BolgeXeber.Com » Bölgə » 4 saylı məktəbdən şikayət var

4 saylı məktəbdən şikayət var

9-01-2012, 12:55
Oxunub: 5 533 Lənkəran şəhər sakini Zülfiyyə Dədəyeva redaksiyamıza məktub ünvanlayıb.

O, Lənkəran şəhər 4 saylı tam orta məktəbindən narazılıq edir. Qızı 4 saylı məktəbin 1-ci sinfində oxuyan Zülfiyyə Dədəyeva redaksiyaya ünvanladığı məktubda ona və övladına qarşı Lənkəran 4 saylı məktəbində qeyri-səmimi və kobud münasibət göstərilməsindən gileylənir. Onun bildirdiyinə görə, qızının təhsil aldığı 1-ci sinifdə uşaqlar doğmalara və yadlara bölünüb. Məktəblilərdən pul yığmaq qadağan edilsə də təkcə bu il 2 dəfə - Müəllimlər günündə və Yeni il bayramı ərəfəsində hər dəfə uşaqlardan 20 manat pul yığılıb. Bu pulu 27 uşağa vuranda olduqca yüksək məbləğ edir. Yəni, yarım ildə təkcə bir 1-ci sinfin valideynlərindən min manatdan artıq pul yığılıb. Məktəbdə 2000 nəfərə yaxın şagirdin oxuduğunu nəzərə alsaq, bunun məktəb üzrə hansı məbləğ etdiyinə şübhəniz qalmaz.
Zülfiyyə Dədəyeva məktubunda qeyd edir ki, evdar qadın olmağıma baxmayaraq, həmişə qonum-qonşu arasında hörmət qazanmış, böyük-kiçik yeri bilən olub. Çünki ailədə və təhsil aldığım dövrdə belə görüb-götürüb.
O daha sonra bildirir: “Dörd ay deyil ki, qızım həmin məktəbdə 1-ci sinfə gedir. Bu məktəbdə müxtəlif tədbirlərə, Yeni il şənliyinə, Müəllimlər gününə uşaqlardan pul tələb ediblər. Burada imkanlı uşaqları əzizləyir, imkansızları sıxışdırırlar. Demək olar ki, qızımın sinfində rüşvətin bütün formaları, eləcə də, qohumbazlıq, vəzifədən sui-istifadə, vəzifəli şəxslərin uşaqlarına hörmətlə yanaşma və s. mənfi hallar mövcuddur. Demirəm ki, bu dörd ay ərzində tələb etdikləri pulu verməmişəm. Xeyr, uşağıma görə məcbur qalıb istədikləri məbləği ödəmişəm. Məsələn, Yeni il şənliyinə görə hər uşaqdan 20 manat pul alıblar. Hamı kimi mən də vermişəm. Ancaq məni incidən bu deyil. Qəlbimi incidən həmin sinfə ingilis dili dərsi deyən Ləman müəllimənin məni kobudluqla təhqir etməsidir. Qızıma ingilis dili dərsi keçən Ləman Sərxanova həmin 4 saylı orta məktəbin direktoru Yeganə xanımın qızıdır. Onun istəyi odur ki, hər valideyn ona təzim edib baş əysin, özü də rastlaşanda bir dəfə deyil, bir neçə dəfə ona salam verib halını soruşsun. Mən bunu bacarmadığıma görə sentyabrdan məni görməyə gözü yoxdur. Hər dəfə uşağı sinfə aparanda dəhlizdə müəllimələrlə durub mənə söz atır, qəsdən gülür, qızımı sinifdəki uşaqlardan ayırır, uşaqların arasında ayrı-seçkilik salır, məni və uşağımı aşağılayır. Mən bu haqsızlığa dözməyib etirazımı bildirdim. O isə mənə heç qonşu davasındakı qadınların etməyəcəyi hərəkəti edərək –“Get, hara şikayət edirsən et, mən istəsəm, sən gəlib ayağıma düşüb üzr istəyərsən”- dedi. Bundan sonra da elə jest etdi ki, qəzetə yazmağa utanıram.
Məsələ ilə bağlı sinif rəhbəri Ülviyyə İsmayılovaya da müraciət etdim. O da Ləman Sərxanovanı müdafiə edərək üstümə qışqırdı. Qızımı onun rəhbərlik etdiyi sinifdən çıxarmağı tələb etdi. Mən qızımı onun sinfindən çıxaracağam. Ancaq bilmək istəyirəm, görəsən, kim müəllimələrə belə səlahiyyət verib ki, valideyn və uşaqlarla istədiyi kimi kobud rəftar edərək, özbaşınalıq etsin? Müəllim etikasından bixəbər olan belə müəllimələrdən şagirdlər necə tərbiyə ala bilər?”
Bu şikayətlə bağlı qarşı tərəfin fikrini öyrənmək üçün Lənkəran şəhər 4 saylı məktəbin direktoru Yeganə Əsgərovaya zəng vurduq. Direktor valideynin məktubunun məzmunu ilə tanış olandan sonra bildirdi ki, deyilənlər tamamilə şər və böhtandır. Onlar belə hərəkətlərlə məktəbi şantaj etmək istəyirlər. Bilsəm ki, qızım belə özbaşınalıq edir, onun başını arxadan kəsərəm. Mən özüm Zülviyyə Dədəyeva ilə bu barədə bir saatdan artıq söhbət etmişəm. O, bir neçə dəfə özü öz dediyini inkar etdi. Əslində qızım yox, o, müəllimlərdən özünə xüsusi diqqət tələb edir, o deyir ki, qarşımda diz çökəcəksiniz. Bu adam qohum-qardaşının çoxu ilə danışmır, səviyyəsi aşağı olan adamdır. Bütün valideynlərdən soruşun, onlar dediklərimi təsdiq edəcəklər. Düzdür, uşaqlardan pul yığılıb. Həmin pula uşaqlar üçün üzərində hər şagirdin şəkli olan fincanlar alınıb. Pulu da məktəb yığmayıb, valideynlər özü toplayıb. Məktəbimiz ölkənin ən qabaqcıl məktəblərindən biridir. Heç vaxt bu məktəbdən şikayət olmayıb. Əgər bu yazı qəzetdə çap olunsa, mən məhkəməyə müraciət etməli olacağam.
Qeyd: Bu olayla bağlı əlavə kimin sözü olarsa, onlara da qəzetdə yer ayırmağa hazırıq. Lakin bizim üçün də maraqlıdır ki, şagirdlərdən pul yığılmasına Təhsil naziri tərəfindən ciddi qadağa qoyulduğu halda, hansı zərurətdən doğub ki, məktəbə təzə qədəm qoyan şagirddən təkcə birinci yarım ildə 2 dəfə 20 manatdan pul yığılsın? İnanırıq ki, bu olay valideyn –məktəb assosiasiyasında müzakirə edilib, ədalətli qərar qəbul ediləcək./ http://cenubxeberleri.com/