BolgeXeber.Com » Bölgə » Saatlının icra başçısı oyuna düşüb

Saatlının icra başçısı oyuna düşüb

14-10-2010, 13:50
Oxunub: 9 979
Cəlal Əliyevə qarşı kampaniyaya aparan Siracəddin Cabbarovun «Kiyev» məcaraları üzə çıxarıla bilə[/b]r


Əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə bəzi icra başçıları özləri bilərəkdən oyuna qatıldıqlarından ciddi sıxıntılarla üz-üzə qalıblar. Həm yeni seçiləcək deputatla yaxşı münasibətlər qurmaq həvəsi, həm də əlavə pul qazanmaq istəyi nəticə etibarı ilə onları topu cizgidən çıxarmağa qədər gətirib.

Belə icra başçılarından biri də Saatlının rəhbəri Siracəddin Cabbarovdur. 62 saylı dairədən namizədliyini irəli sürmüş akademik Cəlal Əliyevlə heç bir əlaqəsi olmayan, amma buna qarşılıq olaraq onun rəqibi deputat Gülhüseyn Əhmədovla yaxın münasibət qurmaq istəyən icra başçısı bir sıra addımlar atıblar. Əhmədovla yaxınlaşmaq istəyinin arxasında dayanan başlıca maraq isə Saatlının iqtisadiyyatının və aparıcı vəzifələrinin deputatın nəzarətində olmasıdır. Bir müddət əvvələ qədər onunla mübaricə aparan Cabbarov bunun faydasız olduğunu görərək, kursu dəyişmək məcburiyyətində qalıb.

Etibarlı mənbələrdən "Bolgexeber.com"-a daxil olan məlumatlarda deyilir ki, Siracəddin Cabbarov maraqlarını həyata keçirmək üçün ilk olaraq Gülhüseyn Əhmədovla münasibətlərini bərpa etməyə başlayıb. Ardından isə seçki oyununun içinə girərək, həmin dairədən YAP-ın namizədi olan Cəlal Əliyevə qarşı kampaniya aparmaq üçün bir sıra göstərişlər verib. Bu işi birbaşa özü həyata keçirməsin deyə, işləri müavininə həvalə edən icra başçısı sonradan işin üstünün açılmasını görüb, bir qədər əl saxlayıb.

Mənbə bildirir ki, hazırda Cəlal Əliyevin adamları icra başçısının bu istiqamətdə gördüyü işlərlə bağlı araşdırma aparırlar. Rayonda yığılan məlumatları yekunlaşdırıb, qərar verəcək həmin şəxslər nəticə barədə akademiki məlumatlandırmalıdırlar. Əgər Siracəddin Cabbarovun akademikə qarşı kampaniya apardığı təsdiqini taparsa, bu, ona çox baha başa gələ bilər. Elə buna görə də, icra başçısı mümkün qədər işləri gizlətməyə çalışır.

"Bolgexeber.com"-a verilən başqa bir məlumatda isə deyilir ki, araşdırma başa çatdıqdan sonra icra başçısına qarşı aparılacaq kampaniyanın tərkib hissələrindən biri onun keçmişi ilə bağlı olacaq. Belə ki, hələ Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini işləyən zaman Siracəddin Cabbarovun «Kiyev» restoranında bir gecə gördüyü işləri üzə çıxarmağa hazır dayanan qrup bununla onun karyerasının üzərindən xətt çəkəcək. Mənbə bildirir ki, həmin restoranda icra başçısının hərəkətləri video lentə alınıb.

Bildirək ki, mənbə həmin görüntülərdə yer almış səhnələrin bəziləri ilə bağlı bizə məlumatlar verib. Hələlik bu məsələ bizim tərəfimizdən araşdırılır. Yaxın vaxtlarda bununla bağlı geniş məlumat verməyə çalışacağıq.