BolgeXeber.Com » Bölgə » Ət bazarında qiymətlər “canlanır”

Ət bazarında qiymətlər “canlanır”

29-10-2011, 11:05
Oxunub: 5 048 Müşfiq Həsənov: “Quş əti istehsalında da inhisarçılığın olması qiymətlərin artmasını şərtləndirir”

Bu gün ölkədə ət və ət məhsullarının qiymətində baş verən artım cəmiyyətdə ciddi müzakirə mövzusu olaraq qalmaqdadır. İlk öncə Bakıda yaşanan qiymət artımı indi regionlarda da hiss olunmaqdadır. Məsələyə münasibət bildirən ekspertlər isə qeyd edirlər ki, ümumilikdə ətin qiymətində baş verən artımın bir neçə səbəbi var.

Başlıca səbəb kimi ölkənin ət bazarının xarici bazarlardan asılı olması göstərilir ki, bu da qiymət artımına rəvac verən amillər arasında ciddi narazılıq doğurur. Belə ki, rəsmi statistikada ölkənin heyvandarlıq sahəsi üzrə inkişafın qeydə alındığı barəsində statistik məlumatlar yer almaqdadır. Rəsmi statistikaya əsasən, bu ilin ilk 9 ayı ərzində ümumilikdə kənd təsərrüfatı sahəsində əməli artım müşahidə olunub ki, bu da yaxın müddət ərzində əhalinin ərzaq təminatı baxımından ciddi problem olmayacağından xəbər verir. Ancaq reallıqda isə bu gün ölkənin ət bazarı xarici bazarlardan asılı vəziyyətdədir. Yəni, bu gün istifadə etdiyimiz ət və ət məhsulları Gürcüstan və Rusiyanın ayrı-ayrı vilayətlərindən gətirilən ətlərlə zənginləşdirilib ki, bunun nəticəsində daxili tələbatı ödəmək mümkün olur.

Aparılan araşdırmalar da onu deməyə əsas verir ki, ət məhsullarının qiymətində baş verən artım sözügedən ölkələrdə ətin qiymətinin artması ilə əlaqədardır. Satıcılar deyir ki. daha öncələr Gürcüstandan eləcə də Rusiya bazarlarından gətirilən ətin maya dəyəri ucuz başa gəlirdisə indi b u rəqəmlər arasında fərq əmələ gəlib. Bu rəqəmlər artan
xətt üzrə getdiyindən ətin qiyməti artıb. Yeri gəlmişkən ekspertlər ətin qiymətinin artması ilə bağlı daha tutarlı fakt kimi bu sahədə inhisarçılığın olmasını göstərirlər.

Qeyd olunur ki, bu sahədə olan inhisarçılar qarşıdan Qurban Bayramının gəldiyi üçün ətin qiymətini süni şəkildə artırıblar. Burada yeganə məqsəd daha çox gəlir əldə etməkdir. Ümumilikdə, bazarda aparılan araşdırmalar zamanı məlum olur ki, ətin qiymətində baş verən qiymət artımı quş ətinin də qiymətində artıma səbəb olub. Məsələyə münasibət bildirən kənd təsərrüfatı üzrə ekspert Müşfiq Həsənov deyib ki, quş ətinin qiymətinin artması bu sahədə olan problemlərlə əlaqədardır.

Burada başlıca problem kimi yem bazasının idxal yolu ilə təmin olunmasıdır ki, bu gün quş ətinin qiymətində artım baş verir: “Ölkədə yerli istehsal hələ o qədər inkişaf etməyib ki, quşçuluq təsərrüfatları yemə olan tələbatı daxili istehsal hesabına ödəsin. Aparılan araşdırmalar zamanı məlum olur ki, bu gün quş əti istehsal edən təsərrüfatların böyük əksəriyyəti yemə olan tələbatını idxal yolu ilə tənzimləyir. Yemə çəkilən xərclərin quşçuluq təsərrüfatlarının istehsal xərclərində çox böyük çəkiyə malik olmasını nəzərə alsaq qiymət artımının burdan qaynaqlandığının şahidi olarıq”.

Ekspert bildirib ki, quş ətini qiymətinin artmasına digər səbəb bu sahədə alternativ təsərrüfatçılıq formasının yaradılmamasıdır: “Bakı və Bakıətrafı qəsəbələrdə quş əti məhsulları kustar üsulu ilə istehsal olunur. Yəni, burda olan istehsalçıların böyük əksəriyyəti xırda təsərrüfatçılıq subyektlərinə aiddir ki, bu təsərrüfatlarda olan istehsalla daxili tələbatı ödəmək mümkün deyil. Bu sahədə olan problemlər ondan ibarətdir ki, bu gün quş əti istehsal edən xırda quşçuluq təsərrüfatları dövlətin onlar üçün yaratdığı imkanlardan istifadə etmək iqtidarında deyil. Yəni, aparılan araşdırmalar zamanı məlum olur ki, bu gün heç də bir çox xırda quşçuluq təsərrüfatları kredit imkanlarından yararlana bilmir. Ayrılan vəsait sonda onlara gedib çatmır. Hazırda kredit imkanlarından istifadə edə bilməyən xırda təsərrüfatların çoxu tənəzzül edir. Onlar istehsalı davam etdirmək gücündə olmadığından quş əti istehsal edən iri təsərrüfatçılıq subyektləri bazarda söz sahibinə çevrilir. Belə olan halda qiymətləri də iri quşçuluq təsərrüfatları diqtə edir. Bu da ondan xəbər verir ki, bu sahədə alternativlik yoxdur. Belə olan halda qiymətlərin artması qaçılmazdır”.

M.Həsənov onu da bildirdi ki, quş əti istehsalında da inhisarçılığın olması qiymətlərin artmasını şərtləndirir: “Qiymət artımına digər səbəb inhisarçılığın olmasıdır. İnhisarçılar müəyyən müddət qiymətləri stabil saxlamaqda maraqlı idilər. Sonradan mal ətinin qiymətini qaldırmaqla ölkədə quş ətinin də qiymətinin qaldırılmasında maraqlı olduqlarını ortaya qoydular. Ona görə də belə bir siyasət həyata keçirdilər ki, əvvəlcə mal ətinin qiymətini, daha sonra buna paralel olaraq quş ətinin də qiymətinin qaldırdılar”.

Bolgexeber.com