BolgeXeber.Com » Bölgə » Masallıda "lallar" nəsli yetişir

Masallıda "lallar" nəsli yetişir

6-10-2011, 19:00
Oxunub: 5 831 Qəzənfər Ağayevin 5 illik fəaliyyətinin hesabatı.

Qəzənfər Ağayev icra başçısı kimi 5-ci ili başa vurdu. Sentyabrın 30-da Yardımlıdakı 9 aylıq İcra başçısı postundan Masallıya, eyni vəzifəyə transfer edən Qəzənfər Ağayev artıq bu gün 5 illiyini bayram etmək məqamındadır.

Biz bu 5 ildə Qəzənfər Ağayevin fəaliyyətini çox saf-çürük etdik, Şəhər mərkəzində yüzlərlə ağacın kəsilib Masallının “ciyərini” çıxartmasından tutmuş,
yenidənqurma adı ilə onlarla sahibkarın əmlakını viran etməsinə qədər, Abıyevlərlə davasından tutmuş sahibkar Həşimovların ata-bala həbs edilməsinədək, dükan yerlərinin “tas”larının bir neçə dəfə artmasından kadr təyinatının əsil bazara çevrilməsinədək, mənasız, vecsiz şəxslərin yüksək postlara gətirilməsindən, yaltaqlara, “işvərənlərə” geniş meydan verilməsinədək, eləcə də rayonda gündən günə yüksələn məmur özbaşınalığından, rüşvətxorluqdan, narkomaniyanın çiçəklənməsindən və sair məsələlərdən yazdıq. Həm də dəfələrlə yazdıq, kəskin tənqid etdik, bəzən tənqiddən də bir az o yana keçdik. Lakin, təəssüf ki, səsimizə səs verənlər çox az oldu. Kimlərin ki, haqqını qoruduq, “sağ ol” əvəzinə giley eşitdik, dəstək vermək vəzinə bəzi ziyalılar üzümüzə duranların sırasında dayandı. Olmazın təzyiqlərlə üzləşdik. Hətta qəzetimizə başsağlığı verməyə qorxan ziyalı, ağsaqqallar gördük. Bu o demək deyil ki, yazmaqdan bezmişik, daha yazmayacağıq. Yəqin ki, Qəzənfər Ağayevin haqqında “bu həftə gedir”, “gələn həftə postun tərk edir” söz-söhbətlər reallaşmasa, biz yenə məqamı gələndə sözümüzü deyəcəyik. Yaxud da onu əvəzləyəcək şəxs haqqında. Yəni, təkcə tənqidləri yox, müsbətləri də deyəcəyik. Yenə də problemləri araşdıracaq, icra başçısı olsun, polis rəisi, yaxud məhkəmə hakimi fərq eləməz, “cızığı” keçəcəklərsə, haqqı nahaqqın ayağına verəcəklərsə, pula görə vicdanı, abır-həyanı ayaq altına atacaqlarsa, qəzet kimi mövqeyimizi bildirəcəyik. Amma bu dəfə çalışdıq ki, şansı oxuculara verək. Ötən sayımızdakı anons yəqin ki, yadınızdadır:

“Qəzənfər Ağayevin 5 ili.

Kim bu illəri necə qiymətləndirir?


Siyasi mənsubiyyətindən asılı olmayaraq- iqtidar yönlü, müxalifət yönlü olmasına fərq qoymadan, istənilən ağsaqqalın, ziyalının, gənc fəalın və digələrinin bu barədə fikirlərinə heç bir müdaxilə etmədən, şərh vermədən yer ayırmağa hazırıq. Beləliklə söz Sizindir. Bu dəfə Biz yox. Siz danışacaqsınız”

Təəssüf ki, heç kim danışmadı. Nə iqtidarı, nə müxalifəti, nə qeyri-hökumət təşkilatı, nə ziyalısı, nə ağsaqqalı. Hamı istəyir ki, onun əvəzinə biz danışaq, biz vuruşaq, biz təzyiqlərə tablaşaq. Sağ qalsaq qalmışıq, qalmasaq...Allah rəhmət eləsin.
. Bunların isə nə malına dəyən olsun, nə mülkünə. Nə övladlarına güldən ağır söz deyən olsun, nə əmək haqlarından 1 manat əskik olsun.. Hələ bunlar azmış kimi bizi qınayanlar da tapılır.
Vaxtı ilə yaxdığımız kimi “Qorxularından qəzetimizi paçaları arasında oxuyanlar bizə cəsarət dərsi verməyə çalışır” .

200 minlik əhalisi olan rayondan 5 nəfər danışan kişi tapmadıq. Doğrudanmı, bizdə “lallar” nəsli yetişir. Tənqid deməyə qorxdunuz, təklif deyəydiniz, lap tərif deyəydiniz.
Əslində elə bu da Qəzənfər Ağayev və o təbiətli insanların üzdəniraq xidmətdir ki, bütün dünyanın dil açdığı bir vaxtda “lallar” dünyasına meydan verir, danışanlara şans verməkdən daha çox “danışan dilləri” susdurmağa, aşkarlığa yox. “qaranlığa” meyillidir.
Amma bütün hallarda hər insan, xüsusən özünü ziyalı, ağsaqqalı sayan insan haqq sözü deməyə heç vaxt çəkinməməli, zülümkarın yanında yox, zülmə məruz qalanın yanında olmalıdır. Bir tikə çörəyə görə əzilənlərin, haqq sözə görə təqib olunanları hayına gəlməlidir. Məşhur dissident Solijentsinin dili ilə desək, haqqı deyə bilmirsinizsə, heç omasa yalana dəstək verməməlidir.

Müxtəlif maskalar altında özünüzü bizə demokrat kimi göstərməyin. Bir balaca silkələnək, sağa da baxaq. Sola da baxaq, bir addım da olsa yerimizdən tərpənib irəli addımlayaq.
Bəli, biz Sizə meydan verdik. Amma hamınız susdunuz. Yenə də istədiniz ki, hamınız tamaşaçı olasınız, təkcə biz danışaq. Bir çiçəklə bahar olurmu? İnsan da öndə gedənlərini bu qədər istismar edərmi?

Son əvəzi. Bəziləri üçün əsil bayrama çevriləcək Qəzənfər Ağayevin 5 illik bayramında bəzilərinin kefini kökəltmək üçün yazını mövzu ilə bağlı bir əhvalatla bitirmək istəyirəm.

Deməli, qədim zamanlarda qadın həvəskarı olan bir şəxs peyğəmbər məhəbbəti arxasında gizlənərək, harada yaraşıqlı bir zənən görürmüş, küçədə, dükanda olmasına baxmayaraq, elə həmin an “Ya Məhəmməd hümməti” deyib, onun qucaqlayır, öpür, oxşayırmış. Guya bu Məhəmməd hümmətə görəndə ona məhəbbətini, ehtiramını saxlaya bilmir. Həmin şəxsin bu əməli bütün şəhərə yayılır və nəhayət, padşaha da çatır
Padşah bu şəxs öz yanına çağırır. Vəzir-vəkilinin iştirakı ilə keçirilən, həmin qadınları qucaqlayan şəxsin də əyləşdiyi məclisə olduqca əyalətdə ən idbar, eybəcər və iyrənc qadınlar da dəvət edir. Və padşah həmin şəxsə müraciətlə deyir: - Ey, Məhəmməd hümmətini görəndə məhəbbətini, nəvazişini saxlaya bilməyən şəxs, get, bu qadınlara ehtiramını göstər, onları öp, öxşa, Axı, onlar da Məhəmməd hümmətdir. Gözəl qadınların aşiqi olan şəxs baxıb görür ki, bu eybəcər qadınlara heç cür yaxın getməli deyil. Hansına baxırsan, ürək bulanır. Bir qədər fikirləşəndən üzünü padşaha tutub deyir:
- Şah sağ olsun, mən bütün Məhəmməd hümmətini sevirəm, amma bu demək deyil ki, elə onların hamısını mən qucaqlayıb, öpməliyəm ki, qoy, bir-ikisini də, sizin vəzir-vəkillər, elə sizin özünüz öpüb, oxşayıb, savaba batın.

Yəqin ki, şərhə ehtiyac yoxdur. “Aramızda qalsın” filmindəki Dilbərin sözü olmasın - “Daha deməyin ki, Dilbər demədi”

Qəzənfər müəllimi isə Masallıdakı 5 illik fəaliyyəti münasibəti ilə təbrik edib, ona uğurlar arzulayıb, sonda isə bir arzumuzu bildiririk - palma ağacının kölgəsində, yaxuda da “Cənnət bağında” bu bayram günündə bir xəyala dalıb düşünəsiniz – Bəlkə rayonu daha yaxşı idarə etmək olar, insanlara, xüsusən fərqli düşünənlərə daha ədalətli, daha mərhəmətlə, məhəbbətlə, daha ağayana münasibət göstərmək olar.

Zahir Əmənov
cenubxeberleri