BolgeXeber.Com » Siyasət » İlham Əliyev: “28 il ərzində Minsk Qrupunun nəticəsi sıfıra bərabərdir”

İlham Əliyev: “28 il ərzində Minsk Qrupunun nəticəsi sıfıra bərabərdir”

17-10-2022, 12:30
Oxunub: 2 984 Dünyanın siyasi müstəvisində özünü qabarıq şəkildə göstərən əsas problemlərdən biri də ikili standartlarla bağlıdır. Xüsusən də Qərb dövlətləri və onların təmsil olunduğu bəzi beynəlxalq təşkilatlar tərəfindən dünyada gedən proseslərə ikili standartlar əsasında yanaşılması özünü getdikcə daha çox büruzə verməkdədir.  
Vətən müharibəsinə kimi beynəlxalq ictimaiyyət Ermənistanın Qarabağ danışıqlarında qeyri-konstruktiv mövqe nümayiş etdirməsinə, status-kvonun qorunub saxlanması cəhdlərinə, danışıqların pozulmasına yönəlik addımlarına kəskin iradını bildirmirdi. Ermənistan hətta münaqişənin həlli üçün mandat verilmiş ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatlarında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinməsi və problemin sülh yolu ilə həlli təkliflərini də hesaba almırdı.
Bu, bir həqiqətdir ki, 1992-ci il martın 24-də ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupun 1997-ci ildən həmsədrləri münaqişənin ədalətli həlli üçün təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmayıb. Qrupun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilirdi. Lakin tərəfsiz vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti göstərirdi ki, münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyiş olmayacaq. 
Təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirmişdi. Minsk qrupu yarandığı vaxtdan indiyədək qəbul etdiyi sənədlərdə bir dəfə də olsun Ermənistanın işğalçılıq siyasətindən nəinki danışılmır, əksinə, müxtəlif vaxtlarda digər beynəlxalq təşkilatların da işğal faktının əks olunduğu sənədlərin qəbuluna etiraz edərək məsələnin yalnız qurum çərçivəsində həll edilməsinə üstünlük vermişdi.
Beləliklə, Minsk qrupunun həll etməli olduğu problemi 2020-ci ilin Vətən müharibəsində Azərbaycan 44 günə hərbi yolla həll etdi. Xatırladaq ki, müharibə müddətində Minsk qrupunun həmsədrləri onilliklərdi uzadaraq yubatdıqları problemin sülh yolu ilə həllinin vacibliyini diqqətə çatdırırdılar. Ancaq hər kəs şahidlik edirdi ki, sülhü onlar heç vaxt təmin edə bilmədilər. Çünki sülhün əldə edilməsinin yolları beynəlxalq hüquqla dəqiq təsbit olunmuşdu. Elə buna görə də hələ 2020-ci ilin dekabrında Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edən Prezident İlham Əliyev Minsk qrupunun 28 il ərzində problemin həllində heç bir rol oynamadığını birbaşa onların özlərinin diqqətinə çatdırmışdı.
ATƏT-in Minsk qrupunun yeni reallıqları qəbul etməsi və bununla da “vasitəçilik missiyası”nın başa çatması təbii haldir. Çün­ki Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni heç bir ölkənin və beynəlxalq təşkilatın köməyi olmadan öz gücü ilə, hərbi-siyasi yolla həll etdi. Bununla da ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasına son qoyuldu. Dövlət başçımız dəfələrlə bildirmişdi ki, əgər Minsk qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal edilmiş torpaqlardan çıxacaqdı və belə olan halda, müharibəyə ehtiyac qalmazdı. Ancaq onlar bu təzyiqi etmədilər. 
Prezident cənab İlham Əliyev 14 oktyabr tarixində Astanada keçirilmiş Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasındakı çıxışında da bu fikirləri xüsusi vurğulayaraq ATƏT-nin Minsk qrupunun fəaliyyətinin nəticəsinin sıfıra bərabər olduğunu və münaqişəni Azərbaycanın özü həll etdiyini bildirmişdir: “28 il ərzində Minsk qrupunun nəticəsi sıfra bərabərdir. İndi göründüyü kimi, bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə idi. Beləliklə, münaqişə həll olunub. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib.”
Azərbaycanın şanlı Qələbə qazandığı və Ermənistanın acınacaqlı məğlub olduğu müharibədən xeyli müddət keçsə də, məğlub ölkə yenə də bölgədəki proseslərə ATƏT-in Minsk qrupunu cəlb etmək arzusunda idi. Nəhayət, Ermənistan keçirilən bütün görüşlərdə ATƏT-in Minsk qrupunun fəaliyyətsiz bir qurum olduğunu dərk etdi. Bütün bunlar deməyə əsas verir ki, ATƏT-in Minsk qrupu öz missiyasını çox uğur­suz və ləyaqətsiz formada başa çatdırıb. Onların bu bölgədə “münaqişənin tənzimlənməsində vasitəçilik missiyasına” ehtiyac yoxdur.
 
 
 
Rahib Kərimov,
Salyan rayon Yolüstü kənd tam orta məktəbin direktoru