BolgeXeber.Com » Bölgə » Oğuzun icra başçısının əməlləri rayonu tənəzzülə aparır

Oğuzun icra başçısının əməlləri rayonu tənəzzülə aparır

31-05-2014, 11:55
Oxunub: 2 902 Yerli əhali Eyvaz Qurbanovun idarəçiliyindən narazıdır

Vəzifəsinə yetərincə məsuliyyət göstərməyən məmurlardan biri də Oğuz Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Eyvaz Qurbanovdur desək, yəqin ki, fikrimizdə yanılmarıq. Bu günə qədər adı müxtəlif qalmaqallı işlərdə hallanan icra başçısının səbəb olduğu qanunsuzluqlarla bağlı əvvəlki saylarımızda ətraflı məlumat vermişdik. Dərin təəssüf hissi ilə bildirmək istəyirik ki, rayon rəhbəri işindəki nöqsanları aradan qaldırıb Oğuz sakinlərinin sosial problemlərini həll etmək, onlara xoş güzəran bəxş etmək əvəzinə, hər gün yeni özbaşınalıqlar törədir. Rayondakı adının çəkilməməsini xahiş edən mənbənin redaksiyamıza verdiyi məlumatlarda bildirilir ki, Eyvaz Qurbanovun rəhbərliyi altında Oğuz tənəzzülə doğru gedir.

Mənbənin dediyinə əsasən regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər rayonda istənilən səviyyədə həyata keçirilməyib: «Ölkə rəhbəri Oğuzun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün bir neçə dəfə büdcədən vəsait ayırsa da, icra başçısı həmin məbləğləri təyinatı üzrə sərf etməyib. Təmir-tikinti adı altında büdcə vəsaitləri mənimsənilir. Məsələn, müasir işıqlandırma sistemlərinin yaradılması, şəhər icra nümayəndəliyinin inzibati binasının təmir edilməsi, yağış kollektorlarının çəkilməsinə Rayon İcra Hakimiyyətinin büdcəsindən yüklü miqdarda vəsait ayrılıb. Bu işlərin bir çoxunu icra hakiminə yaxın olan şirkətlər həyata keçirib. Amma görülən işlərin keyfiyyəti çox aşağı olub. Ona görə ki, pulun çox hissəsi «silinib». Camaat başçının idarəçiliyindən narazıdır. Son üç ildə rayonda abadlıq-quruculuq işləri lazımi səviyyədə görülməyib. Yerli məmurların tamah dişləri Oğuzun inkişafına mane olur». Verilən məlumata görə, Oğuzda kommunal xidmət sahəsində də ciddi problemlər mövcuddur: «Əksər kəndlərdə əhalinin işıq, qaz və su ilə təminatı bərbad haldadır. İcra başçısının anadan olduğu Bucaq kəndində yaşayan insanlar içməli suyu qonşu kəndlərdən daşıyırlar. Kəndə mavi yanacaq da verilmir. Bayan, Calut, Sincan, Muxas, Baş Daşağıl, Xaçmaz, Ərmənət, Xalxal, Dəymədərə və digər kəndlərdə də əhali çətinliklərlə üzləşir. Oğuzluların ən böyük problemlərindən biri də yolların acınacaqlı halda olması ilə bağlıdır. Kənd yolları istifadəyə yararsız vəziyyətdədir. Sakinlər dəfələrlə İcra Hakimiyyətinin rəhbərliyinə müraciət edib, amma yolları düzəltmirlər. Payız və qış aylarında rayonda yaşayış daha dözülməz olur.

Problemlərdən biri də işsizliklə əlaqədardır. Normal maaş verən müəssisələr azdır. Buna görə də yerli əhali işləməkdən ötrü Bakıya və ya ətraf bölgələrə üz tuturlar». Məlumatda o da deyilir ki, Oğuzda super şəraitdə yaşayan insanlar bir tək Eyvaz Qurbanovun qohumları və yaxın ətrafıdır: «Başçının qohumları rayonda hegemonluq edirlər.

Meşə massivləri məmurun yaxın adamları tərəfindən məhv edilir. Bu işlərə məmurun rayon polis şöbəsinin əməkdaşı olan bacısı oğlu Orxan Həşimov nəzarət edir. Onun himayədarlığı altında odun biznesi ilə məşğul olan şəxslər meşələri məhv edib öz məqsədlərinə çatırlar. Bu işlə məşğul olanlar hər maşına görə Orxan Həşimovun «hörməti»ni edirlər. Başçının qohumlarına dəyib-dolaşan yoxdur. Onlar ürəkləri necə istəyirsə o cür də hərəkət edirlər. Səhiyyə sistemindəki problemləri də qeyd etmək lazımdır. Rayonda fəaliyyət göstərən 2 xəstəxana, 19 tibb məntəqəsi və 8 həkim məntəqəsində özbaşınalıq baş alıb gedir. Mərkəzi Xəstəxanaya hər il yüz minlərlə manat vəsait ayrılır.

Həmin pullar tibb məntəqələrinin cari təmiri, maşın və digər avadanlıqların alınması adı altında sənədləşdirilərək mənimsənilir. Tibbi xidmət isə yox səviyyəsindədir. Mərkəzi Xəstəxanada cərəyan edən hadisələrdən icra başçısının xəbəri var, amma o heç bir tədbir görmür. Çünki xəstəxananın baş həkimi vaxtı-vaxtında rayon rəhbərinin «xəcalətindən» çıxır». Mənbə həmçinin vurğulayır ki, Oğuz Suvarma Sistemləri İdarəsində də işlər qaydasında getmir. Onun sözlərinə görə, idarənin səlahiyyətinə kənd torpaqlarına suyun paylanması, kanalların çəkilməsi, drenlərin təmizlənməsi və sel sularından qorunmaq üçün kiçik çaylara bəndlərin vurulması kimi işlər daxildir ki, qurum bunların öhdəsindən istənilən səviyyədə gələ bilmir: «Son illər ərzində idarəyə yarım milyon manatdan çox vəsait ayrılıb. İdarə rəhbərliyi deyir ki, guya bu vəsaitlə texnikalara ehtiyat hissələri, tikinti materialları, elektrik və digər maşın avadanlıqları alınıb və su nasosları təmir edilib. Müəssisə rəhbərliyi başçı ilə anlaşaraq büdcə vəsaitlərinin bir hissəsini təyinatdan yayındırıb. Buna görə də Oğuzda məhsuldarlıq ildən-ilə aşağı düşür». Mənbənin fikirlərindən aydın olur ki, Eyvaz Qurbanovun qeyri-qanuni əməlləri yerli sakinlərə ciddi problemlər yaradıb. Odur ki, icra başçısının dəyişdirilməsi qaçılmazdır. Yəqin ki, yuxarı dairələr səviyyəsində icra başçısının fəaliyyəti araşdırılacaq və onun tutduğu postdan kənarlaşdırılmasına qərar veriləcək. gundelik-bakı