BolgeXeber.Com » Bölgə » Qazaxda yolxucu xəstəliklər mənbəyi olan bazar

Qazaxda yolxucu xəstəliklər mənbəyi olan bazar

4-03-2014, 06:35
Oxunub: 4 355 Təəccüblənəsi heç nə yoxdur. Yəqin ki, bu yazıdan sonra bazar haqqında baş sındırmağın çoxdan vaxtı çatdığı barədə düşünüləcək.

Danılmazdı ki, milyonçudan tutmuş zəlillərə kimi hamının bazara işi düşür. İşimiz düşən yerdən nə alırıq, nə qazanırıq. Bax elə böyük dərd də budur. Dövlətimizi, millətimizi “sevənlər” müxtəlif fikirlər söyləyir, guya gələcəyimizə yazıqları gəlir. Axı sağlam dövlətə sağlam insanlar lazımdır. Digəl ki, məcburi işimiz düşən yerdən xəstəlik alırıq, evimizə torba dolu mikroblar gətiririk. Birdən deyəcəksiniz ki, lazımi qədər nəzarətedici orqanlar, qurumlar var. Əlbəttə, yoxdur demirəm. Əgər nəzarət edənlər özlərinin, övladlarının tam sağlamlığına əmindirlərsə, deməli şükür etməyə dəyər. Ona görə ki, demək məmləkətimizdə 10-15% sağlam insanlar var. Qazax kolxoz (bu bazar hazırda “Nazim” MMC adlanır) bazrına nəzər yetirəndə adamı dəhşət bürüyür, istəyirsən gözlərini yumub bazarı tərk edəsən. Bir anlıq fikirləşirsən. Evə adam əliboş qayıdanda evdəkilərə nə deyəcəksən? Ona görə də məcbur olub gecələr bir yana, gündüzlər də siçan-siçovulların mühafizə etdikləri ərzaq və digər məhsullardan dadmalı oluruq.
Bilmirik kimlərin təşəbbüsü ilə Qazax kolxoz bazarının arxa tərəfinə, yolun ortasına 30-dan çox qırıq, salxaq köşklər düzülüb. Həmin köşklərdə ət məmulatlarıından tutmuş quş iliyinə kimi satılır. Şübhəsiz ki, gündüz etdiyimiz bazarlığı gecələr nələr mühafizə etdiklərini, qaçma-tutma oynadıqları adamın gözlərinin önünə gəlir. Evə bazrlıq edəndə kubik daşların üstünə qoyulmuş taxta-dəmir köşklərin altından boylanan siçovullar adama gözlərini bərəldir. Di oğulsan aldıqlarını iştaha ilə ye...
Dəfələrlə bu görkəmdən etiraz edənlər olub. Məlum olub ki, hər köşkün arxasında bir dövlət məmuru dayanıb. Maraqlıdır, görmüşük dövlət məmuru insanların sağlamlığına can yandırar. Amma Qazax kolxoz bazarını antisanitariya, natəmizlik başına götürüb. Belə çıxır ki, pulu sağlamlıqdan üstün tuturlar. Bu barədə düşünməyə dəyər. Var-dövlət sağlamlıq demək deyil. Sözün açığı bazardakı biabırçılıq barəsində dəfələrlə müxtəlif ünvanlara müraciətlər olunub. Hər dəfə bildirirlər ki, “yaxın zamanlarda yeni bazar tikiləcək. Gördükləriniz keçmişdə qalacaq”. Səbr etməklə sağlamlığımızı itirmək zonunda idik. İki il öncə kolxoz bazarının bir hissəsində tikinti işləri başlandı. Rayona yayıldı ki, bir nəfər iş adamı həmin yerdə hər bir şəraitə uyğun ticarət mərkəzi tikir. Sevindik. Antisanitariyaya, natəmizliyə son qoyulacağınəı düşündük. Hazırda həmin ticarət mərkəzi istifadəyə verilib. Təəssüflər olsun ki, siçan-siçovullar oynaşan köşklərdə yenə alqı-satqı davam edir. Tullantılar ticarət mərkəzinin qapılarının ağzına atılır. Natəmizlik qəsdən yaradılır. Görünür, rayon əhalisinin arzularının çin olmasına imkan verməyənlər daha güclüdür.
Bu günlərdə bizi məlumatlandırdılar ki, həmin 30 ədəd köşk bir neçə il öncə şəhid və əlil ailələrinə müvəqqəti kömək üçün nəzərdə tutulmuşdu. Köşklərdən vergi və digər ödəmələrdən yayınanlar istifadə edirlər. Bunun nəticəsidir ki, möhtəkir hesab edilən həmin şəxslərin şəxsi marağı alıcıların marağından ön sahəyə keçib. Yəni, küçədə natəmizlik şəraitində satdıqları məhsulun kimə nə cür ziyan vurması onıarı maraqlandırmır, əsas odur ki, pul çıxsın. Ağrımaz başını ağrıtmaq istəməyən Qazax rayon rəhbərliyi də hələ ki, reaksiyasızlığı ilə diqqəti cəlb edir. Məsələ o vaxt şiddətlənəcək ki, rayonda əhali müxtəlif cür xəstəliklərə yoluxacaq. Təbii ki, rəhbərlik onda ciddi məsuliyyətə cəlb ediləcəkdir.