BolgeXeber.Com » Bölgə » Səlim Müslümovun işçisi şəhid ailəsinin torpağını əlindən alıb-ŞİKAYƏT

Səlim Müslümovun işçisi şəhid ailəsinin torpağını əlindən alıb-ŞİKAYƏT

12-02-2015, 10:45
Oxunub: 2 222 Şəhid ailəsinə zülm edən DSMF-nin şöbə müdiri kimdir?

Bolgexeber.com-un redaksiyasına Ağcabədi şəhəri,Əli Talıbov küçəsi ev 77 sakini Şəhid ailəsi Talıbova Xanım Muxtar qızı tərəfindən şikayət məktubu daxil olub. Bolgexeber.com-a ünvanlanan müraciətdə deyilir:

“Mən Şəhid ailəsiyəm, həyat yoldaşım Əli Talıbov Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Yaşadığımız küçə hazırda Onun adını daşıyır. Buna görə dövlətimizə minnətdaram ki, Şəhidin adını əbədiləşdiriblər. Ancaq çox təssüflər olsun ki, vəzifəyə təsadüfi gəlmiş, öz vəzifə səlahiyyətləri və haramlıqla topladığı kapitalı hesabına, DSMF-nin Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyev tutduğu mövqedən və şəxsi əlaqələrindən istifadə edərək, Şəhidin adını daşıyan küçədə, həmin şəhidin ailəsinə məxsus, yoldaşımın Şəhid olmazdan qabaq özünün bünövrəsini qoyduğu, həmçinin 29.10.1991-ci il tarixli Ağcabədi şəhər XDS icraiyyə komitəsinin sərancamı ilə Ağcabədi rayon Kooperativ Cəmiyyətinin balansında olan, yəni Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “AZƏRİTTİFAQ”-a məxsus olan və eyni zamanda bu günə qədər faktiki mənim istifadəmdə olmuş, bizim üçün daha çox mənəvi dəyəri olan mağazanın tikintisi üçün ayrılmış və həmin mağazanın altında yerləşən torpaq sahəsinə pul gücünə 07.08.2012-ci il tarixdə saxta kadastr planı (Torpaq sahəsinin plan və ölçüsü) sənəd alıb”.

Daha sonra şikayətçi düşən şəhid Əli Talıbovun həyat yoldaşı Bolgexeber.com-a yazır: “Qeyd etmək istəyirəm ki, mənim çoxsaylı müraciətlərim əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri tərəfindən araşdırma aparılaraq tam subut edib ki, həmin torpaq sahəsi heç zaman Ramiz Mehdiyevin qanuni istifadəsində və ya mülkiyyətində olmadığı halda həmin sənəd onun adına səhv olaraq hazırlanaraq verilib və həmin saxta “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin ləğv edilməsi üçün Komitə tərəfindən Şirvan İnzibati-İqtisadi Məhkəməsində iddia da qaldırıb.

Artıq bu qanunsuzluq faktı öz təsdiqini tapsa da, DSMF-nin Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyev öz qanunsuz əməlindən əl çəkmək istəmir, çünki cəzasızlığı onu inadından əl çəkməməyə vadar edir, onun kimi müftəxorlar, vətən, vicdan anlayışının nə olduğunu bilməyən saxtakarlar öz maraqlarına görə nəinki şəhid ailəsinin haqqına girər, həttda vətənini satarlar. Belə çirkin niyyətli tiplərin bir amalı var nə yolla olur-olsun var-dövlət toplasınlar. Onun əməli qanunsuzluqdan çox, Şəhid ailəsinə, Şəhid ruhuna hörmətsizlikdir. Dəfələrlə DSMF-yə Ramiz Mehdiyevin qanunsuz əməlləri barədə müraciət etməmə baxmayaraq onun barəsində heç bir araşdırma aparılmayıb, görünür hansısa havadarına və ya nəyəsə görə ona “gözün üstə qaşın var” deyən tapılmır ona görə də Ramiz Mehdiyev öz qanunsuz əməlindən əl çəkmək istəmir”.

Qarşı tərəfi də dinləməyə hazırıq...
Bolgexeber.com