BolgeXeber.Com » Bölgə » Qazaxda «Təzə məhəllə»də yaşıl soyqırım

Qazaxda «Təzə məhəllə»də yaşıl soyqırım

15-02-2014, 09:45
Oxunub: 4 211 Əvvəlcə əkdilər, sonra kəsdilər

İnsan sağlamlığının əsasını təşkil edən təmiz hava və suya olan ehtiyac həmişə duyulmaqdadır. “Ağacın bir budağını kəsən, sanki qolumu kəsir” kəlamları ilə deyimini ifadə edən mərhum Heydər Əliyev təbiətin yaşıllaşmasına daim diqqət yetirər, yaşıllığı məhv edənlərə qarşı amansız olmağa çağırardı. Əlbəttə, bu sahədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də əməyini qeyd etməyə bilmərik. Ekologiya sahəsində baş verən neqativ halları təkcə həmin nazirliyin üstünə atmaq da düz deyil. Hər bir adam ekologiyaya vurduğu ziyanın çox hissəsinin özünə və ailəsinə dəyməyini yaxşı başa düşməlidir. Ümumiyyətlə, ekologiyanın qorunmasında ictimai qınaq ön plana çəkilməlidir. Əks təqdirdə nazirliyin 50.000 işçisi də olsa təbiəti qoruya bilməz. Son vaxtlar Qazax rayonunda təbiətin çirklənməsi, ağacların kəsilməsi və tullantıların artması prosesinə daha çox təsadüf edilir. Adi bir toyuq damının tikilməsi zamanı həmin sahəyə mane olan sağlam ağac da olsa belə dibinə balta vurulur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qazax 2 Saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları isə həmin hadisəni yalnız sənədləşdirməklə kifayətlənir, ya da yaşıllığı məhv edənlərlə sadəcə “dil” tapırlar.
Qazaxda “Təzə məhəllə” deyilən sahə Bakı küçəsi adlanır. Burada düz 20 ildir ki, vətəndaşlar yer-yurd alıb məskən salıblar. Bu yeri qəsəbə də adlandırmaq mükündür. Hələ Qazaxda icra başçısı işləmiş Rauf Hüseynovun vaxtında 2009-cu ildə “Təzə məhəllə”də yaşayan çoxsaylı əhali üçün 2 ha-ya yaxın sahədə “Zərifə Əliyeva” adına yaşıl park salınması məqsədəmüvafiq hesab edilib. Bunun üçün həmin dövrdə oraya çoxlu işçi qüvvəsi cəlb edilərək 500-ə yaxın “Qozalı Çinar” ağacları basdırılıb. Hazırda o ağaclar böyüyüb, ətrafına yaxşıca kölgə də salır. Yayın qızmar çağında əhalinin istirahət parkına çevrilib. Onu da qeyd edək ki, nədənsə park salınandan sonra buraya Zərifə Əliyevanın adını vermədilər. Bəlkə də, belə məsləhət idi. Çünki bir növ bu alimin adına “ləkə” kimi də başa düşülərdi. Əlqərəz, yaxşı ki, ad verməyiblər. Sən demə gözdən uzaq pakda böyüyən ağacların qəniminə çevrilənlər ağacları kəsdirib yerini yaxşı pula satacaqlarmış. Bəli, belə də oldu. Parkda 6 ay qabaq “pullu kişilər”dən 1-2-si Qazax bələdiyyəsinin vasitəsi ilə ağacları qırdırıb yaşayış sahəsinə çevirdi. 70-ə yaxın Çinar ağacı məhv edildi. Yerində ev qaldırıldı. Ağacların əkilməsində böyük zəhməti olan şəhər sakini Cavanşir Musayev canyanğısı ilə bildirdi ki, “ mən və işçilərim o ağacları basdırana kimi dizlərimiz ağrıdı. Orada bir xeyli can qoymuşuq. İndi isə həmin ağacların dibinə 1 stəkan su tökməyənlər yaşıllığı məhv edirlər”.
Haqlı narazlığın səbəbkarlarından Qazax bələdiyyəsinin sədri Oqtay Hüseynov ilk həmsöhbətimiz oldu. “Özümüz basdırmışıq, özümüz də kəsirik” cümləsi ilə sözümüzü kəsən bələdiyyə sədri yaxşıca qazanc götürdüyünü öz hərəkətləri ilə ifadə etdi. Qazax 2 Saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin rəisi Salman Mehdiyev isə bildirdi ki, “həmin sahə şəhər bələdiyyəsinin ərazisidir. Biz oradakı ağacları sayaraq aktla bələdiyyə sədrinə təhvil vermişik”. Nə deyirik, təki belə olsun. Qeyd etdiyimiz kimi, ötür-ötürlə iş bitmir. Salman Mehdiyev aktla versə də, bu o demək deyil ki, bələdiyyə sədri nə istəsə, edə bilər. Bir də ki, Oqtay Hüseynov ağacları şəxsi mənafeyi naminə qırdıranda Salman Mehdiyev haralarda olub? Ağacları aktla təhvil verməklə iş bitmir. Sual olunur: Salman Mehdiyev ağacların qırılmasından xəbərdar ola-ola nə üçün bələdiyyə sədri haqqında tədbir görməyib? Bəs ictimai qınaq niyə öz qınına çəkilib? Əyləşdiyi idarələrə gəlir mənbəyi kimi baxanlar unutmamalıdırlar ki, “təbiətə edilən zülmün əvəzi onlardan ikiqat çıxılacaqdır”.

Vəkil Rüstəm