətlərinə baxılacağı barədə suala belə cavab verdi: “Doğrusu, müraciətin kimə ünvanlanması məlum deyil, biz sadəcə olaraq fikirlərimizi yaymışıq və sessiyanın gecikməsinin məqsədəuyğun olmadığını düşünürük”.

Sənədə imza atanlardan “Azad Gənclik” Təşkilatının İdarə Heyətinin üzvü Ülvi Həsənlinin sözlərinə görə, bir neçə səbəbdən belə bir müraciətə zərurət yarandı: “Birincisi Milli Şuranın çox ciddi bir yolayrıcında olduğundan. Hansı ki, artıq gün və saat itkisi ölkənin, insanların taleyinə ciddi təsir edə bilər, Milli Şuranın seçkilərdə iştirakı sual altına düşə bilər. Biz - ziyalılar, gənclər, bəzi siyasi partiya üzvləri son sessiyada fikirlərimizin səsləndirilməsinə baxmayaraq, 21 avqustda bizləri nəzərə almadan bəzi siyasi partiya liderləri təkid edərək ehtiyat vahid namizədin müəyyənləşdirilməsi üçün çağırılacaq sessiyanın vaxtını çox uzatdılar. Yəni 26 avqusta təyin etdilər. Bunu da heç bir ciddi arqumentlə əsaslandırmadılar. Əgər qərarlar qəbul ediləndə ancaq siyasi partiya rəhbərlərini razılığı alınsaydısa, bizi niyə Milli Şurada görmək istəyirdilər? Biz bir neçə sessiyada təklif etmişdik ki, idarə heyəti yaradılmalı və təkliflər, qərarlar orda müəyyənləşib sessiyalarda təsdiqlənməlidi. Amma indiyə qədər belə bir qurum yaradılmayıb və indi də həlledici məqamda belə qeyri-müəyyənlik yaranıb. Milli Şuranın eytiyat vahid namizədinin müəyyənləşməsi 26 avqusta qalıb. Ona qədər olan vaxt da çox ciddi zaman sərfidi”.

Müraciət yayıldıqdan sonra Milli şuranın komissiya rəhbərləri ilə qurumun icra aparatının rəhbəri Eldar Namazov arasında görüş olub. Onlar E.Namazovu və partiya rəhbərlərini kəskin tənqid edərək nəyə görə vaxtı uzatdıqlarını soruşublar və səhər günə sessiyanın təyin olunmasını tələb ediblər. İcra aparatının rəhbəri tələblər qarşısında geri çəkilib və partiya sədrləri ilə danışdıqdan sonra MŞ sessiyası avqustun 23-ə təyin olunub. Bu gün professor Cəmil Həsənli MŞ yeni vahid namizədi elan olunacaq və boş qalan komissiyalara rəhbərlər təyin olunacaq. Rüstəm İbrahimbəyovun da Cəmil Həsənlinin namizədliyi ilə bağıl MŞ üzvlərinə müraciət edəcəyi gözlənilir.