BolgeXeber.Com » Siyasət » Prezidentliyə namizədlərin tərcümeyi halları

Prezidentliyə namizədlərin tərcümeyi halları

13-09-2013, 09:45
Oxunub: 3 963 Seçki günü yaxınlaşdıqca prezidentliyə namizədlər arasında rəqabət şübhəsiz daha da güclənəcək. Mərkəzi Seçki Komissiyası (MSK) hələ ki, 9 nəfəri prezidentliyə namizəd kimi rəsmən qeydə alıb.

Prezidentliyə namizədə irəli sürülən tələblərdən biri onun ali təhsilli olmasıdır. Seçicilər üçün isə bu tələbdən başqa səs verəcəyi namizədin hansı ixtisas sahibi olması, habelə hansı əcnəbi dilləri bilməsi də maraqlıdır.

Bolgexeber.com bildidrir ki,modern.az saytı seçicilərin marağını nəzərə alaraq namizədlər haqda məlumatlar toplayıb.

Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin tərcümeyi-halı əslində geniş ictimaiyyətə məlumdur. Amma yenə də xatırladaq ki, o, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) məzunudur. Prezident İlham Əliyev 1977-ci ildə MDBMİ-ni bitirdikdən sonra bu ali məktəbin aspiranturasına qəbul olub, 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsi alıb. O, bu ali təhsil müəssisəsində dərs də deyib. Tarixçi İlham Əliyev rus, ingilis, fransız və türk dillərində sərbəst danışır.

Prezidentliyə namizədlərin əsas rəqiblərindən biri, Milli Şuranın vahid namizədi Cəmil Həsənli də ixtisasca tarixçidir. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsini bitirib. Tarix elmləri doktoru, professor Cəmil Həsənli rus və ingilis dillərində sərbəst danışır.

Hüquq elmləri doktoru, professor, Ədalət Partiyasının sədri İlyas İsmayılov 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1963-cü ildə Leninqrad Dövlət Universitetinin cinayət-hüquq kafedrası üzrə aspiranturasına daxil olub, 1966-cı ildə orada hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. Sonralar hüquq elmləri doktoru alimlik dərəcəsi alıb. Hüquqşünas rus və məişət səviyyəsində alman dilini bilir.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev elmlər namizədidir. O, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının zoomühəndis fakültəsini bitirib. Rus, türk, qismən də ingilis dilində danışdığını deyən prezidentliyə namizəd Modern.az saytına erməni dilində də sərbəst danışdığını etiraf etdi: “Ermənistanda böyüdüyümdən erməni dilində sərbəst danışa bilirəm”.

Ümid Partiyasının sədri, prezidentliyə namizəd İqbal Ağazadə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini və Kiyev Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hüquqşünas rus, fars və ingilis dillərini bilir.

Prezidentliyə namizədliyini irəli sürən gündən bir çoxlarının tənqidinə tuş gələn millət vəkili Zahid Oruc 1989-cu ildə Azərbaycan Texniki Universitetinin yetirməsidir. Ehtiyatda olan zabit rus, türk və ingilis dillərini bilir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından prezidentliyə namizədliyini irəli sürən deputat Qüdrət Həsənquliyev 1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Partiya sədrinin köməkçinin dediyinə görə, həmkarları kimi Qüdrət Həsənquliyev də bir neçə xarici dil bilir. Belə ki, hüquqşünas rus və ingilis dillərində sərbəst danışır.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev 1986-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini bitirib. İxtisasca həkim olan Fərəc Quliyev sonlara əlavə hüquq təhsili alıb.

Azərbaycan Sosial-Demokrat partiyasının sədri Araz Əlizadə 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Araz Əlizadə rus və fars dillərini bilir.

REAL hərəkatının sədri, hazırda həbsdə olan İlqar Məmmədov prezidentliyə namizədliyini irəli sürüb, amma hələ qeydə alınmayıb. O, Lomonosov adına Moskva Dövlət Universitetinin tarix və Budapeştdə Mərkəzi Avropa Universitetinin siyasi elmlər fakültəsini bitirib. Həm siyasətçi, həm də tarixçi olan İlqar Məmmədov rus və ingilis dillərini bilir.
İxtisasça məhkəmə-tibb eksperti olan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da hələ namizəd kimi qeydə alınmayıb, amma sənədlərinə baxılır. Sərdar bəy ana dilinə yaxın olduğu üçün türk dilində də sərbəst danışdığını deyir. ADP sədri rus dilində yazıb-oxuduğunu desə də, həmin dili yüksək səviyyədə bilmədiyini bildirib.