BolgeXeber.Com » Bölgə » Şamaxının icra başçısından növbəti şok addım

Şamaxının icra başçısından növbəti şok addım

23-09-2011, 17:40
Oxunub: 5 097 Şamaxının icra başçısı Asif Məmmədov cəmiyyət tərəfindən çaşqınlıqla qarşılanan növbəti addımını atıb.

İcra başçısı bu dəfə Şamaxının düz mərkəzində icra hakimiyyətinin binası ilə üzbəüz yerləşən Heydər Əliyev Parkını satıb. Bu barədə Bolgexeber.com-a Şamaxıdan olan ictimai fəallar məlumat veriblər. Onlar bildirib ki, Şamaxının icra başçısı Heydər Əliyev Parkının bir hissəsini yeri sahibkarlardan birinə 50 min manat müqabilində satıb. Artıq parkın satılan hissəsində böyük qazma işlərinə başlanıb. Həmin ərazidə univermaq tikintisi nəzərdə tutulur.

Maraqlı faktlardan biri də icra başçısının satdığı ərazidə onlarla ağacın bir gecənin içində kəsilməsidir. Kəsilən ağacların 40-50 il əvvəl əkildiyi bildirilir.

Qeyd edək ki, Şamaxının icra başçısı bu rayona təyinat alandan sonra mətbuatın diqqət mərkəzində olub. Başçı bir müddət əvvəl Şamaxının mərkəzində Eşşəyə heykəl qoyduğuna görə ölkə mətbuatının qınağına səbəb olmuşdu. Hətta məsələ o dərəcədə böyümüşdü ki, həmin Eşşək abidəsi sakinlər tərəfindən uçurulmuş, baş verənlər ölkə boyu rezonans yaratmışdı.

Xatırladaq ki, A. Məmmədovun qardaşı İqbal Məmmədov da Milli Məclisin deputatıdır.

Bu dəfə isə baş verənlər olduqca ciddi faktlarla bağlıdır.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.