BolgeXeber.Com » Bölgə » Göyçayın yeni icra başçısı mitinqləri necə dəb saldı?-FOTO,VİDEO

Göyçayın yeni icra başçısı mitinqləri necə dəb saldı?-FOTO,VİDEO

10-02-2015, 08:45
Oxunub: 4 898 Mübariz Ağayev firon kimi qarşılanmasına 5 000 manatlıq fişəng aldırıb?

Hüquq müdafiəçisi Taleh Xasməmmədov yeni təyin edilmiş Göyçay rayon İcra Hakimiyyəti başçısı Mübariz Ağayev barədə redaksiyamıza ilginc məlumatlar verib. Hüquq müdafiəçisi Bolgexeber.com-a bildirir ki, təxminən 10 gün əvvəl ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Ağayev Mübariz Alı oğlu Göyçay rayon İcra Başçısı vəzifəsinə təyin edildi. Elə həmin gün Mübariz Ağayev 5 000 manatlıq fişəng və 10 nəfər muzdlu aksiyaçı ilə (qalan sakinlər isə yalnız hadisəyə tamaşa ediblər) özünə qarşılama törəni və köhnə başçının yola salınma mərasimi kimi formal mitinq təşkil etdi.
“Sakinlər avtovağzal yaxınlığında toplaşarkən onlara qarşı heç bir polis müdaxiləsi olmadı. Çünki tapşırıq belə idi və yeni təyin olunmuş başçı süni də olsa reklam olunmalı idi. Mitinq yeni başlayan zaman icra başçısının qardaşı Maarif Ağayev öz şəxsi avtomobili ilə nitq qabiliyyəti yaxşı olan bir şəxsi gətirərək toplanmış insanların yanında düşürdü və özü də gözünü döyərək oratorun nitqini dinləməyə başladı. Çıxışlar köhnə başçının gözdən salınmasından başlayıb yeni təyin olunmuş icra başçısının məddah tərifləri ilə bitdi. Fişənglər atıldı, fitlər çalındı Firon öz taxtına əyləşdirildi. Daha sonra bu 10 gündə nələr oldu, mən deyim siz də bilin...

Bütün vəzifəli şəxslər Heydər Əliyev adına saraya toplandı. Yeni gəlmiş Firon 6 ay heç kimə məzuniyyət verməyəcəyini, heç kimin bir saatlıq işdən ayrılmağa izni olmayacağını çatdırdı. Beləcə o öz qətiyyətini ilk gündən göstərməyə başladı. Növbəti gün Kommunal Təsərrüfat, Yaşıllaşdırma, İcra Hakimiyyəti, Bələdiyyələr, İcra Nümayəndəlikləri, Səhiyyə və s. orqanların işçiləri küçələrə zibil yığmağa töküldülər. 3 günlük silib-süpürmə kompaniyasından sonra cənab Firon gözə dəyən artıq-əskik tikililərin sökülmək əmrini verdi. Görülən işlərdən qane olmayan Firon əlavə güc olaraq müəllimləri də ictimai işlərə cəlb etmək üçün Təhsil Şöbəsinə öz əmrini vermiş oldu. Beləcə artıq Göyçayın küçələri və kəndlərində ziyalı müəllimlərin təhsil verməkdən yayınaraq kommunal işlərlə məşğul olduqlarının şahidi oluruq. Bu gün həmin müəllimlərin çoxu öz etirazlarını hüquq müdafiəçisi olaraq mənə bildirib, bu məsələnin ictimailəşməsini israrla məndən xahiş etdilər.
Bu gün isə Göyçay rayon İcra Hakimiyyətinin qarşısında ilk mitinq keçirildi. Göyçay sakinləri Göyçay İcra Hakimiyyətinin qarşısına toplaşıb 400 ailənin işıq və su problemlərinin həll olunmasını tələb etedilər. İcra başçısı Mübariz Ağayev etiraz edənlərin sayının artacağında narahat olaraq sakinlərin böyük zala toplanmasına göstəriş vermiş oldu. Bu məslədə də Göyçay Elektrik Şəbəkəsinin rəisi Mübariz Ağayevin dayısı oğlu Mövsüm Ağayev vətəndaşları ciddi narazı salmışdır. Bundan əlavə sakinlər 2 gündür ki, su təchizatından məhrum olublar. Etiraz edənlər su borclarının qanunsuz olaraq yazılmasından icra başçısının müavininə şikayət və tələblərini kəskinliklə bildirərək nəticəni gözləmək üçün evlərinə döndülər.

Beləcə İcra Başçısı Mübariz Ağayev mitinq edənlərdən inciməsin. Çünki, bu mitinq məsələsini Göyçayda o özü dəb saldı. O gələndə şənlik, yolasalma, qarşılama mitinqi ola bilər, sosial problemlərlə bağlı ola bilməz? Hansı ki, o sosial problemi öz dayısı oğlu Mövsüm Ağayev yaradıb”,- hüquq müdafiəçisi Taleh Xasməmmədov bildirir.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Bolgexeber.com