BolgeXeber.Com » Bölgə » Gədəbəyin saxta diplomlu baytarları ev heyvanlarının qəniminə çevrilib

Gədəbəyin saxta diplomlu baytarları ev heyvanlarının qəniminə çevrilib

17-02-2014, 07:05
Oxunub: 3 911 Bolgexeber.com-a daxil olan məlumata görə, son zamanlar Gədəbəy rayonunda ev heyvanları arasında tələfat halları artıb.

Bəzi xırdabuynuzlu və iribuynuzlu heyvanların müxtəlif xəstəliklərə yoluxması barədə deyilənlər də redaksiyamıza verilən məlumatlar sırasındadır. Mənbə bildirir ki, ev heyvanları arasında keçici xəstəliklərə yoluxanlar olsa da, onlara dizaqnozun səhv qoyulması və müalicə-profilaktikanın düzgün aparılmaması ucbatından tələfat güclənir. Mənbənin dediyinə görə, Gədəbəy rayonunda ən ciddi problem Gərdəz təsərrüfat sahəsinin nəzarətində olan ərazilərdə yaşanır. Çünki həmin təsərrüfatın baş həkimi Vidadi Bayramovu ev heyvanlarının sağlamlığı və insanların səhhətlərinin qorunması deyil, şəxsi maraqları daha çox maraqlandırır. Bunun üçün Vidadi həkim ilkin mərhələdə Gərdəz təsərrüfat sahəsini özünün şəxsi mülkünə və ailə təsərrüfatına çevirib. Onun oğlu Tural və yaxın adamı Xamayev Elşən Rövşən oğlu saxta diplomla adıçəkilən təsərrüfatda həkim işləyirlər. Məhz həmin saxtakar həkimlərin qoyduqları yanlış diaqnozlar və onların apardıqları yanlış müalicə-profilaktika tədbirləri nəticəsində heyvanlar tələf olurlar. Üstəlik heyvan sahibləri Elşən Xamayevə və Tural Bayramova xidmətləri qarşılığında pul ödəyir, dərman preparatlarının alınması üçün əlavə xərc çəkirlər. Ancaq heyvanlar tələf olduğundan heyvandarlara xeyli maddi ziyan vurulur. Mənbə bildirir ki, bu günə qədər heyvanları tələf olmuş və bu üzdən maddi ziyana düşmüş heyvandarlar saxta diplomlu həkimlərdən dəfələrlə şikayət etsələr də onların Gərdəz təsərrüfat sahəsində işləmələrinə heç bir maneə yoxdur. Çünki Gədəbəy rayon Baytarlıq İdarəsinin rəisi Akif Məmmədovla Vidadi Bayramovu bir-birlərinə yaxınlaşdıran və ortaq edən şəxsi maraqlar və mənafelər üst-üstə düşür. Çünki adıçəkilən məmurlar yalnız pul-varidat toplamaqla məşğuldurlar. Bütün bunlara görə də Gədəbəydəki heyvandarlıq təsərrüfatlarının taleyi qaranlıq qalıb. Heyvandarlar isə çıxış yolu kimi yuxarı instansiyalı aidiyyəti qurumlara şikayət etməyə hazırlaşırlar.

Növbəti yazılarımızda Gədəbəy rayonunda tələf olan heyvanların statistikası, onlara qoyulan səhv diaqnozlar, yanlış aparılan müalicə-profilaktika tədbirləri, Gədəbəy rayon Baytarlıq İdarəsinin rəisi Akif Məmmədovun, eləcə də həmin idarənin yerlərdəki sahələrinin bəzi həkimlərinin qanunsuz əməlləri barədə ətraflı məlumat verəcəyik.
Bolgexeber.com