BolgeXeber.Com » Bölgə » Beyləqanda müharibə əlilinə qarşı özbaşnalıq

Beyləqanda müharibə əlilinə qarşı özbaşnalıq

7-03-2014, 12:40
Oxunub: 4 184 "Mən ölkənin müharibədə əlil olan ilk jurnalisti kimi imtiyaz sahibi olsam da mənə qarşı edilən bu qanunsuzluqları görüb dəhşətə gəldim"

Beyləqan rayonu Haramı sahəsi adlanan ərazidə məşğulluqlarını qurmuş müharibə əlilləri, veteran və məcburi köçkünlərin icarə torpaqlarının biabırçı surətdə əllərindən alınması barədə dəfələrlə mətbuatda informasiyalar verib.

Bizimxeber.az-ın məlumatına görə, 1992-ci ildən ərazidə məskunlaşan məcburi köçkünlərin Iqtisadi Inkişaf Nazirliyi, Sahibkarlığa Milli Kömək Fondu və Beyləqan rayon Icra Hakimiyyətinin birgə səyilə acınacaqlı hala salınmasından yazıb. Məcburi köçkünlərə məxsus örüş yerləri, otlaq sahələri və icarə torpaqları əllərindən alınıb. Əsasən əkinçilik və heyvandarlıqla məşğul olan əhali “analoqsuz inkişaf” sayəsində işsiz qalıb və gəlirlərdən mərhum olub. 48 məcburi köçkün ailəsi 219 nəfər (öz apardıqları statistikadan), digərləri 12 ailə – 42 nəfər olmaqla gəlirlərdən mərhum edilib. Maraqlısı budur ki, bütün qanunsuzluqlar ölkə başçısı Ilham Əliyevin adından edilib.

Həm Iqtisadi Inkişaf Nazirliyi, Sahibkarlığa Milli Kömək Fondu Əməkdaşları, həm də Beyləqan rayon Icra Hakimiyyəti əməkdaşları “buyruq qulları” olduqlarını və hətta bu layihəyə qarşı olduqlarını dəfələrlə məcburi köçkünlərin qarşısında bəyan ediblər. Bunu hər bir köçkün təsdiqləyə bilər. Ümumiyyətlə, ilk məktubundan son tenderinə kimi kütləvi saxtakarlıqlarla həyata keçirilən layihənin ayrı-ayrı detallarına diqqət yetirsək, bunun neft pullarını dağıtmaq xatirinə həyata keçirildiyini aydın görərik. Bildirirəm ki, zərər çəkmiş və bu “yel dəyirmanları”na qarşı çıxan bir şəxs kimi dəfələrlə ölkə başçısına, Baş nazirə və aidiyyəti orqanlara etdiyimiz müraciətlər şikayətçi olduğumuz Beyləqan rayonu IH-ə göndərilir.

Onların verdikləri cavabı oxumaq lətifə oxumaq kimi bir şeydi. Öncə torpaqların boş olduğunu, zəbt olunmadığını iddia edən bu qurum sonra komissiyaya “sənəd təqdim etməmək” bəhanəsi tapdı. 30 ha pambıq sahəsi olan, hər gün iş aparılan ərazinin sahibi, sən demə, gedib bunları tapıb deməliymiş ki, gəl mənim torpağımı əlimdən al. Məhz bu zehniyyət sahiblərinin ucbatından Qarabağ qazisi Zaur Həsənov haqqını ala bilmədən özünün yandırdı. Amma söz verirəm ki, bu prosesi Avropa Məhkəməsinə daşımaqla olsa belə özünü yandıranlar məmurlardan olacaq. Çünki ölkə başçısını müxtəlif yollarla aldadan və qanun pozuntularına getməyə sövq edənlərin əməlləri öz başlarında çatlayacaq. Beyləqan rayonu Haramı sahəsi dövlət fondu torpaqları qış otlaq sahəsi kimi 2006-cı ilədək Ağdam və Tərtər rayonlarının inzibati tabeliyində olub.

Məlum fərmandan sonra isə bu torpaqları Beyləqan rayonu Torpaq və xəritəçəkmə şöbəsinə veriblər. Lakin əhalini çaş-baş salmaq üçün Beyləqan rayonu aidiyyəti orqanları əvvəlcə sənədlərin onlara verilmədiyini, daha sonra itirdiklərini söyləyərək, “Leninsayağı Nikolayın borcundan” imtina yolu tutdular. Beyləqan rayon IH başçısının müavini Telman Məstanov, Sahibkarlığa Milli Kömək Fondunun əməkdaşı Nazim Qarayev, Beyləqan rayon Torpaq və xəritəçəkmə şöbəsinin müdiri, YAP rayon şöbəsinin sədri Rafayel Pəsiyev sənədləri danmaqla yanaşı razılaşmayanlara hədə-qorxu gələrək, polislərin köməyi ilə əkin yerlərini şumlayaraq ölkə başçısının adından bu işi gördüklərini dönə-dönə bildiriblər. Polislərə rəhbərlik edən Taleh Hüseynovun əməlləri ilə bağlı 102 xidmətinə müraciət etmişik. Şəxsən mənə yazdıqları ilkin cavabda IH sanki Iqtisadi Inkişaf Nazirliyi ilə birgə cümlə quraraq bildirmişdi: “Beyləqan rayonu IH tərəfindən Ağdam rayonunda fəaliyyət göstərən ”Sığnaq” firmasına torpaq ayrılmamışdır”.

Bu cavabı yazanlar uzun yazışmadan sonra Vətən müharibəsi iştirakçılarından təşkil olunmuş “Sığnaq” firmasına məxsus 50 ha torpaq sahəsinin, orada əmlakın olduğunu etiraf etsələr də 125 m2 fermaya, 53 ədəd ağaca, subartezian quyusuna, transformator yarımstansiyasına, su xəttinə, 20 tonluq qüllə çənə, 3 naqilli elektrik xətti – 2550 metrlik, 13 ədəd dəmir-beton dirəyə, 3 keçid və dəhnə daxil olmaqla 6350 m baş arxa və s. cəmi 5 min manat təklif edirlər.

Əvvəla IIN, həmçinin Beyləqan rayonu IH əməkdaşları “kompensasiya” sözünün “əvəzləmə” anlamında işləndiyini bilməsələr belə bu layihəyə qərar verən Nazirlər Kabinetinin tərtib etdiyi “Torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilməsi və həmin torpaq sahəsi ilə bağlı kompensasiyanın müəyyən edilməsi barədə müqavilə”nin heç olmasa özünü belə oxumayıblar. “Müqavilənin məqsədləri üçün tərəflər qarşılıqlı razılıq əldə edirlər ki, bu müqavilə əsasında icarədara ödənilməsi nəzərdə tutulan kompensasiyanın məbləğinə göstərilən qış otlaq sahəsinə olan icarə hüquqlarına xitam verilməsi, həmin sahə üzərində yerləşən tikili və qurğuların, ağacların dəyəri, torpaq sahəsinə olan icarə hüquqlarına xitam verilməsi nəticəsində icarədarın gəlirləri ilə bağlı yaşayan və işləyən şəxslərin köçürülməsi, torpaq sahəsi və onun boşaldılması ilə əlaqədar icarədarın məruz qaldığı və yaxud qala biləcəyi bütün digər xərclər daxildir”.

Mən ölkənin müharibədə əlil olan ilk jurnalisti kimi imtiyaz sahibi olsam da mənə qarşı edilən bu qanunsuzluqları görüb dəhşətə gəldim. Ölkə Prezidentinə, Nazirlər Kabinetinə, Iqtisadi Inkişaf Nazirliyinə, Beyləqan rayon IH-ə edilən çoxsaylı müraciətlərə indiyədək normal cavab almaq əvəzinə, gülünc ittihamlarla üzləşirik: “Siz dövlət başçısının qərarına qarşı çıxırsınız”. Əcaba bu layihənin ilk məktubundan tutmuş, Nazirlər Kabinetinin əkinə icazəsi olmayan Haramı otlaq sahəsinə bir neçə ay sonra icazə verməsinədək qanunsuzluqlarla; məcburi köçkünlərin məşğulluğunu zorla əllərindən almaqla yeni iş yerləri yaratmaq iddiasıyla ölkə başçısını aldadanlar görəsən kimə qarşı çıxır?

0Ölkə Prezidentinə son dəfə etdiyim müraciətin cavabını gözləməkdəyəm. Faktiki heç bir dövlət pulu xərclənmədən, heç bir neft pulu göyə sovrulmadan 2012-ci ildə 20 ton buğda, 92,6 ton kondisiya çəkidə xam pambıq istehsal edən “Sığnaq” firmasının fəaliyyətini IIN, Sahibkarlığa Milli Kömək Fondu və Beyləqan rayonu IH iflic edib. Bir müharibə əlilinin şəxsi vəsaiti ilə qurulmuş əmlakı darmadağın edilib. Bu, cinayət hadisəsidir və biz bu fakta uyğun kimsədən cavab ala bilmirik. Ümid edirik ki, bu yazılarla həyata keçirilən layihənin hansı ölkə qanunlarının ayaqlar altına saldığını faktlarla sübut edəcəyik.
Bolgexeber.com