Eldar Əzizovun “üstü bəzək-altı təzək” siyasəti
1-11-2011, 16:10
Oxunub: 3 691
Və ya başıbəlalı Sumqayıt şəhərinin yeni “baş bəlası”
Uzun illər ölkənin ikinci paytaxtı Gəncənin rəhbəri, Bakı meri Hacıbala Abutalıbovun postuna ən iddialı namizədlərdən birincisi sayılan Eldar Əzizovun Sumqayıtda icra başçısı təyin olunması heç də birmənalı qarşılanmamışdı.
Sumqayıt şəhəri uzun illər Vaqif Əliyevin inhisarında qaldıqdan sonra Gəncənin “qolu zorlu” rəhbərinə tapşırıldıqda ilk reaksiyalar belə oldu ki, təzə başçı köhnə başçının atasına rəhmət oxutduracaq. Elə də oldu. Şəhərdən gələn son xəbərlərə nəzərə saldıqda, bəlli olur ki, Eldar Əzizov Vaqif Əliyevi nəinki unutdurub, hətta daha da irəli gedərək, Sumqayıt əhalisinin yaddaşında yeni izlər buraxıb.
Qərara aldıq ki, şəhərə səfərimiz sırasında burada yaşanan hadisələri, Eldar Əzizovun şəhərin başına açdığı “oyun”ları araşdıraq. Başçının “Sumqayıt macəraları”nı öyrənmək üçün çox əziyyət çəkəsi olmadıq. Şəhərdə qarşımıza çıxan 10 nəfərdən 9-u Eldar Əzizovun başçı seçildikdən sonra Sumqayıtda həyata keçirdiyi iştahatlardan danışır.
Şəhər sakinləri ilə söhbətimizdən aydın oldu ki, E. Əzizov da digər yeni icra başçıları kimi şəhərə gələndən buranı tikinti meydanına çevirib. Şəhərin mərkəzi küçələrindəki binaların fasadları böyük büdcə pulları hesabına rənglənsə də, bu binaların əksəriyyətinin zirzəmilərində olan suların, çirkabın təmizlənməməyi “üstü bəzək-altı təzək” misalının Sumqayıtda təsdiqini tapmasına səbəb olub.
Şəhərin bəzi mikrorayonlarında müasir, üstü bağlı mini-futbol meydançaları açılsa da, şəhər məktəblərinin stadionları bərbad vəziyyətdədir. Sakinlər deyir ki, bütün bu “fasad” siyasəti onu göstərir ki, E. Əzizov şəhərdəki köklü problemləri həll etmək yox, zahiri dəyişikliklərlə kimlərinsə başını aldatmaq niyyətindədir.
Şəhər əhalisinin dediyinə görə, bütün bu siyasətin altında isə Sumqayıtın büdcəsini bu cür “fasad inkişafı” talan etmək və büdcə pullarını müəyyən vasitələrlə silmək məqsədi yatır.
Sülh küçəsində yaşayan Talıbov Süleymanla söhbətimiz zamanı bəlli oldu ki, buradakı obyektlər məcburi qaydada bahalı şüşələrlə örtülür ki, buna görə də obyekt sahiblərindən böyüklüyündən asılı olaraq 5-10 min manat alınır. Sakin deyir ki, bütün bu işlər isə icra başçısına yaxın olan tikinti şirkətlərinin biri tərəfindən həyata keçirilir: “Sahibkarlara yalnız bu məbləği üç dəfəyə hesaba köçürmək imkanı verilir. Sahibkarların əksəriyyəti isə bu şərtlərə razı olmaq məcburiyyətində qalır. Çünki onlara açıq-aşkar xəbərdarlıq edilib ki, əks təqdirdə onlara işləməyə imkan verməyəcəklər. Belə çıxır ki, şəhər sakinlərin hesabına abadlaşır. Sahibkarlar həm dövlətə vergi, həm də dövlət səviyyəsində olan “reket”lərə haqq verir” deyə, vətəndaş ürək ağrısı ilə qeyd edir.
Şəhərdə olarkən, burada intensiv formada keçirilən yarmarkalarla bağlı da məlumat topladıq. Dövlət səviyyəsində təşkil olunan bu yarmarkaların da əhalinin həyat şəraitinin yüngülləşdirilməsinə deyil, onlara daha da problem yaratmağa hesablandığı bəlli oldu.
Hər şənbə günü şəhərin keçmiş trolleybus parkının ərazisində dövlət səviyyəsində açılan yarmarkalarda mal satmaq sənəddə pulsuz olsa da, əslində burada ticarətlə məşğul olan hər kəs bazarın müdiriyyətinə qanunsuz olaraq haqq ödəməlidir. Bunu da bazarda hər yarmarka günü ticarətlə məşğul olan sakinlərdən biri deyir. Kiçik ticarətçinin sözlərinə görə, hökumət bahalaşmanın qarşısını almaq əvəzinə insanlara daha da problem yaradır.
Kənd təsərrüfatı ilə məşğul olan sahibkarların öz məhsulunu birbaşa alıcıya çatdıra bilməsi üçün açılan bu cür yarmarkalarda nə qiymətlər ucuzdur, nə də keyfiyyət yüksəkdir. Bu baxımdan artıq bir neçə ildir fəaliyyətə göstərən və hökumət tərəfindən əhaliyə qayğı kimi sırınan bu yarmarkalar əhalinin ümidlərini doğrultmayıb. Ölkənin bir çox şəhər və rayonlarında daha çox gözdən pərdə asmaq üçün açılan digər yarmarkalar kimi Sumqayıtdakı yarmarkada da vəziyyət heç də qənaətbəxş deyil. Burada bəzi məhsullar ucuz olsa da, alıcılar tərəzidə aldadılır, ən azından tərəzilərə nəzarət yoxdur. Məhsulların əksəriyyətinin keyfiyyəti isə aşağıdır. Yarmarka əsasən, öz məsulunu satan fermerlər, adi şəxslər üçün nəzərdə tutulsa da, burada əsas etibarı ilə bazar adamları, dəllallar alver edir ki, onlar da məhsulu bir qayda olaraq rayonlardan yox, elə topdansatış mərkəzlərindən gətirir.
Yarmarkada yerpulu yığan Kamal adlı şəxslə söhbətimizdə bəlli oldu ki, bazarda mikroavtobuslardan mal satanlardan yerpulu kimi 4-5 manat, böyük yük maşınlarından 5-10 manat (yerdən və tanışlıqdan asılı olaraq), yüngül maşınlardan isə bir qayda olaraq 3 manat alınır. Bundan başqa az yer tutan və az malı olanlardan “insaflı” olaraq 50 qəpik - 1 manat alınır. Pul həm yarmarkanın içindən, həm də onun çölündən yığılır. Pul yığımı qanunsuz olduğundan (dövlətin və şəhər rəhbərliyinin qərarına görə yarmarkada bir qəpik belə yerpulu verilməməlidir) təbii ki, çek verilmir.
Hər həftə yarmarkada ticarətlə məşğul olan yüzlərlə adamdan kifayət qədər böyük pul yığılmasına baxmayaraq, yarmarkanın içi və çölü çox acınacaqlı vəziyyətdədir. Yağışlı-qarlı gündə bura daha da keçilməz hala düşür. Nə əvvəlki mer Vaqif Əliyev, nə də Eldar Əzizov yinsanların normal alış-veriş etməsi üçün heç bir şərait yaratmayıb. Yarmarka 15-20 il əvvəlki vəziyyətinə heç bir əl gəzdirilməyib, burada heç bir abadlıq işi görülməyib. Yarmarka daha çox orta əsr feodal-natural bazarlarını xatırladır. Yarmarkada daimi yer almaq və yaxşı yer üçün əlavə və artıq yer pulu verilir.
Bundan başqa yarmarkada tam antisanitariya mühiti hökm sürür. Qida məhsulları az qala palçığın, toz-torpağın içində satılır. Onu da öyrəndik ki, yarmarkada ət satanlardan hər gün mülki geyimli şəxs həkim adı ilə 1 manat haqq alır, ancaq yarmarkaya satış üçün daxil olan ət məhsulları qətiyyən yoxlanılmır, sadəcə heyvan cəmdəklərinə yoxlanılıbmış kimi möhür vurulur. Yarmarkada ucuz mal əti adı ilə camış əti satmaq adi haldır, ancaq çox az alıcı mal ətini camış ətindən ayırd edə bilir.
Bildiyiniz kimi, camış əti mal ətindən bir xeyli ucuzdur. Hətta deyilənə görə, bazarda zahirən mal ətindən o qədər də fərqlənməyən at əti də satılır. Yarmarka rəhbərliyi və polis ümumiyyətlə, pul müqabilində hər cür fırıldağa göz yumur. Ətin burada bazar bağlanana yaxın və bəziləri tərəfindən elə bütün günü 4 manata satılması ad bu şübhələrin yaranmasına səbəb olur.
Yarmarkada alver edənlərin bir çoxu adi günlərdə Sumqayıtın “Şərq” və “Kolxoz“ bazarlarında mal satanlardır. Sadəcə olaraq, adıçəkilən bazarlarda yerpulu çox olduğundan (gündəlik 20-30 manata yaxın ki, bunun içində polisə, həkimə və bazara verilən pul var) və yarmarkada yerpulu xeyli az olduğundan bura onları özünə cəlb edir.
Qeyd edək ki, ümumiyyətlə bazarlarda kənd təsərrüfatı mallarının baha olmasının əsas səbəblərindən biri də satıcıların xərcinin çox olması səbəbindən malı baha satmağa məcbur olmasıdır ki, bu da son nəticədə onsuz da pis gündə olan əhalinin cibinə girməkdir.
Bu yarmarkaların bir mənfi tərəfi də onların şəhərdən aralı olması və ora birbaşa nəqliyyatın olmamasıdır. Bu da bir çoxlarının yarmarkalara getməsinə problem yaradır.
Xatırladaq ki, Sumqayıtda digər yarmarka bazar günü daha şəhərdən uzaqda –Hacı Zeynalabdin qəsəbəsində olur.
Sumqayıtdan bu dəfəlik bu qədər. Ümid edək ki, icra başçısı Eldar Əzizov növbəti Sumqayıt səfərimizdə bizə yazmağa daha müsbət şeylər təqdim edər və biz də bu dəfəki səfərimizdəki bütün neqativləri gələn dəfə görmərik.
Çox Oxunanlar
- 28-02-2023, 14:47 : Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun doğum günü münasibəti ilə tədbir keçirilib
Bölgə / Xəbərlər
- 26-02-2023, 11:44 : Xocalı Soyqırımından 31 il ötür
Gündəm / Xəbərlər
- 28-02-2023, 09:31 : Bu gün Od Çərşənbəsidir
Gündəm / Xəbərlər
- 6-03-2023, 15:17 : DYP bu şəxslərə MÜRACİƏT ETDİ
Gündəm / Xəbərlər
- 27-02-2023, 12:20 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 1-03-2023, 10:27 : Azərbaycanda hündür mərtəbəli binalara QADAĞA QOYULUR?- ŞOK İDDİA
Sosial / Xəbərlər
- 25-02-2023, 09:30 : Vəziyyət GƏRGİNDİR- Alimlər HƏYƏCAN TƏBİLİ ÇALIR
Sosial / Xəbərlər
- 27-02-2023, 10:20 : Bu yollardan istifadə edən SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 4-03-2023, 15:43 : Marketdə baş verən hadisənin pərdəarxası tərəfi
Gündəm / Xəbərlər
- 6-03-2023, 13:01 : Bu gün Xalqxeber.Az xəbər saytının 11 yaşı tamam olur
Gündəm / Xəbərlər