BolgeXeber.Com » Bölgə » Bərdə təhsilində açınacaqlı vəziyyət

Bərdə təhsilində açınacaqlı vəziyyət

7-03-2014, 08:10
Oxunub: 4 301 Rzaqulu Şərifov Vidadi İsayevin «tələb»ini icra etmək üçün müəllimlərin əməkhaqqlarını kəsib

Rayon təhsil şöbəsinin müdirinin polis oğlu adam vurub?Rzaqulu Şərifov Bərdə Rayon Təhsil Şöbəsinin başına gəldikdən sonra rayon təhsili özünün tənüzzül dövrünü yaşamağa başlayıb. Belə ki, onun rayon təhsil şöbəsinin müdiri vəzifəsinə keçdikdən sonra əsas diqqətini şəxsi maraqlarının təmin olunmasına yönəltdiyini qeyd edən məlumatlı şəxsin sözlərinə görə, elə bu səbəbdən də Bərdədəki təhsil müəssisələrinin rəhbərləri hər ay Rzaqulu Şərifovun qəbulunda olur və irəli sürülmüş «tələb»ləri lazımi şəkildə icra edirlər.

Bərdə rayonunda 75 ümumtəhsil məktəbinin, o cümlədən 11 əsas, 5 ibtidai, 5 məktəbdənkənar təhsil müəssisəsi, 32 uşaq bağçası, 1 kollec, və 1 peşə liseyinin fəaliyyət göstərdiyini bildirən məlumatlı şəxs iddia edir ki, rayondakı orta məktəblərdə dərs deyən müəllimlərin bu ilin yanvar ayı üçün verilməli olan əməkhaqqları kəsilib.Gundelik-baku.com-un məsələ ilə bağlı əldə etdiyi bilgilərdə qeyd olunur ki, müəllimlərə verilməli olan əməkhaqqlar birbaşa təhsil şöbəsinin müdiri Rzaqulu Şərifova çatıb. Belə bir addımın atılmasının dəqiq səbəbləri hələlik bəlli deyil. Bilinən odur ki, yanvarın əvvəlindəcə yeni ilin ilk ayında əməkhaqqının olmayacağı ilə bağlı təhsil işçilərinə xəbərdarlıq edilib. Məlumatlı şəxsin sözlərinə görə, Rzaqulu Şərifov belə bir addım atmaqla Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin «tələb»ini icra etməyə çalışıb: «Belə ki, Bərdə rayonunda təmir-bərpa işləri gördürən icra başçısı Vidadi İsayev bu prosesə çəkiləcək xərcləri idarə və müəssisə rəhbərlərindən tələb edir. Bu zaman Bərdə Rayon Təhsil Şöbəsinin üzərinə də böyük məbləğdə «pay» düşüb. Rzaqulu Şərifov da öz növbəsində, tələb olunan vəsaiti bu yolla toplamağa çalışıb».

Hazırda Bərdədə məktəbli formasından tutmuş, gündəliyə qədər hər şeyin satıldığını deyən mənbə bunun əhalinin ciddi narazılığına səbəb olduğunu, lakin heç kimin deyilənlərə əhəmiyyət vermədiyini bildirdi:

«Bərdə Rayon Təhsil Şöbəsinin müdirinin müxtəlif qurumlarda himayədarları var. Məhz həmin şəxslərin yardımları ilə Rzaqulu Şərifovun oğlu rayon polis şöbəsinə işə düzəlib və hazırda orada çalışır. Onu da qeyd edim ki, bir müddət əvvəl rayon təhsil şöbəsinin müdirinin oğlu idarə etdiyi avtomobillə bir nəfəri vurub öldürüb. Lakin bu hadisənin üzərindən bir xeyli vaxt keçməsinə baxmayaraq, nə onunla bağlı hər hansı bir tədbir görüblər, nə də həbs ediblər».

Rayon təhsil şöbəsinin müdirinin Bərdədə elə də hörmətinin olmadığını vurğulayan məlumatlı şəxsin iddiasına görə, rayonda yerləşən əksər təhsil müəssisələrində, xüsusən də rayonun Bəcirəvan kənd məktəbində şagirdlərə pulsuz verilməli olan dərsliklər açıq satışa çıxarılıb: «Belə ki, paytaxtdan rayona göndərilən dərsliklər məktəblilərə pulsuz paylanmalı olsa da, valideynlər həmin kitabları rayon mərkəzindəki ticarət obyektlərindən almağa məcburdurlar.

Bu işi rayon təhsil şöbəsinin müdiri təşkil edir. Rzaqulu Şərifov məktəbli geyimi biznesinə də qoşulub. O, həmin geyimləri orta məktəblərə göndərtdirərək, onlardan bu geyimlərin satılmasını tələb edir. Hər bir məktəbli formasının üzərinə isə 10 manat əlavə pul qoyulur ki, bu da əlavə gəlir mənbəyi deməkdir. Təbii ki, bunun qarşılığında heç kim Bərdə Rayon Təhsil Şöbəsi tərəfindən qəbul olunmuş qərara etiraz etmir. Çünki etiraz edən şəxslər sonda Rzaqulu Şərifovun qəzəbinə tuz gələ bilərlər».

Mövzu ilə əlaqədar qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.