BolgeXeber.Com » Bölgə » Gəncə Polis idarəsində nələr baş verir?

Gəncə Polis idarəsində nələr baş verir?

9-02-2014, 11:20
Oxunub: 3 754 Rəis Faiq Şabanov cinayətkarlıqla deyil, azad sahibkarlıqla mübarizəyə girişib…

Gəncə şəhəri ölkəmizin ikinci paytaxtı olmaqla yanaşı, həm də xüsusi əhəmiyyət kəsb edir. Döyüş bölgəsinə yaxın olmasını, həm də digər cəhətləri nəzərə alaraq şəhər polisinin statusu artırıldı və Baş İdarə oldu. Və ölkə rəhbərliyi də düşünürdü ki, idarənin statusunun yüksəldilməsi və kadr dəyişikliyi öz nəticəsini verəcək. Ancaq gözlənilən kimi olmadı. Belə ki, təxminən bir il müddətində Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində işləməsinə baxmayaraq cənab Faiq Şabanov polisin işində dönüş yarada bilməyib. Əslində dönüş yaradıb, ancaq müsbətə doğru deyil, əksinə pisliyə doğru.

Bunu sübut eləmək üçün ölkə mətbuatını gündəlik vərəqləmək kifayətdir. Gəncə şəhərində son vaxtlar kriminal elementlərin və cinayət hadisələrinin artması göz qabağındadır.
Şəhər polisinin rəisi bütün bu neqativ hallarla mübarizə aparmaq əvəzinə azad sahibkarlıqla, bizneslə mübarizəyə girişib. Bəli, vəzifəyə təyin olunduğu gündən xırda, kosmetik dəyişikliklər edən Faiq Şabanov şəhərdə fəaliyyət göstərən iş adamlarına, azad sahibkarlara, biznes fəaliyyəti göstərən şəxslərə qarşı az qala səlib müharibəsi elan edib. Şəhər polisi rəisinin əsas siyasəti “nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım” məsəlinə oxşayır. Şəhərin iş adamları, sahibkarlar düşünür ki, əcəba, nə üçün hər ay halal qazancımızın xeyli hissəsini Faiq Şabanovun “hesab”ına verməliyik.

Bütün ölkə ictimaiyyətinə yaxşı məlumdur ki, Ulu Öndərimiz Heydər Əliyev zamanında azad sahibkarlığı, müstəqil iş adamlarını qorumaq üçün müşavirələrin çoxunda üzünü məmurlara, polis rəsilərinə tutaraq xəbərdarlıq edirdi ki, iş adamlarına mane olmayın. Hörmətli prezidentimiz İlham Əliyev cənabları da dəfələrlə ciddi xəbərdarlıq edib ki, ölkədə azad sahibkarlığa münbit şərait yaradılmalıdır.

Bütün bunları qulaqardına vuran cənab Faiq Şabanov iş adamlarının təhlükəsizliyini təmin eləmək, asayişini qorumaq əvəzinə azad biznesi “boğmaq”la, iş adamlarını “yükləməklə” məşğuldur. Görəsən, Gəncə ŞBPİ-nin rəisi son vaxtlar qonşu Türkiyədə baş verənlərdən xəbərsidir? Ölkə başçısı möhtərəm İlham Əliyevin 2 gün öncəki sonuncu xəbərdarlığından Faiq Şabanovun xəbəri yoxdur..?

Bəlkə, “Qalada yatmış idim top atdılar oyanmadım” mahnısını sifariş vermək lazımdır..? Bir sözlə, yaxın günlərdə Gəncə polisinin azad sahibkarlara qarşı mübarizəsi ilə bağlı zərəçəkənləri danışdıracağıq.
Bizi izləyin.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
QafqazNews.az