BolgeXeber.Com » Bölgə » Göyçaylı məmurun təhlükəli biznesi

Göyçaylı məmurun təhlükəli biznesi

2-02-2015, 11:15
Oxunub: 2 622 Xələf Məmmədovu xatırlayırsız? Bəli, rayon sakinlərinin məktublarını açıb-oxuyan Göyçay Regional Poçtamtının müdiri Xələf müəllimi nəzərdə tuturuq. Hələ bir neçə il bundan əvvəl poçt müdirinin bu hərəkəti rayonda böyük qalmaqala səbəb olmuşdu. O zaman bəzi Göyçay sakinləri illərdən bəri üst-üstə yığılmış problemlərin həllini rica etmək məqsədilə yuxarı instansiyalara şikayət məktubları göndərmişdilər. Ancaq tezliklə rayon sakinləri arasında belə bir söz-söhbət də yayılmağa başladı ki, bəs rayondan gedən məktub və telegramlar ünvanlarına çatdırılmır, poçt şöbəsində açılıb oxunur. Lazım gələndə başqa sözlər yazılıb, yola salınır. Teleqramların surəti dəyişdirilir. Barəsində şikayət yazılan dövlət məmurları isə gözlənilmədən vətəndaşı çağırıb, ya hədə gorxu gəlir, ya da gismən şikayətini həll edirlər. Bu deyilənlərin həqiqət olduğuna inanmaq çətin olsa da, bu yöndə aparılan araşdırmalar tezliklə ittihamları təsdiq etmiş oldu. Onda başa düşdük ki, nəyə görə Göyçay sakinləri məktublarını və teleqramlarını qonşu rayonlardan və ya Bakıdan yola salırlar. Bu xüsusda bizə olunmuş müraciətdə vətəndaşlardan biri rayon Telefon qovşağının rəisi İslam müəllimin fəaliyyətindəki bəzi məqamlara dair Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə sorğu məktubu göndərdiyini qeyd etmişdi. Amma bundan sonra baş verənləri elə həmin ərizənin surətindən oxusaq daha yaxşı olar. Ərizədə isə olanlar belə təsvir edilir: “Məktubu yola saldıqdan cəmi 20 dəqiqə sonra yaxın gohumlarımdan biri mənə zəng edib bildirdi ki, bəs sən İslam müəllimdən nazirə şikayət etmisən, get məktubunu geri götür. Mən də zəng edən qohumuma bildirdim ki, mən şikayət etməmişəm, sadəcə sorğu göndərmişəm ki, yaranan bu söhbətlərə son qoyulsun və bizə rəsmi cavab verilsin.Sonra mən mərkəzı poçtun müdiri Xələf Məmmədovun vəzifədə işləyən yaxın qohumlarından birinin yanına gedib dedim ki, Xələf müəllimə söyləsin, belə hərəkət ona başucalıgı gətirməz. Bu nəinki müdirə, heç aşagı vəzifədə insana da yaraşmayan hərəkətdir. Bu hadisədən sonra həmin şəxs mənə zəng edib bildirdi ki, bəs Xələf müəllim deyir, məktubu açmamışam, gördüm İslam müəllimdən yazılıb, ona görə də İslam müəllimə dedim ki, “bəs səndən nazirə yazıblar”. Mən həmin şəxsdən soruşdum ki, məktubun üstündə mənim adım və ünvanın yazılır, bir də göndərdiyim adamın adı və ünvanı. Əgər sən məktubu açıb içini oxumamısansa, hardan bildin ki, məktub İslam müəllim haqqındadır? Sonradan həmin şəxs bir də zəng edib bildirdi ki, Xələf müəllim artıq məktubu yola salıb. Hadisənin səhəri, fevralın 19-da poçta gedib Əli Abbasova belə bir formada teleqram vurdum ki, “Cənab nazir, mərkəzi poçtun müdiri Xələf müəllim rüşvətxor məmurlardan gedən məktubları onların özlərinə verir. Xahiş edirəm ki, tədbir görəsiniz”. Yəqin, Xələf müəllim həmin teleqrama da dəyişiklik edib göndərib. Ya da heç göndərməyib...”Elə həmin vaxtlarda Göyçaydakı mənbələr Xələf Məmmədov haqqında redaksiyamıza bəzi maraqlı məlumatlar da təqdim etmişdilər. Məlumatlarda bildirilirdi ki, bu məmurun rabitə sahəsində heç bir təcrübəsi yoxdur. Poçta müdir təyin olunmamışdan əvvəl isə şirə emalı zavodunda laborant işləyib. Bu günlərdə aldığımız yeni məlumatlardan isə belə qənaətə gəlmək olur ki, Xələf Məmmədovun qəlbində köhnə işi ilə bağlı nostalji hisslər baş qaldırıb. Elə bu hisslərin təsiri altında da Xələf müəllim yeni bir müəssisə açıb. Müəssisənin fəaliyyəti isə meyvə-tərəvəzin qablaşdırılması və daşınması üçün nəzərdə tutulan taxta yeşiklərin hazırlanmasından ibarətdir. Bəlkə də poçt müdirinin bu məşğuliyyətini diqqətdən kənar qoymaq olardı. Amma problem bundadır ki, Xələf Məmmədovun bu müəssisəsində xammal kimi istifadə olunan material, ətraf meşələrdə ağacların qeyri-qanuni kəsilməsi yolu ilə əldə olunur. Ümid edirik ki, Xələf müəllimin bu fəaliyyəti müvafiq qurumlar tərəfindən araşdırılacaq. bizimdovr.az