BolgeXeber.Com » Siyasət » Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı dostluğumuzun bariz təzahürüdür

Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı dostluğumuzun bariz təzahürüdür

26-08-2022, 17:13
Oxunub: 4 208 Avropa ilə Asiyanın qovşağında mühüm geostrateji mövqeyə malik olan Azərbaycan hər zaman ictimai-siyasi və mədəni-mənəvi həyatın bütün sahələrində özünəməxsus xüsusiyyətləri yaşatmaqla yanaşı, Şərq və Qərb dəyərlərinin sintez edərək, dünya birliyinə inteqrasiya olunmaq xəttini seçmişdir. Bunun üçün dövlətimiz, bir tərəfdən, dünya təcrübəsini öyrənərək özünün iqtisadi və siyasi inkişaf modelini müəyyənləşdirir, digər tərəfdən, beynəlxalq aləmdə öz milli maraqlarını qorumaq üçün dövlətlərarası əlaqələrə girir. 
Prezidentimiz hər zaman çıxışlarında dəfələrlə Türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsinin prioritet məsələlərdən biri olduğunu qeyd edib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də öz çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevlə mütəmadi əlaqədə olduğunu və iki ölkə arasında əlaqələrin son illərdə yüksələn xətlə davam etdiyini bildirib.

Xalqımız doğma Qarabağımızı əsarətdən xilas edən Vətən müharibəsinin başa çatdığı ilk günlərdən işğaldan azad olunmuş ərazilərdə əsaslı bərpa və zəruri infrastrukturun yaradılması tədbirlərinə başlamışdır. Həyata keçirilən irimiqyaslı və sürətli bərpa-quruculuq işləri hazırda uğur­la davam etdirilir. Tezliklə bu bölgə əvvəlkindən də gözəl olacaq, yenidən cənnət məkana çevriləcək. Bu mənada Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı dostluğumuzun bariz təzahürüdür.

Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi  xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, humanitar əməkdaşlığın daha bir elementidir. Bu əməkdaşlıq da uğurla inkişaf edir. Mərkəz Füzuli şəhərində tikiləcək. Füzuli şəhərinin tikintisinin Baş planı təsdiqlənib, artıq yaşayış fondunun ilk tikililəri başlayır. Məhz, həmin vaxtadək, bu mərkəz hazır olanda Füzulinin ilk sakinlərinin oraya köçürülməsi planlaşdırılır.
Həmçinin Qazaxıstanın ölkəmizdəki səfirliyi Qarabağda yaradılacaq kitabxanalara kitab dəstəyi verməyə hazır olduğunu qeyd edib.
24 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım - Jomart Tokayevlə görüşü zamanı iki qədim dövlətin dostluğunun bir daha şahidi olduq. Biz ziyalılar bu ikitərəfli münasibətlərin geniş gündəliyini, beynəlxalq problemlərə dair çoxətraflı söhbətini diqqətlə izləyirik. Düşünürük ki, bütün məsələlər barədə ölkələrimizin mövqeləri üst-üstə düşür və bu bizim üçün sevindirici haldır. Qazaxıstanın hərtərəfli dəstəyi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, münasibətlərimizin möhkəmlənməsi üçün görülən işlərə verilən yüksək qiymətdir.
Söyləmək yerinə düşər ki, bizim Qazaxıstan dövləti ilə münasibətlərimizin tarixi uzaq keçmişə gedib çıxır. Çünki, azərbaycanlılar və qazaxlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Həmçinin, dil və din eyniliyi də bizi birləşdirir.
Bütün bunlar göstərir ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.
 
Asiyə Əliyeva,
Salyan rayon Qardili kənd tam orta məktəbin müəllimi