BolgeXeber.Com » Siyasət » Cəmil Həsənli xalq üçün ölümə hazır olduğunu bəyan etdi

Cəmil Həsənli xalq üçün ölümə hazır olduğunu bəyan etdi

21-09-2013, 08:50
Oxunub: 4 028 Mətbuat konfransı keçirən Milli Şura namizədi yeni önəmli açıqlamalar verdi; “Hakimiyyətin seçki strategiyasını dağıtdıq”; “Birinci debatdan az öncə mənə YAP rəhbərliyinə daxil yaxın dairələrdən məlumat gəlmişdi ki, Əli Əhmədov sizin əleyhinizə debata sənəd gətirir və sənəddə məqsəd nədən ibarət olacaq”
Sentyabrın 20-də Milli Şuranın prezidentliyə vahid namizədi, professor Cəmil Həsənli RATİ-də mətbuat konfransı keçirdi. Öncə Cəmil Həsənlinin mətbuat katibi Oqtay Gülalıyev mətbuat konfransının formatında dəyişiklik edildiyi barədə məlumat verdi və bildirdi ki, Cəmil Həsənlinin təbliğat-təşviqat materiallarının, həmçinin saytının təqdimatı da nəzərdə tutulub. Sonra Cəmil Həsənli sentyabrın 19-da İTV-də prezidentliyə namizədlərin debatında baş verən hadisə ilə bağlı danışdı. Prezidentliyə namizəd dedi ki, əslində İTV-də debatda nə baş verdiyinə əlavə şərhə ehtiyac yoxdur: “Baş verənlər hamısı xalqın gözü qarşısında oldu. Düzünü deyim ki, bütün bunları gözləyirdik.
Bütün bunlar bizim üçün gözlənilməz deyildi. Prezident seçkilərinə sənəd vermiş namizədlərin qeydiyyat mərhələsindən sonra artıq mənzərə bəlli oldu ki, kimlər namizəd kimi seçkidə iştirak edəcək. Biz əvvəldən bu fikirdəyik, baş verən hadisələr də bizim fikrimizi təsdiq etdi ki, bu namizədlərin bir hissəsi, sadəcə olaraq, orada bizə qarşı hakimiyyətin pozuculuq fəaliyyətinin tərkib hissəsidir. Mən sizin qarşınızda bəyan edirəm ki, Azərbaycan hakimiyyəti elə vəziyyətdədir 6 dəqiqəlik televiziya çıxışına belə dözümü yoxdur. Baxmayaraq ki, bu 6 dəqiqə çox gərgin bir şəraitdə keçir və tamamilə mənasız bir formada təşkil olunub, debat anlayışı burda yoxdur. Totalitar qaydada təşkil olunan debatlardır. Düzünü deyim ki, buna debat da deməyə adamın dili gəlmir. Bütün siyasət ona yönəlib ki, seçicinin seçkidən, real namizədlərdən xəbəri olmamalıdır və ölkədə heç bir seçki maarifçiliyi getmir. Məlum olduğu kimi, 4 aylıq seçki kampaniyası iki aya endirilib. 60 günlük təbliğat müddəti isə 21 günə endirilib. Əslində ölkəmizdə demokratiyanın limiti üç dəfə aşağı salınıb”.
Cəmil Həsənli bildirdi ki, efirdə birinci çıxışından sonra ölkədə yeni siyasi şərait yaranıb: “Hakimiyyətin seçki texnologiyasının yararsızlığı üzə çıxdı. Hakimiyyət bu seçki texnologiyalarına milyonlarla manat vəsait sərf edir. Öz aləmlərində xüsusi strategiya hazırlayıblar. Məlum oldu ki, 6 dəqiqəyə bu strategiyanı darmadağın etmək olar. Bizim birinci debatımızda bu mənzərə göz qabağında idi. Onlar bütün vasitələrlə prosesləri o müstəviyə yönəltməyə çalışırdılar ki, Cəmil Həsənli ziyalıdır, alim adamdır və ilkin strategiya bundan ibarət idi ki, imkan daxilində ənənəvi müxalifət tənqidin ön hədəflərində olsun və Cəmil Həsənliyə yumşaq münasibət olsun. Amma ehtiyat tədbir də görmüşdülər. Birinci debatdan az öncə mənə YAP rəhbərliyinə daxil yaxın dairələrdən məlumat gəlmişdi ki, Əli Əhmədov sizin əleyhinizə debata sənəd gətirir və sənəddə məqsəd nədən ibarət olacaq. Mənim bütün həyatım şəffaf olub, cəmiyyətin gözünün qarşısında olub. Əminliklə deyirəm, Azərbaycan qanunlarını pozan heç bir hərəkətə yol verməmişəm. Sadəcə olaraq, hələ 1987-ci ildə mənim sol gözümdə görmə fəaliyyəti ciddi şəkildə aşağı düşdüyü üçün Moskvada Svyatislav Fyodorovun institutunda Fyodorovun özü tərəfindən cərrahiyə əməliyyatı etdirmişəm. Bu, o zamanlar idi ki, Fyodorov büllur təbəqəsinin və süni büllur təbəqəsinin qoyulması metodikasını işə salmışdı. Mənim sol gözümə süni büllur təbəqəsi qoyulanda xəbərdarlıq edildi ki, bunun müddəti 10 ildir. 10 ildən sonra dəyişdirilməlidir. Hadisələr elə gətirdi ki, həmin 10 il müddətində məndə şəkər əlamətləri meydana gəldi və müddət tamam olanda həkimlər gözümdəki süni büllur təbəqəsini dəyişdirməyi məsləhət bilmədilər. Bunun nəticəsində sol gözümün görmə qabiliyyəti zəifləməyə başladı. Ancaq Allah imkan verdi ki, sağ gözüm tam sağlamdır. Mən öz hüququmdan yararlanmaq istədim və həkim komissiyasına müraciət etdim. Məni gözümün yoxlanılması üçün göndərdilər Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzinə. Respublikada göz xəstəlikləri üzrə bu mərkəzdən üstün instansiya yoxdur. Gözümü hərtərəfli yoxladılar və nəticə etibarilə sol gözümün vəziyyəti haqqında mərkəzin tibbi rəyi verildi. Mən heç vaxt birinci və ikinci dərəcəli əlil olmaq iddiasında olmamışam. Amma Azərbaycan qanunvericiliyində üçüncü dərəcə də var. Bu üçüncü dərəcə əmək qabiliyyətli dərəcədir. Ona görə də Konstitusiya və Seçki Məcəlləsi üçüncü dərəcəli əlilliyi olan təqaüdçülərin seçkilərdə iştirakın məqbul bilir. MSK bizim sənədləri qəbul edəndə bütün bunların hamısını saf-çürük edib”.
Cəmil Həsənli dedi ki, İlqar Məmmədovun imzalarının saxta çıxarılıb, saxtakarlıq simvolu olan Hafiz Hacıyevin sənədlərinin düz çıxarılması Azərbaycan cəmiyyətinin acınacaqlı gerçəkliyidir: “Hafiz Hacıyevin sənədləri Prezident Administrasiyasından birbaşa MSK-ya göndərilmişdi. Prezident Administrasiyasından verilən tapşırıq əsasında onun imzaları topladılmışdı. Prezident Administrasiyasında bilavasitə kimlərin bu işdə iştirakı bizə məlumdur. Bu tapşırığının kimin tərəfindən verilməsi də bizə məlumdur. Yeri gəlmişkən, deyim ki, Prezident Administrasiyasının rəhbər işçilərinin hamısı bu məsələdə həmrəy deyildilər. Bunun əleyhidarları da var idi. Amma rejimin mahiyyəti belədir ki, bunlar bütün çirkabdan istifadə etmək istəyirlər. Bunların bir çirkab vedrəsi var, yanlarında gəzdirirlər istənilən adamın üzərinə tökməkdən ötrü. Namizədlərin efirdə birinci çıxışında mənzərə aydın oldu. Biz onların yuxarıda dediyim seçki texnologiyalarını dağıtdıq. Hakimiyyətə iddialı olduğumuzu ortaya qoyduq. Biz gerçək müxalifət olduğumuzu ortaya qoyduq. Biz bütövlükdə Milli Şuranın namizədindən xalqın namizədinə çevrilmək taktikası ilə çıxış etdik. Mən özümə aid olan arayışı debata apardım, ancaq təəssüflər olsun ki, YAP nümayəndələri dünyanın müxtəlif internet saytlarında, qəzetlərində açıqlanmış bank hesabları haqqında cavab verə bilmədilər. Ona görə də onlar mənim xalqa hədəflənmiş səsimi boğmaq taktikasına keçdilər. Debatda törədilən təxribat buna yönəlmişdi. Yeri gəlmişkən, bəyan edirəm ki, mən kimliyindən asılı olmayaraq insanların, konkret olaraq namizədlərin ailə həyatına müdaxilə etmək fikrində deyildim. Lakin hakimiyyət tərəfindən məqsədli şəkildə bu seçki kampaniyasına daxil edilmiş Hafiz Hacıyev mənim ailə həyatıma müdaxilə etdikdən sonra mən bunun cavabını verməli idim. Bunlar yanlış düşünürlər, bunlar elə bilirlər ki, məni Hafiz Hacıyevlə qarşı-qarşıya qoyacaqlar. Jurnalistlərin qarşısında bəyan edirəm ki, bundan sonra da Hafiz Hacıyev və onun kimilərinin səsləndirdiyi hər hansı bəyanata, böhtana cavabım ancaq İlham Əliyevə veriləcək. Nə desələr birbaşa cavablarını alacaqlar, birbaşa bizim hədəfimiz İlham Əliyev olacaq, sözümüz ona ünvanlanacaq. Heç bir halda mən Hafiz Hacıyevlə, Qüdrət Həsənquliyevlə, Əli Əhmədovla debata getmək fikrində deyiləm. Ona görə də mən təklif edirəm, bu adamlar ağılların başlarına yığsınlar. Bu adamlar Azərbaycan xalqını beynəlxalq aləmdə rüsvay eləməsinlər. Hafiz Hacıyev kimi birisinin prezidentliyə namizəd kimi saxta şəkildə qeydiyyata alınması bu millətə tüpürməkdir. 21-ci əsrdə cəmiyyəti qulaq kəsməklə hədələyən birisini gətirib prezidentliyə namizəd kimi qeydiyyata almaq hələ yüz il bundan əvvəl dünyaya demokratiya nümunəsi vermiş ölkəmizi aşağılamaq siyasətidir. Dövlətimizin və millətimizin adı, imici bizim üçün çox qiymətlidir. Ona görə də bu adamların hədələrinə qarşı susa bilmərik. Bu mühiti yaradan İlham Əliyevdir və bizim sözümüz də ona ünvanlanacaq. Bütövlükdə seçki mübarizəsi kimin kim olduğunu ortaya qoyacaq”.
Cəmil Həsənli bəyan etdi ki, Azərbaycan xalqı ayağa qalxmalıdır, qəddini düzəldib millət olaraq iradəsini ortaya qoymalıdır və bu hakimiyyətə “yox” deməlidir.
Prezidentliyə namizəd İTV-nin debatda baş verənlərlə bağlı mənəviyyatsız, qanundan kənar açıqlama verdiyini də söylədi: “Açıqlama veriblər ki, günahlar guya məndədir, efir vaxtını mən pozmuşam və baş verənlərin təşkilatçısı mən olmuşam. Amma hər kəs efirə baxıb və hadisələrin necə baş verməsinin şahidi olub. Orada mən təhqir olunmuşam, Milli Şurada təmsil olunan partiyaların rəhbərləri təhqir olunub, eyni zamanda Azərbaycan xalqı təhqir olunub. Mənim orada istəyim sadəcə əlimdən alınmış efir vaxtımın bərpa olunması olub. Mənə orada efir vaxtımdan istifadə edib danışmağa imkan verilməyib. Diqqət etdinizsə, mənim efir vaxtımda ekranda Hafiz Hacıyev göstərilirdi. Bu rejim qarşısında güc görməlidir, bunlar bizim vətənimizi Şimali Koreyaya çevirmək istəyirlər. Biz bunun qarşısında dayanmalıyıq. Azərbaycan cəmiyyətində kifayət qədər güc var ki, öz iradəsini ortaya qoysun və vətənimizdə baş verən bu rüsvayçılıqların qarşısını alsın”.
Sonra tanınmış vəkil Aslan İsmayılov məlum debatda baş verənlərə hüquq qiymət verdi. O bildirdi ki, Cəmil Həsənliyə qarşı efirdə xalqın gözü qarşısında cinayət hərəkətinə yol verilib.
A.İsmayılov bundan sonra Milli Şuranı və Cəmil Həsənlini bütün gücü ilə müdafiə edəcəyini bəyan etdi: “Hər kəsə müraciət edirəm ki, artıq susmaq olmaz. Bunlar Cəmil müəllimdən yazıq, xəstə, idarəetmə qabiliyyəti olmayan obraz yaratmaq istəyirdilər. Cəmil Həsənli debatda davranışı ilə göstərdi ki, o, bizim haqqımızı müdafiə etməyə qadir kişidir. Hafiz Hacıyevə isə heç kim baş qoşmasın. O, xəstə, əxlaqsız adamdır. Onu debatda Əli Əhmədov idarə edirdi. Bütün varlığımla Cəmil Həsənlini müdafiə edəcəyəm. Millətini, özünü, ailəsini, dövlətini sevən hər bir kəsi Cəmil Həsənliyə dəstək olmağa çağırıram”.
Sonra prezidentliyə namizədə suallar verildi. “YAP sizin cəzalandırılmağınızla bağlı bəyanat verib. Necə hesab edirsiniz, sizə qarşı hansısa addımlar atıla bilərmi” sualına cavab olaraq C.Həsənli dedi ki, YAP qurama, antimilli, korrupsiyaya bulaşmış partiyadır: “Onun nə deyib-deməməsi mənim üçün maraqlı deyil. MSK-nın nə qərar qəbul edib-etməməsi də mənim üçün maraqlı deyil. Mənim üçün maraqlı olan odur ki, bu, tək seçki mübarizəsi deyil, bu, milli mübarizədir, xeyirlə şərin mübarizəsidir. Azərbaycan əsarətdən qurtarana qədər bu mübarizə davam edəcək. İçində vətən və millət hissi olan hər kəs bu rejimin əleyhinə olmalıdır. Sizi əmin edirəm ki, günü qara edilən millətin ziyalısının ağ kəfəndə dəfn olunmağa haqqı yoxdur. Mən bu mübarizədə varam, bu mübarizənin önündəyəm, bu mübarizənin önündə olaraq xalqı arxamda hiss edirəm. Söz verirəm ki, bu mübarizədə xalqın önündə olacağam”.
22 sentyabr mitinqi ilə bağlı suala cavabında Cəmil Həsənli dedi ki, çoxminli, kütləvi mitinq olacaq: “Özünüz də görəcəksiniz ki, Azərbaycan cəmiyyəti necə hərəkətə gəlib. Böyük bir etiraz elektoratının mitinqə qatılacağı gözlənilir”.
Debatda ona qarşı edilən cinayət xarakterli pozuntularla bağlı məhkəməyə müraciət edib-etməyəcəyi barədə suala cavabında C.Həsənli bildirdi ki, iddia ərizəsi hazırlanır, məhkəməyə müraciət olunacaq.
“Sizə sui-qəsd təşkil edilə bilərmi, hər ehtimala qarşı hüquq-mühafizə orqanlarına, səfirliklərə müraciət etmək fikriniz varmı” sualına C.Həsənli belə cavab verdi: “Bütün bu işləri mənə qarşı törədən dediyiniz orqanlardır. Onların heç birisinə müraciət etmək fikrində deyiləm. Mən akademik Ziya Bünyadovdan artıq adam deyiləm. Dediyiniz hadisələrə hazır olmasaydım bu yola çıxmazdım. Hər şeyin bir həddi var, bu millətə hörmətlə yanaşmaq lazımdır. Bunlar Azərbaycan xalqı ilə əsir götürülmüş əhali kimi rəftar edirlər. Ona görə də dözümün də həddi var. Ona görə də pafoslu çıxmasın, əgər mənim həyatım bu millətin irəliyə getməsi üçün lazım olacaqsa, mən onu da bu millətin yolunda verməyə hazıram”.
Cəmil Həsənli siyasi məhbus problemindən və daha çox gənclərin həbs edildiyindən danışaraq buna görə hakimiyyəti kəskin tənqid etdi. Bütün gəncləri gələcəkləri uğrunda mübarizəyə çağırdı.
Sonra Cəmil Həsənlinin saytı və təbliğat-təşviqat materialları təqdim olundu.