BolgeXeber.Com » Siyasət » Bu gündən prezidentliyə namizədlərin təbliğat kampaniyası başlayır

Bu gündən prezidentliyə namizədlərin təbliğat kampaniyası başlayır

16-09-2013, 10:50
Oxunub: 3 940 MSK efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirəcək

Bu gündən etibarən Azərbaycanda prezident seçkilərində iştirak etmək üçün Mərkəzi Seçki Komissiyası tərəfindən namizədliyi qeydə alınmış şəxslərin təbliğat-təşviqat kampaniyası başlayır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 75.2-ci maddəsinə uyğun olaraq səsvermə gününə 23 gün qalmış başlanır. Kampaniya oktyabrın 8-də saat 8.00-da başa çatacaq.

İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ödənişsiz əsaslarla Seçki Məcəlləsinin 80.5-ci maddəsində nəzərdə tutulduğundan (həftədə azı 3 saat) 2 dəfə artıq (həftədə 6 saat) efir vaxtı ayrılıb. Efir vaxtı təqdim etmiş qurumun imkanları daxilində həftənin 1-ci, 3-cü və 5-ci günləri saat 21.00-dan başlamaqla, hər dəfə 1 saat olmaqla radioda, həftəlik cəmi 3 saat müddətində, 2-ci, 4-cü və 6-cı günlər isə TV-də saat 19.00-dan başlamaqla hər dəfə 1 saat olmaqla, həftəlik cəmi 3 saat müddətində istifadəçilərə təqdim edilməsinə dair Mərkəzi Seçki Komissiyası ilə həmin qurum arasında razılığa gəlinib.

Bu gün həmçinin efir vaxtının bölgüsü məqsədilə püşkatma da keçiriləcək.

Xatırladaq ki, prezident seçkisi oktyabrın 9-da keçiriləcək. MSK seçkidə iştirak etmək üçün 10 nəfərin namizədliyini qeydə alıb. Bunlar hazırkı prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Milli Məclisin deputatı Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Milli Şuranın namizədi Cəmil Həsənli, Ədalət Partiyasının sədri İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının Sərdar Cəlaloğludur.