BolgeXeber.Com » Siyasət » “Seçki ölkə boyunca və total şəkildə saxtalaşdırıldı”

“Seçki ölkə boyunca və total şəkildə saxtalaşdırıldı”

10-10-2013, 10:20
Oxunub: 4 416 Milli Şuradan şok iddia; İlham Əliyev yenidən prezident kürsüsündə qaldı; onun opponentləri etiraz edirlər; sabahdan Azərbaycan daha da gərginləşəcək; iqtidar əksini deyir; beynəlxalq müşahidəçilər hələ rəyini açıqlamayıb
Oktyabrın 9-da Azərbaycanda sayca 7-ci prezident seçkiləri keçirildi. 5 milyon 145 min seçicinin səs verməsi üçün səhər saat 8:00-da 5 min 491-dən artıq məntəqə açıldı və seçki başladı.
Qeyd edək ki, seçkinin başladığı elə ilk saatlarda ayrı-ayrı məntəqələrdə saxtakarlıqların baş verməsi haqda xəbərlər gəlirdi və videolar yayılırdı.
Seçki bülletenində isə 10 nəfərin - YAP-ın prezidentliyə namizədi İlham Əliyevin rəqibləri Ümid Partiyasının sədri İqbal Ağazadə, Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə, Bütöv Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, MMP sədri Hafiz Hacıyev, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Ədalət Partiyasının sədri İlyas İsmayılov, müstəqil namizəd Zahid Oruc, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin adları var idi.
Seçki başlayandan bir qədər sonra Şəmkirdə seçicilərin karusel üsulu ilə məntəqələrə aparılması və seçki qutularına topa-topa bülletenlərin atılması ilə bağlı video yayıldı. Doğrudur bir qədər sonra YAP bunu təkzib etdi, amma videolarda hər şey görünürdü.
Daha sonra prezidentliyə namizədlər qeydiyyatda olduqları məntəqələrə gedərək səs verdilər.
Dövlət başçısı İlham Əliyev ailə üzvləri ilə birlikdə 29 saylı Səbayel DSK-nın 6 saylı seçki məntəqəsində səs verdi. Səs verəndən sonra jurnalistlərə heç bir açıqlama verməyən İ.Əliyev məntəqəni tərk etdi.
Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənli ailə üzvləri ilə birlikdə Yasamal 17 saylı DSK-nın 6 saylı məntəqəsində səs verdi.
Seçki məntəqəsində Milli Şuranın namizədinə maraq hədsiz böyük idi. Yerli və xarici media orqanlarının təmsilçiləri səhər saatlarından seçki məntəqəsinin qarşısında C. Həsənlinin gəlməsini gözləyirdilər.
Saat 11-də C. Həsənli məntəqəyə gələrək səs verdi.
Məntəqənin qarşısında toplaşan yerli və xarici media nümayəndələrinin suallarını cavablandıran C. Həsənlinin ilk sözü “vətənimiz, millətimiz üçün xeyirli olsun” cümləsi oldu. O qeyd etdi ki, bu gün (dünən) ölkəmiz üçün çox əhəmiyyətli gündür: “Növbəti 5 il üçün ölkəyə rəhbərlik edəcək şəxs seçilir. Bu seçki xalqımızın taleyi və tarixində mühüm izlər qoymalıdır. Ümid edirəm ki, bu seçkilər Azərbaycan cəmiyyətinin inkişafı, millətimizin öz iradəsini ortaya qoymaq baxımından çox əhəmiyyətlidir. Lakin təəssüf hissi ilə qeyd edirəm ki, bizim seçki qərargahının yaydığı Bakıda və bölgələrdə seçki prosesini əks etdirən press-relizlərdə göstərilir ki, seçkilər başlayan kimi kütləvi pozuntu hallarına yol verilib. Bu faktları bizim müşahidəçilər və vəkillər aşkarlayıblar. Onlar tez-tez kütləvi pozuntular vasitəsilə məlumat alırlar və bu faktları press-reliz şəklində kütləvi informasiya vasitələrinə göndərirlər”.
C. Həsənli qeyd etdi ki, seçkilərə bu cür start verilməsini gözləmirmiş: “Çünki əvvəlki seçkilərdə bir qayda olaraq hakimiyyət saat 17-dən, seçki ajiotajı keçdikdən sonra saxtakarlığa başlayırdı. Bu dəfə tam fərqli bir mənzərə ilə qarşılaşdıq. Hakimiyyət nümayəndələri seçkilərə start verilən saatdan bu saxtakarlığa əl atdılar. Bizim bir çox nümayəndəmizi dairə və məntəqələrə buraxmayıblar. Bu haqda bizdə yetərincə informasiya var. Bir sıra məntəqələrdə seçki bülletenləri müşahidəçilərin gözü qarşısında sayılmayıb. Qutular müşahidəçilərin gözü qarşısında möhürlənməyib. Bunlar çox böyük qanun pozuntularıdır. Dairə və məntəqə komissiyalarının üzvləri öz işlərini, vəzifə borclarını vicdanla yerinə yetirməlidirlər. Seçki saxtakarlığı, hakimiyyətin mənimsənilməsində iştirak etmək xalqa qarşı törədilən ən böyük cinayətdir. Bir sıra dairə və məntəqələrdə ya bilərəkdən, ya da bilməyərəkdən çoxsaylı məntəqə, dairə sədrləri və üzvləri hakimiyyətin mənimsənilməsi prosesində fəallıqla iştirak edirlər. Belə davam etsə, 9 oktyabr seçkisinin legitimliyi şübhə altına alınacaq”.
C. Həsənli seçki günü təbliğatla məşğul olmağın qeyri-qanuni olduğunu və seçicilərin öz iradəsini bildirmələrinə müdaxilə etmədiklərini qeyd etdi: “Günorta saatlarına kimi seçki qərargahının daxil olan kobud qanun pozuntuları seçkinin nəticəsini şübhə almağa yetərlidir. Seçki qanundankənar keçiriləcəksə, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar əsasında hüquqi addımlar atılacaq”.
C. Həsənli ona ünvanlananan “Siz kimi prezident görmək istəyirsiniz” sualına bu şəkildə cavab verdi: “Son debatlar göstərdi ki, mən özümdən başqa heç kimi prezident görmürəm”.
Müsavat Partiyasının başqanı İsa Qəmbər isə həyat yoldaşı Aida Bağırova ilə birlikdə Nərimanov II Seçki Dairəsinin 23 saylı məntəqəsində səs verdi. Səsvermədən sonra o, jurnalistlərə açıqlamasında Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə səs verdiyini açıqladı. Bu isə oradakı müşahidəçinin narazılığına səbəb oldu və o etirazını bildirdi. İsa Qəmbər isə YAP-dan olan müşahidəçiyə bunun qanunsuz olmadığını dedi: “İstənilən azad ölkədə diqqətlə baxsanız, seçkidən sonra səs verən vətəndaş kimə səs verdiyini açıqlaya bilər. Seçki məntəqəsinin içində də, çölündə də həqiqəti demək hər bir vətəndaşın borcudur”.
Bundan sonra İ.Qəmbər müşahidəçilərlə maraqlandı və məlum oldu ki, məntəqədə YAP-ın bir neçə müşahidəçisi var. Bir nəfər də AXCP-dən müşahidəçi var idi. Bir neçə müşahidəçi isə müstəqil olduqlarını bildirdilər.
İ.Qəmbər isə xatırlatdı ki, seçki saxtalaşdırılarsa, komissiya üzvləri ilə yanaşı, müşahidəçilərin də mənəvi məsuliyyəti var: “Kim haqqa-ədalətə xidmət edəcəksə, uğurlar olsun. Kim haqqa- ədalətə xidmət etməyəcəksə, əvvəl-axır qanun və Allah qarşısında cavab verəcək”.
Müsavat başqanı bu seçki məntəqəsinin də digərləri kimi Milli Şuranın namizədinin təmsilçiləri tərəfindən diqqətlə izləniləcəyini vurğuladı. Daha sonra o, bunları dedi: “Biz sıra dairələrdən artıq məlumat gəlir ki, Cəmil Həsənlinin müşahidəçilərinin bir qismini müxtəlif bəhanələrlə seçki məntəqələrinə buraxmayıblar. Cəmil Həsənlinin məşvərətçi hüquqlu komissiya üzvlərinə fəaliyyət göstərməyə imkan vermirlər, tələb edirlər ki, onlar müşahidəçi kimi əyləşsin. Görünür, bu hakimiyyət hələ komissiya üzvü olan şəxslərlə müşahidəçinin hüquqları arasındakı fərqi bilmir. Çoxsaylı məlumatlar gəlməkdədir və xeyli pozuntular barədə məlumatlar təəssüf ki, daxil olmaqdadır. Amma qanunauyğun seçki keçirilməsi uğrunda mübarizəmiz davam edəcək və məlumatları ümumiləşdirəcəyik. Cəmil Həsənlinin seçki qərargahı və bizlər seçki barədə gerçək nə cür olubsa, o cür, o şəkildə də xalqa bilgi verəcəyik. İstənilən halda, əminəm ki, Cəmil Həsənli qalib gələcək. Mənəvi qələbə kimi də tarixə düşsə, biz mübarizəmizə davam edəcəyik. Hər kəs, vicdanı olan, namusu olan, vətənini sevən, düşünən, gələcəyini, övladını düşünən hər bir şəxs haqqın, ədalətin yanında olmalıdır, doğrunun yanında olmalıdır”.
AXCP sədri Əli Kərimli də səsvermədə iştirak etdi. Ə.Kərimli həyat yoldaşı ilə birlikdə 23 saylı Nəsimi-Səbayel Seçki Dairəsinin 5 saylı məntəqəsində səs verdi.
Prezidentliyə namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə 19 saylı Nərimanov birinci DSK-nın 7 saylı məntəqəsində səs verdi. Seçki prosesini izlədiyini deyən prezidentliyə namizəd, hələlik prosesə qiymət verməyin tez olduğunu bildirdi: “Bəzi qanun pozuntuları ilə bağlı artıq press-relizlər yayılmağa başlayır. Dəyərləndirməmiz olacaq. Millətimiz, xalqımız, dövlətimiz üçün xeyirli-uğurlu olsun".

Prezidentliyə namizədin xanımının adından başqa adam səs verdi

Səs vermək üçün 23 saylı Nəsimi-Səbayel DSK-nın 21 saylı seçki məntəqəsinə gedən prezidentliyə namizəd ADP sədri Sərdar Cəlaloğlu isə sürprizlə üzləşdi. Səs verəndən sonra ADP sədri jurnalistlərə bunları bildirdi
“Səsvermədə iştirak etmək üçün ailəmlə birgə 23 saylı Nəsimi-Səbayel seçki məntəqəsinin 21 saylı dairəsində oldum. Həyat yoldaşım səs vermək istəyəndə məlum oldu ki, onun yerinə artıq səs verilib və adının qarşısı imzalanıb. Məntəqədən bizə bildirdilər ki, bu texniki problemdi".
S.Cəlaloğlu həmçinin məntəqədə qutuların düzgün yerə qoyulmadığını da bildirdi: “Qutular elə yerə qoyulmuşdu ki, müşahidəçilər seçicilərin necə səs verdiyini görə bilmirdi. İstənilən halda mən bu seçkinin xalqımıza xeyirli olmasını arzu edirəm”.
Qeyd edək ki, dünən İ.Ağazadə və S.Cəlaloğlunun seçki qərargahları seçkilərdə pozuntular aşkarladıqları barədə məlumat yaydılar və konkret faktlar göstərdilər.
Prezidentliyə namizəd İlyas İsmayılovdan başqa digər namizədlər də gün ərzində qeydiyyatda olduqları məntəqələr üzrə səs verdilər.

Rüstəm İbrahimbəyov Gürcüstanda səs verdi

Milli Şuranın sədri Rüstəm İbrahimbəyov isə dünən Azərbaycanın Gürcüstandakı səfirliyində səs verdi. Gürcüstan vaxtilə saat 15:30-da səfirliyin yeni tikilmiş binasında məşhur yazıçı səsvermədə iştirak etdi. Bu barədə musavat.com-a Tiflisdə işgüzar səfərdə olan “ Güzəran” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli məlumat verdi.
Q.İbrahimli bildirdi ki, İqtisadi Təhqiqatlar Mərkəzinin eksperti Vahid Məhərrəmov, Azad İqtisadiyyata Yardım Mərkəzinin eksperti Murad Nəsibbəyli ilə birlikdə səs vermək üçün Azərbaycanın səfirliyinə gediblər: “Biz səfirlikdə Rüstəm müəllimlə rastlaşdıq və birlikdə gedib səs verdik. Rüstəm müəllim tək gəlmişdi, mühafizəçisi yox idi. Səfirliyi tərk edərkən Rüstəm İbrahimbəyov jurnalistlərin suallarını cavablandırdı. Milli Şuranın namizədi Cəmil Həsənliyə səs verdiyini deyən yazıçı seçkinin mümkün nəticələrini şərh etməkdən imtina etdi. Bundan sonra jurnalistlərlə sagollaşan Rüstəm İbrahimbəyov Polşaya işgüzar səfərə yola düşəcəyini dedi”.

Eldar Namazov adını siyahıda tapmadı

Dünən gün ərzində tanınmış ictimai-siyasi xadimlərin prezident seçkisində səs vermələri ilə bağlı məlumatlar mətbuatda işıqlandırıldı. EL hərəkatının sədri Eldar Namazov mətbuata bildirdi ki, dünən səhər seçki məntəqəsinə gedib və ona deyiblər ki, adı seçicilər siyahısında yoxdur. Adının siyahısında olmamağından çox təəssüfləndiyini deyən E.Namazov məntəqənin səhvini düzəldib: “Mən səhər saatlarında qeydiyyatda olduğum Nəsimi rayonu 22-ci dairənin 8 saylı məntəqəsinə getdim. Çox təəssüf ki, mənim adım seçicilər siyahısında yox idi. Bu, çox qəribə bir haldır. Daim Azərbaycanda yaşayan, seçkilərdə iştirak edən bir adamın adı siyahıda niyə olmasın?! Buna baxmayaraq, vəsiqəmi təqdim edib və səsverməyə qatıla bildim. Ailə üzvlərim Bakıda olmadığından səsverməyə tək getməli oldum. Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə səs verdim.
Mənə verilən informasiyalardan çox təəssüflənirəm. Səhər həm özüm məntəqələri gəzəndə, həm də Cəmil müəllimin seçki qərargahında olanda məlum oldu ki, seçkilər zamanı böyük saxtakarlıqlar baş verib. Ona görə də, çox təəssüflə deyə bilərəm ki, bu seçkilərdə də böyük saxtakarlıq müşahidə olunur".
Qeyd edək ki, seçkiləri AŞ PA, ATƏT və digər beynəlxalq təşkilatlardan olan müşahidəçilər müşahidə edirdi. Onların günün birinci yarısında verdikləri açıqlamalarda hər hansı ciddi problem müşahidə etmədikləri bildirilirdi. Seçkiləri həmçinin ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar da müşahidə edirdi.
Gün ərzində Cəmil Həsənlinin seçki qərargahı 20-yə yaxın press-reliz yaydı. Həmin press-relizlərdə demək olar ki, bütün ölkə boyu seçki məntəqələrindən alınan məlumatlar öz əksini tapırdı. Məlumatlarda qırmızı xətt kimi seçkinin ölkə boyu və total saxtalaşdırıldığı keçirdi.
Bundan başqa, saxtakarlıq və qanunsuzluqlarla bağlı digər məlumatlar da gəlirdi.

Beyləqanda müşahidəçi döyüldü

81 saylı Beyləqan DSK-nın 8 saylı məntəqəsində AXCP rayon şöbəsinin sədri, Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Füzuli Qəhrəmanlının döyüldüyünü əks etdirən foto və xəbər yayıldı. “Azadlıq” radiosunun yaydığı xəbərdə bildirilirdi ki, F. Qəhrəmanlı Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi kimi məntəqədə mütəmadi qanun pozuntularını müşahidə etdiyini deyib: “Komissiya sədri və katibi ilə bununla bağlı mübahisəm oldu. Məni təhqir elədilər. Qapıdan çıxanda isə arxadan burnuma zərbə endirildi. Çevrilmək istəyəndə ikinci zərbə vuruldu. Bundan sonra nə baş verdiyini xatırlamıram, qan içindəydim, gözüm tutulmuşdu. Polis şöbəsində məndən ilkin izahat alınıb. İndi isə xəstəxanada həkim müayinəsindəyəm. Həkim deyir əməliyyat olunmalıyam”.

Naxçıvanda müşahidəçi oğurlanaraq hədələndi

Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Seçkilərin Monitorinq və Demokratiyanın Tədrisi Mərkəzinin müstəqil müşahidəçisi Şərur rayonundan olan İsrail Əkbərliyə təzyiq ediblər. İ. Əkbərli “Amerikanın səsi”nə müsahibəsində bildirib ki, Şərur rayonunda 34 saylı seçki məntəqəsində olarkən özünü təqdim etməyən bir nəfər onu məntəqədən çölə çıxarıb:
“Mənə dedi ki, sizinlə danışmaq istəyirəm. Soruşanda ki, siz kimsiz dedi ki, maşına otur bilərsiniz. Maşına olanlardan birini sifətdən tanıyıram. Onlardan biri Naxçıvanda MTN-in əməkdaşıdır. Məni oturtdular maşına, qeyri-müəyyən yerə apardılar, həyatımla oynayırdılar. Ailəmlə, uşağımla təzyiq edirdilər. Deyirdilər, məntəqəyə getmə, bu siyasətdən əl çək”.
Onun sözlərinə görə, seçkidən əvvəl də belə bir hadisə ilə qarşılaşıb.

Cəmil Həsənli seçkinin nəticələrini tanımadı

Səsvermənin başa çatmasına az qalmış Cəmil Həsənli belə bir məzmunda bəyanat yaydı:
“Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ölkənin bütün istiqamətlərindən kütləvi və aşkar saxtakarlıq faktları haqda məlumatlar alıram. Hakimiyyət bu seçkinin taleyini ”həll etdiyini" düşünür və hesab edirəm ki, çox ciddi şəkildə yanılır.
Seçkilərin total şəkildə saxtalaşdırılması xalqın seçim hüququnun kobud şəkildə tapdanması və açıq-aşkar ona hörmətsizlikdir. Bütün saxtakarlıqlar seçki qərargahımız tərəfindən qeydə alınır, yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Hazırda karusel əməliyyatlarını sübut edən video və foto faktlar sosial şəbəkələrdə yayılmaqdadır. Düşünürəm ki, artıq seçkinin legitimliyini indidən şübhə altına almaq mümkündür.
Təəssüf ki, bir çox hakimiyyət nümayəndələri saxtalaşdırmada birbaşa iştirak edərək, ən ağır dövləti cinayətin - hakimiyyətin qəsbində iştirak edirlər . Eyni zamanda bəyan edirəm ki, şəffaf və müsbət imicə malik olmayan exit-poll keçirən qurumlara etibar etmək mümkün deyil.
Bəyan edirəm ki, xalqımızın səslərinin qorunması üçün bütün qanuni vasitələrdən istifadə edəcəyik".

Əli Kərimli xalqı mübarizəyə çağırdı

AXCP sədri Əli Kərimli 9 oktyabr prezident seçkisinin kütləvi saxtalaşdırıldığını bildirərək xalqa çağırış edib. O, xalqı ruhdan düşməməyə və mübarizəni davam etdirməyə çağırıb:
“Səslərimiz uğrunda dinc mübarizəyə başlayacağıq. Bugünkü kütləvi seçki saxtakarlığından sonra hələ də tərəddüdü olan vicdanlı və vətənpərvər insanlar ölkənin xilası uğrunda mübarizəyə qoşulmalıdırlar!”
Qeyd edək ki, seçkidən bir qədər sonra ölkədə fəaliyyət göstərən təşkilatlar keçirdikləri exit-poll-ların nəticələrini açıqladılar. Həmin nəticələrdə İ.Əliyevin yüksək faizlə qalib gəldiyi, C.Həsənlinin isə ikinci yeri tutduğu bildirilirdi.
Qəzet çapa hazırlanarkən MSK-nın açıqladığı ilkin nəticələrə görə, İlham Əliyev 84,94 faiz səs toplayıb. Bu barədə komissiyanın saytında qeyd olunur.
MSK-nın ilkin nəticələrinə əsasən, digər prezidentliyə namizədlərin topladığı səslər:

Cəmil Həsənli - 4,10
İqbal Ağazadə 2,29
Qüdrət Həsənquliyev - 2,26
Zahid Oruc - 1,76
İlyas İsmayılov - 1,38
Fərəc Quliyev - 1,01
Araz Əlizadə - 0,94
Hafiz Hacıyev - 0,66
Sərdar Məmmədov - 0,66

Beynəlxalq müşahidəçilərin ilkin rəyi isə hələ açıqlanmayıb.
Milli Şuranın vahid namizədi Cəmil Həsənli isə bu gün saat 11:00-da Müsavat Partiyasının qərargahında yerli və beynəlxalq jurnalistlər üçün mətbuat konfransı keçirəcək.