BolgeXeber.Com » Bölgə » Gədəbəyin icra başçısından deputata şikayət olundu...

Gədəbəyin icra başçısından deputata şikayət olundu...

6-04-2015, 10:26
Oxunub: 2 918 Gədəbəyin icra başçısından deputata şikayət olundu... Rəbiyyət Aslanova Yediyarovla bacara biləcəkmi?

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun qanunsuz əməlləri rayon sakinlərini sözün əsil mənasında səfalət içərisində yaşamağa məhkum edir. Redaksiyamıza daxil olmuş növbəti ərizə də bunu bir daha sübut edir. Şikayətçi Aybəniz Əliyeva Rəbiyyət xanım Aslanovaya ünvanladığı məktubun qəzetimizdə dərc olunması xahişi ilə bizə müraciət etmişdir. Həmin məktubun mətnini olduğu kimi təqdim edirik.

“Çox hörmətli Rəbiyyət xanım!

Mənim 65 yaşım var. 43 il Gədəbəy şəhər 1 saylı tam orta məktəbində təlim-tərbiyə işləri ilə məşğul olmuşam. Həmin məktəbdə Yeni Azərbaycan Partiyasının təşkilatını yaratmışam və 18 il həmin təşkilata rəhbərlik etmişəm. Bu məktubu Sizə yazmağa martın 6-da Milli Məclisdəki çıxışınız məni ürəkləndirdi. Mənim həyat yoldaşımın adına 1998-cı ildə qanuni sənədlərlə verilmiş torpaq sahəsi bizim başçı Ramiz Yediyarov və onun əlaltıları tərəfindən əlimizdən alınaraq içərisində tikdirdiyimiz obyekt uçuruldu. Hörmətli Rəbiyyət xanım, həmin uçurulan obyekt mənim 8 nəfərlik ailəmin dolanışıq yeri idi. 2013-cü ilin oktyabrından bizim ailənin tənəzzülü başladı. Bu 8 nəfərlik ailə qaldı 1 nəfərin aldığı 180 manatın ümidinə. Bu 8 nəfərlik ailənin biri tələbə, biri əsgər, ikisi isə 6 yaşlı körpədir. Tələbə nəvəm ildə 2000 manat təhsil haqqı ödəyir. 2013-cü ilin oktyabr ayından bu yana cənab Yediyarova dəfələrlə teleqram və məktublarla yazıb xahiş etdim ki, məni qəbul etsin. Heç nə alınmadı. Məktublarıma cavab belə vermədi. Mən məcbur oldum digər dövlət orqanlarına müraciət etməyə. Düz 1 il yarımdır bütün dövlət orqanlarına 80 müraciət yazmışam, amma heç bir nəticə əldə edə bilməmişəm. Gələn məktubların hec birinə bizim başçı əhəmiyyət belə verməyib. Həmin torpaq sahəsində böyük bir ticarət mərkəzi tikdirdi. Sadə yolla həll oluna biləcək məsələ bizim ailəni elə bir bataqlığa salıb ki, çətin çıxa bilək. İndi banklara 16 min manat borclanmışıq. Nə ödəyə bilirik, nə də satmağa hec nəyimiz qalmayıb. Təsəvvür edin ki, 18 aya 80 müraciətə heç bir cavab almamaq nə deməkdir. Yerli hakimiyyətin özbaşınalıqlarına, dövlətin öz vətəndaşına bu qədər laqeydliyinə nə ad vermək olar. Şərt qanunları yazmaq, ona vaxtaşırı əlavələr etmək və bu qanunları möhkəmlətmək deyil. Əsas o qanunları icra edənlərə nəzarət etməkdir. Sizin qəbul etdiyiniz qanunlar əyalətlərə gəlib çatana qədər öz formasını çox dəyişir. Rayon rəhbərləri bu qanunlardan özlərinə hansı xeyir edirsə, onu da icra edirlər. Çünki onlara nəzarət yox dərəcəsindədir. Necə ki, bizim Gədəbəy rayonunda bu qanunlara əhəmiyyət verən yoxdur. Onlar öz yazdıqları qanunlarla işləyirlər. Mən düz 1 il 6 aydır ki bu qanunsuzluqlar haqqında bütün dövlət orqanlarına 80 məktub və teleqramlarla müraciət etmişəm. Hələ 80 məktubun birinə də doğru-dürüst bir cavab ala bilməmişəm. Rayon rəhbəri isə öz bildiyini edir. Mən məktubuma bir cavab alana qədər bizim əlimizdən alınan torpaq sahəsində böyük bir ticarət mərkəzi tikildi. Belə olan halda vətəndaşın nə dövlətə, nə də onun qanunlarına inamı qalmır. İndi fikirləşirəm, bəlkə siz mənə bu işdə bir köməklik göstərəsiniz. Axı siz qanun keşiyində duransınız. Ümid ən sonda ölür deyirlər”.

Hörmətlə, Gədəbəy şəhər sakini
Əliyeva Aybəniz Ramazan qızı.