BolgeXeber.Com » Siyasət » Prezidentin bir günlük Əlcəzair səfəri Fransa prezidentinin tutduğu mövqeyə tutarlı cavab idi

Prezidentin bir günlük Əlcəzair səfəri Fransa prezidentinin tutduğu mövqeyə tutarlı cavab idi

8-11-2022, 17:04
Oxunub: 2 560 Prezident İlham Əliyevin bir günlük Əlcəzair səfəri Fransa prezidentinin Ermənistan-Azərbaycan münaqişəsi məsələsində tutduğu mövqeyə də tutarlı bir cavab idi
 
 Prezident İlham Əliyevin cari ilin 1 noyabr tarixində Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı və cəsarətli çıxışı heç də əbəs deyildi. Əlbəttə, bütün bunlar siyasətin bir parçasıdır. Amma düzgün siyasətin. Düzgün aparılan siyasətlə həmişə qalib gəlmək mümkündür. Necə ki, illər öndə ümummilli lider Heydər Əliyev də düzgün siyasət yürüdürdü. Bu gün cənab prezident İlham Əliyevin də doğru yanaşmaları qələbə əzmini yaşamış bir xalaq, bir repsublika üçün düşünülümüş addım idi. 
Məlumdur ki, Azərbaycan bu gün bütün dünyanın marağındadır. Şərqdən Qərbə qədər. Bu qədər maraq içində Asiya istiqaməti, Yaxın və Orta Şərq dövlətləri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olması heç də təsadüfi deyil. Bu sırada ərəb dünyası ilə əlaqələrin inkişafı, əməkdaşlığın gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Ortaq mədəni-mənəvi dəyərlər, tarixən mövcud olmuş əlaqələr müasir dövrdə Azərbaycanla ərəb dünyası arasında münasibətlərin daha da inkişafını şərtləndirir. Hazırda Azərbaycanla Səudiyyə Ərəbistanı, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İordaniya, Misir və digər ərəb dövlətləri arasında müxtəlif sahələrdə yüksək qarşılıqlı əməkdaşlıq əlaqələri var. Təsadüfi deyil ki, həmin dövlətlər multikultural ənənələrlə yaşayan və inkişaf edən Azərbaycanı beynəlxalq məsələlərdə daim dəstəkləyir. Eyni zamanda Azərbaycanla ərəb dövlətlərinin birliyi olan Ərəb Dövlətləri Liqası arasında da əməkdaşlıq əlaqələri mövcuddur. Ölkəmiz müşahidəçi statusunda təşkilatın üzvüdür. Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Fəxri qonaq statusunda iştiraka dəvət Prezident İlham Əliyevə olan yüksək ehtiramın təcəssümüdür. Prezident İlham Əliyevin dediyi kimi, bu, dostluq və qardaşlıq əlamətidir. Bu səfər zamanı Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdi. Qeyd edim ki, Əlcəzairin azadlığı uğrunda mübarizədə həyatlarını qurban vermiş döyüşçülərin xatirəsinə ucaldılmış Şəhidlər abidəsi 1982-ci ildə ölkənin müstəqilliyinin 20-ci ildönümü münasibətilə açılıb. Əlcəzairin taleyi elə bizim taleyimiz kimidir. Bu ölkə Azərbaycanla oxşar taleyi yaşayıb. Dünyaya demokratiya dərsi verməyə çalışan Fransa vaxtilə Əlcəzairi işğal edib, onun maddi və mənəvi sərvətlərini talayıb, xalqına dərin iztirablar yaşadıb. Belə ki, Fransa 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq əlcəzairlini amansızcasına qətlə yetirib. Buna görə də Əlcəzair "1,5 milyon şəhid ölkəsi" adlandırılır. Prezident İlham Əliyev çıxışında bu qətliamları diqqətdən kənarda saxlamadı: “Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik” deyən prezident bununla həm də Ermənistan kimi terrorçu bir ölkəyə havadarlıq edən Fransanın iç üzünü yenidən açdı. Həm də beynəlxaq arenada. 
“Azərbaycan da Əlcəzair kimi işğaldan əziyyət çəkib. Bizim torpaqlarımız otuz il Ermənistanın işğalı altında qalmışdı. Bütün bu işğal illəri ərzində biz həmişə ərəb qardaşlarımızın dəstəyini, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss edirdik. İşğal zamanı bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdi. Bizim insanlarımız etnik təmizləməyə məruz qalmışdı. Ermənistan 1992-ci ildə hazırda ondan çox ölkə tərəfindən tanınan Xocalı soyqırımını törədib. İşğalın nəticəsində on min kvadratkilometrdən çox ərazi tamamilə məhv edilib. Bu ərazi bəzi ölkələrin ərazisinə bərabərdir. Hər bir şey yerlə-yeksan edilmiş, dağıdılmışdır - şəhərlər, kəndlər, binalar, tarixi abidələr, hətta əcdadlarımızın qəbirləri. İşğal zamanı 67 məsciddən 65-i Ermənistan tərəfindən tamamilə dağıdılmışdır. Bu isə terrorçu Ermənistan dövlətinin islamofob mahiyyətinin təzahürüdür” – bütün bunlar cənab prezident İlham Əliyevin Zirvə toplantısından olan çıxışındandır. Fransanı Ermənistan ilə eyniləşdirmək, onu ifşa etmək əlbəttə cəsarətdən başqa həm də tarixi biliklər istəyir. Prezident İlham Əliyev bütün bunlara hazır siyasətçi kimi məhz Zirvə toplantısında Fransanın Əlcəzair xalqına etdiyi amansızlıqları bir daha xatırlatdı. Təbii ki, Fransanın Ermənistana verdiyi dəstək elə işğal siyasəti yürütməyin oxşar formasıdır. Birinci Qarabağ müharibəsi dövründə Xocalıda, Qaradağlıda, Xocavənddə, Kəlbəcərdə yüzlərlə azərbaycanlını soyqırımına məruz qoyan Ermənistana göstərilən dəstək elə soyqırımını dəstəkləmək deməkdir. Ona görə Əlcəzairdə insanlıq əleyhinə cinayətlərə imza atan Fransanın bu gün canfəşanlıqla Ermənistanın yanında yer alması heç də təəccüblü deyil. Bu ölkənin ermənipərəst siyasətinin kökündə həm də işğal təfəkkürü dayanır.
Prezident İlham Əliyevin Əlcəzairdə Milli Mücahidlər Muzeyinin xatirə kitabına yazdığı mətndən bir abzası oxuyaq. “Bu muzey Əlcəzair xalqına qarşı misli görünməmiş qəddarlıqla və şiddətlə həyata keçirilən müstəmləkə siyasətinin, müharibə və insanlıq əleyhinə cinayətlərin, müstəmləkəçi qüvvələrə qarşı ümumxalq mübarizəsinin və bir milyon yarım şəhidin canı bahasına qazanılmış müstəqillik qələbəsinin yaddaşlarda qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir”. Azərbaycan prezidentinin səlis xətlə yazılmış bu qeydləri günlərdir bir çox yerli və xarici media orqanlarında yayılmaqdadır. Bu mesaj Fransa prezidentinin Azərbaycanla bağlı ədalətsiz mövqeyinə tarix üzərindən incə və sərt cavab idi. Lakin eyni zamanda, bu qeydlər Fransanın müstəmləkə siyasətinin acılarını yaşamış və yaşamaqda olan böyük bir kütləyə də mesaj idi. Hansı ki, o insanlar Əlcəzairdə, Şimali Afrikanın digər ölkələrində və Fransanın özündə yaşayırlar. Bu mənada demək olar ki, İlham Əliyevin bir günlük Əlcəzair səfəri Fransa prezidentinin Ermənistan-Azərbaycan münaqişəsi məsələsində tutduğu mövqeyə də tutarlı bir cavab idi.
 
 
Zabil Pərviz, 
Jurnalist, şair - publisist