BolgeXeber.Com » Bölgə » Quba Rayon Xəstəxanasına ayrılan vəsaitlər hara xərclənir?

Quba Rayon Xəstəxanasına ayrılan vəsaitlər hara xərclənir?

21-02-2015, 14:34
Oxunub: 4 137 Quba Rayon Xəstəxanasına ayrılan vəsaitlər hara xərclənir?Baş həkim İsmayıl Mirzəliyev kimin himayəsinə arxayındır?

Hazırda Quba rayonunda mərkəzi xəstəxana, Regional Perenetal Mərkəz, regional Müalicə Diaqnostika Mərkəzi, Rayonlararası Psixonevroloji Reabilitasiya Mərkəzi, Gigiyena və Epidemiologiya Mərkəzi, B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Quba bölməsi, Regional HİV laboratoriyası, 21 həkim məntəqəsi, 91 tibb məntəqəsi fəaliyyət göstərir.

Və sözügedən tibb müəssisələrinin böyük əksəriyyətində çoxsaylı problemlər mövcuddur. Bununla bağlı əldə etdiyimiz bilgilərə görə, hazırda İsmayıl Mirzəliyevin rəhbərlik etdiyi Quba Rayon Mərkəzi Xəstəxanasında ciddi həkim qıtlığı yaşanmaqdadır. Mövzu ilə bağlı redaksiyamızı bilgiləndirən mənbənin sözlərinə görə, rayonda Müalicə Diaqnostika Mərkəzinin fəaliyyətə başlaması Quba Mərkəzi Xəstəxanasında həkimlərin sayının azalmasına səbəb olub: "Odur ki, bu gün Quba Rayon Mərkəzi Xəstəxanasında cərrah, travmotoloq, rengenoloq, kardioloq çatışmzalığı yaşanır. Çünki həkimlərin bir qismi Müalicə Diaqnostika Mərkəzinə üz tutublar. Bunun isə əsas başlıca səbəbi mərkəzdə əməkhaqqının xəstəxanaya nisbətən yüksək olmasıdır. Hazırda Quba rayonunda uşaq həkimi və mama-ginekoloqa da ciddi ehtiyac var. Bu çatışmazlıq əsasən kənd yerlərində özünü daha qabarıq formada biruzə verir".

Quba Rayon Mərkəzi Xəstəxanasının anestetik və psixotrop dərmanların, zərdab, vaksin, anatoksin və dezinfeksiyaedicilərin, şəkərli diabet əleyhinə dərmanların, həmçinin ümumi qrup dərmanların və sarğı materiallarının, tibbi oksigen, tibbi ləvazimat, rentgen plyonka və reaktivlərin satınalınması üzrə elan etdiyi tenderlərin şəffaf təşkil olunmadığını qeyd edən məlumatlı şəxs iddia edir ki, hazırda adıçəkilən tibb müəssisəsində dözülməz vəziyyət hökm sürür: "Rayon mərkəzi xəstəxanasında, eləcə də kənd və qəsəbə xəstəxanalarında heç bir dərman və tibbi ləvazimat tapmaq mümkün deyil. Xəstəxanada dərman tapılmasa da, hər il dövlət büdcəsindən bu istiqamətdə kifayət qədər vəsait ayrılır. Lakin həmin vəsaitlər tamam başqa səmtlərə yönəldilir. Qeyd edim ki, xəstəxanada xəstələrə dərman verilmədiyi kimi, pasiyentlər yeməklə də təmin olunmur. Halbuki dövlət xəstəxanalarında müalicə olunan xəstələr yeməklə də təmin olunmalıdırlar. Dövlət büdcəsindən bu məqsədlə də kifayət qədər vəsait ayrılır. Lakin rəhbərlik şəxsi maraqlarını hər şeydən üstün tutduğundan sırf gəlirləri barədə düşünür". Quba Rayon Mərkəzi Xəstəxanasında yaşanan neqativ halların bütün bunlarla bitmədiyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, baş həkim İsmayıl Mirzəliyevin rayon icra hakimiyyətindəki himayədarı onu üzləşə biləcəyi təhlükələrdən sığortaladığı üçün o, hələ də bu vəzifədədir: "Baş həkim rəhbərlik etdiyi səhiyyə müəssisəsini sanki şəxsi obyekti kimi idarə edir. Halbuki Quba Rayon Mərkəzi Xəstəxanası dövlət təyinatlıdır və buradakı bütün xidmətlər tam təmənnasız, yəni pulsuz həyata keçirilməlidir. İsmayıl Mirzəliyev isə buna əhəmiyyət vermədiyindən öz bildiyini edir".
gundelik-baku
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.