BolgeXeber.Com » Bölgə » Astara gömrük məntəqəsində qanunsuzluq baş alıb gedir

Astara gömrük məntəqəsində qanunsuzluq baş alıb gedir

6-03-2014, 11:15
Oxunub: 4 565 Gətirilən mallar ümumiyyətlə qeydiyyata alınmır

Azərbaycanın gömrük sistemində korrupsiya və rüşvətin geniş yayılması haqqında mətbuatda çox yazılıb. Mətbuat bunu sahibkarların başına gələn saysız-hesabsız korrupsiya halları ilə bağlı dəfələrlə işıqlandırsa da, amma vəziyyət daha pis hal almaqda davam edir. Heç kimə sirr deyil ki, xüsusən xaricdən idxal edilən məhsulları ölkəyə keçirmək üçün sahibkarlar qazanclarının bəzən 70-80 faizini əvvəlcədən gömrükdə rüşvət olaraq verməli olurlar. Sahibkarlar üçün ixrac olunan malları da sərhəddən rüşvətsiz keçirmək mümkün deyil. Bəlkə də buna görədir ki, neft və neft məhsulları istisna olmaqla, ölkədən xaricə ixrac olunan malların həcmi ildən-ilə azalır. Ancaq mövzumuz bu deyil.

Qeyd edək ki, Azərbaycan gömrükçüləri milyardların büdcədən gizlədilməsi, əvəzində şəxsi ciblərə axan vəsaitin həcminin artırılması üçün ən müxtəlif metodlar fikirləşib, bu sahədə təkmilləşdirmələr aparıblar. Gömrükdə hazırda idxal-ixrac statistikasının saxtalaşdırılmasında əsasən iki formadan istifadə olunur. Birincisi, “sövdələşmə” olduqdan sonra ya gətirilən məhsulun həcmi azaldılır, yaxud da onların dəyəri idxal olunan ölkədəki dəyərdən daha aşağı göstərilir ki, vergidən yayınma imkanları olsun. Və büdcədən gizlədilən məbləğ, nağd şəkildə sahibkardan alınır.

Ikincisi, gətirilən mallar ümumiyyətlə qeydiyyata alınmır. Gömrükdə qurulan rüşvət sistemi yalnız sahibkarlara deyil, eləcə də dövlət büdcəsinə, ölkənin iqtisadi inkişafına ciddi zərbə vurur. Məsələ ondadır ki, sahibkarlardan rüşvət alan gömrükçülər idxal və ixrac olunan malların böyük hissəsini qeydiyyatdan yayındırırlar ki, bu da dövlət büdcəsinə bu sahədən daxil olan gəlirlərin artmasına imkan vermir. Dia.az-ın apardığı araşdırmalara görə, ölkəyə idxal olunan kütləvi istehlak mallarının 60 faizə yaxını ümumiyyətlə qeydiyyata alınmır.

Bunun nəticəsində hər il milyardlarla manatın büdcədən yayındırılaraq, şəxsi hesablara oturdulduğu bildirilir.

Redaksiyamıza Astara Gömrük-Keçid məntəqəsi ilə bağlı ilginc faktlar daxil olub. Məlumatlı mənbədən ötürülən informasiyada qeyd olunur ki, gömrükxana rəisi “Rokfeller” ləqəbli Hikmət Məmmədov işçilərinə gömrükdən İrana müalicə adı altında keçənlərdən alınan 10 manatlıq haqqın 50 manata qaldırılması barədə tapşırıq verib.

Mənbə iddia edir ki, guya bu tapşırıq İrana müalicə üçün gedənlərin sayının azalması üçündür: “Artıq Azərbaycan rəsmiləri İrana müalicə adı altında gedənlərin əksəriyyətin heç də şəfa dalınca getmədiklərini müəyyən ediblər. Amma buna baxmayaraq, bu şəkildə şübhəli məqama rşüvətin miqyasının qaldırılması ilə reaksiya verilməsi də gülməlidir. Hər halda Hikmət Məmmədov bir “gömrükçü” olaraq problemin həllini bunda görüb”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq...
Bolgexeber.com