BolgeXeber.Com » Bölgə » Kürdəmirdə idarə rəisinin 300 minlik şadlıq sarayı varmış

Kürdəmirdə idarə rəisinin 300 minlik şadlıq sarayı varmış

10-02-2014, 06:15
Oxunub: 4 208 İcra başçısını belə saya salmayan Talıb Məmmədov Suvarma Sistemləri İdarəsinin texnikasıyla «xaltura» edir

Ötən günlərdə mətbuatda Kürdəmir Suvarma Sistemləri İdarəsinin müdiri Talıb Məmmədovla bağlı yayılmış məlumatda onun 68 yaşı olmasına baxmayaraq, 80 min manat verərək vəzifəsində qalması iddia olunmuşdu.

Bolgexeber.com-un yaydığı həmin məlumatda deyilirdi ki, T.Məmmədov rayonda bir sıra qaranlıq işlə məşğul olmaqla yanaşı, həm də kanalların təmizlənməsi zamanı yaşıllıqları kütləvi şəkildə məhv etdiyinə görə, 500 min manat cərimələnmək ərəfəsindədir. Bu gün isə sözügedən idarə rəisi ilə bağlı bir sıra yeni bilgilər daxil olub.

Həmin məlumatlarda deyilir ki, Talıb Məmmədov təkcə Kürdəmirdə deyil, həmçinin Aran bölgəsində ən varlı şəxslərdən biri hesab olunur. Belə ki, onun təkcə Kürdəmirdə inşa etdirdiyi Şadlıq Sarayının dəyəri 300 min manat civarındadır. Rayondakı stadionun yaxınlığında inşa edilmiş və stadiona maneçilik törədən həmin sarayın işləməsi üçün isə onun razılıq almasına külli miqdarda pul xərclədiyi vurğulanır.

Verilən məlumatlarda o da vurğulanır ki, Talıb Məmmədov həmin Şadlıq Sarayının ərazisi bir vaxtlar yaşıllıq zolağı olub. Lakin idarə rəisi oradakı ağacları kəsidirmək üçün lazımi razılığı əldə etməyi bacarıb. Qeyd edilir ki, Suvarma Sistemləri İdarəsinin rəisinin əsas himayədarı sırasında Kürdəmir rayon İcra Hakimiyyəti başçısının müavini, aqrar məsələlər şöbəsinin müdiri Əşrəf Şükürovdur. Hətta sarayın işləməsi üçün lazım olan razılıqların alınmasını da bu şəxsin həyata keçirdiyi deyilir.

Amma Talıb Məmmədovun əsas şəriki bir zamanlar yaxın dost olduqları, lakin sonradan düşmənə çevrildiyi Həmid Abbasovdur. Məlumatlarda deyilir ki, bir zamanlar Məmmədovun müavini işləmiş Abbasov, sonradan elə onun dəstəyi ilə Mollakənd Mexaniki Suvarma İdarəsinin rəisi təyin olunub. Amma bəlli olmayan səbəblərdən keçmiş dostların arası dəyib. Hətta Həmid Abbasovun bu gün də Talıb Məmmədovu əlindəki bəzi «faktlar»la onu şantaj etdiyinə dair iddialar var.

Verilən məlumatda vurğulanır ki, Abbasovla Məmmədovun şərikli bizneslərindən biri də aerodromun yaxınlığındakı fermadır. 5-6 min baş qoyun saxlanılan həmin fermanın tikintisini Həmid Abbasov reallaşdırsa da, davarların alınmasına pulu Talıb Məmmədov xərcləyib. Elə iki idarə rəisi arasında biznes anlaşmasının da məhz qorxu üzərində qurulduğu deyilir.

Bölgənin ən varlı fiqurlarından birinə çevrilmiş Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəisinin biznesi təkcə bundan ibarət deyil. Həmçinin onun rayonda 3 marketi, bir neçə müxtəlif profili dükanları olduğu bildirilir. Məlumatlarda deyilir ki, bu qədər pulu büdcədən ayrılmış vəsaitlərlə yanaşı, həm də bir digər işlərlə qazanmış Talıb Məmmədovun bütün qaranlıq işlərini onun mühasibi işləyən Əflan adlı şəxs həyata keçirir. Ən böyük qazanc yerləri isə idarəyə məxsus texnikanın və onlara avadanlıq və ehtiyat hissələrinin alınmasıdır. Mənbə bildirir ki, köhnə texnikaları rəngləyib, onları yeni adı ilə sənədləşdirən idarə rəisi, həmçinin bu maşınlarla «xaltura» da edir. Belə ki, günortaya kimi, idarənin qarajında dayanan həmin maşınlar günortadan sonra ayrı-ayrı şəxslərin sifarişi ilə iş başına yollanırlar. Təbii ki, aldıqları pulun böyük qismi də Məmmədova gətirilib verilir.

Bolgexeber.com-a verilən bilgilərdə qeyd edilir ki, Talıb Məmmədov ümumiyyətlə, Kürdəmirin icra başçısı İrşad Əliyevi də saymır. Ağır şəkər xəstəsi olan keçmiş nazirin keçirdiyi bütün yığıncaqlara gəlməkdən imtina edən idarə rəisi bunu pulunun çoxluğu ilə nümayiş etdirməyə çalışır.

Onu da bildirək ki, Talıb Məmmədovun yerinə əsas iddialı olan şəxs, faktiki şəriki Həmid Abbasov dünən təcili olaraq Bakıya çağırılıb. Dəqiq olmayan məlumatlara görə, onun Bakıya çağırılmasının səbəbkarı elə Talıb Məmmədov olub. Çünki onun yerinə göz dikimiş rəqib şərikini yuxarılarla anlaşaraq, bu şəkildə həll etməkdən başqa çıxış yolu qalmadığı vurğulanır.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.