BolgeXeber.Com » Bölgə » Masallıda vəzifə dəyişikliyi

Masallıda vəzifə dəyişikliyi

17-11-2011, 14:15
Oxunub: 5 061 Görəsən evində 300-400 pensiya kartı saxlayan dəllallar yenə də bu idarədə at oynadacaq, ya yox?

20 gün öncə “ DSMF yenə “gül” vurdu adlı yazı çap etmişdik. Yazıda qeyd etmişdik ki, burada yalançı pensiyaçıların kütləvi “istehsalına” başlanılıb. Yəni stajı olmayanlar üçün yalançı staj, xəstə olmayanlar üçün saxta xəstəlik kağızları təşkil edilib. Saxtakarlıqdan gələn pulu daha sanballı etmək üçün “xəstələrin” çoxunu gözlərini “kor” ediblər. Çünki bu xəstəliklə pensiyaya çıxanlar daha yüksək pensiya alırlar. Təkcə bir Muğan kəndində 90 nəfərə yaxın gözdən əlil xəstə təşkil edilib.

Həmçinin yazmışdıq ki, yoxlama gedişində bu işin əsas dəllalları bir neçə gün həyəcanlı anlar yaşayıb, hətta “CİP”-i olanlar nəzərdən yayınmaq üçün əllərinə əsa alıb piyada gəzməyə, hətta axsamağa başlayıblar. Lakin bu yalançı “korlar”, uzağı “görməyənlər” gözlüləri (yoxlayıcıları) yaxından “görəndən” sonra hər şey qaydasına düşüb.

Eləcə də əslində cavabı özündə olan bəzi anonslarla xatırlatmışdıq ki, sənədlə 2-ci qrup alanların pensiya kağızında düzəliş edib, onu 1-ci qrup kimi sənədləşdirməkdən, hətta bir neçə xanımı bu işə cəlb etməkdən çəkinməyiblər. Bəzi pensiya kağızları 2-3 il əvvələ sənədləşdiriblər. Bir neçə dəllalın isə evindən 300-400 pensiyaçının plastik kartı çıxdığı bildirilir. Bütün bu məsələlərə aydınlıq gətirmək üçün 1200 pensiya sənədinin surəti çıxarılaraq baş idarəyə aparılıb.
Noyabrın ilk günlərində isə bu təşkilatda kadr dəyişikliyi olub. Belə ki, DSMF Masallı rayon təşkilatının direktoru Ülvi Nemətov daşıdığı vəzifədən azad edilib. Onun yerinə Nahid Şəmşirov təyin olunub. N. Şəmşirovun Bakıda anadan olduğu bildirilsə də onun əslən Naxçıvandan olduğu deyilir. DSMF-nin Masallı şöbəsində isə hələ də yoxlamaların bitmədiyi söylənilir. Çoxları böyük maraqdadır ki, evində 300-400 pensiya kartı gəzdirən dəllallar yenə də bu idarədə at oynadacaq, ya yox? Kütləvi saxtakarlıqlara yol verənlər cəzalanacaq, ya yox? Baş idarəyə aparılan 1200 sənədin taleyi barədə mətbuat veriləcək, ya yox?/cenubxeberleri.com