BolgeXeber.Com » Bölgə » Şirvan rayonunda şok korrupsiya faktları

Şirvan rayonunda şok korrupsiya faktları

12-02-2014, 06:20
Oxunub: 2 540 Dövlətov özünə hansi yolla var-dövlət toplayib?

Şirvan Meliorasiya və Su Təsərrüfatı SC-nin nəzdindəki Şirvan Üzən Nasoslar Zavodunda baş verən korrupsiya faktları ilə bağlı məlumat yayılıb. Bolgexeber.com-a verilən xəbərdə qeyd olunur ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin balansında olan bu müəssisədə xeyli korrupsiya faktı aşkarlanıb. Müəssisəyə rəhbərlik edən Əliheydər Dövlətov dövlət büdcəsindən ayrılan vəsaiti saxta sənədlərlə mənimsəyib.

Mənbənin söylədikləri: “Ə.Dövlətov müəssisənin balansında olan dəzgahları, yüksək gərginlikli elektrik transformatorlarını satıb, 3 ədəd dəzgah sexini isə bilərəkdən dağıdıb. Bundan başqa, zavodun balansında olan yük avtomobillərini öz qohumlarına verib ki, onlar da bu avtomobillərdən öz şəxsi malı kimi istifadə edir. Zavodun balansında olan gəmi isə yoxa çıxıb”. Mənbə gəminin də Ə.Dövlətov tərəfindən satıldığını iddia edir: “Sahil qurğusu isə öncə suya batırılıb və bundan sonra isə satılıb”.
Ən maraqlısı isə odur ki, zavodda “Forma-2" adlı saxta sənədlər tərtib olunur. Guya zavodda gəmi təmir olunur. Əslində isə zavodun belə bir iş görmək üçün heç bir infrastrukturu yoxdur. Bu yolla zavodda böyük həcmdə büdcə pulları mənimsənilir. Halbuki zavodda heç vaxt gəmi təmir olunmayıb. Sənədlərə diqqət yetirilərsə, kifayət qədər gəminin təmir olunduğunu görmək mümkündür.
Xəbərdə qeyd olunur ki, Kürdəmir, Neftçala, Ağdaş və başqa rayonlarda üzən su nasoslarının təmirinə də kifayət qədər pul xərclənib. Həmin rayonların üzən nasoslarında göstərilən təmir işləri əslində aparılmayıb. Hər bir üzən nasosun təmiri üçün zavodda 40-60 min manat arasında pul xərcləndiyi göstərilib. Bu pullar saxta sənədlər əsasında “yuyularaq” mənimsənilib.
Sahil qurğusu olmadan üzən nasosları təmir etmək mümkün deyil. Həmin qurğu isə çoxdan Ə.Dövlətov tərəfindən satılıb. Son məlumatda deyilir ki, Şirvan Üzən Nasoslar Zavodunda 0,8 və 1,0 metrlik şlüzlər istehsal edilir. Onun hissələri 2 deşikli və 4 deşikli plitələr Şirvan MTTS tökmə sexindən sənədsiz alınır və istehsal olunan məhsullar zavodda sənədləşdirilmədən satışa çıxarılır. Əldə olunan gəlir mənimsənilir. Mənbə deyib ki, ötən il Bakıdakı Hüsü Hacıyev adına zavoddan sökülüb gətirilən avadanlıqlar da hissələrə bölünərək satılıb. Zavod işçiləri isə rəhbərlikdən narazıdır. İşçilərin maaş kartları da onlara verilmir, hər fəhlənin maaşından 10 manat müsadirə edilir. Fəhlələr bu haqsızlığa son qoyulması üçün etiraz aksiyalarına başlayacaqlarını bəyan ediblər.
Onu da bildirək ki, Dövlətov bütün bunların hesabına özünə əməlli-başlı var-dövlət toplaya bilib. Belə ki, bu barədə danışan mənbəyə görə, Şirvanda, Hacıqabulda evlərə, mülklərə, obyektlərə sahib olan Dövlətov həm də avtomobil həvəskarıdır: “Onun onlarla bahalı maşınları var”.
Qeyd edək ki, bu günlərdə Dövlətovun evindən oğurluq da olub: “İş hazırda polisdədir. Evindən 18 min manat aparıblar. Amma Dövlətov səs-küy salmaq istəmir. Çünki araşdırma olarsa, diqqətə gələrsə, o zaman onun özü qarşısında sual qoyula bilər ki, bu qədər pulu hansı yolla əldə edib”.
Araşdırmalarımız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq...