BolgeXeber.Com » Bölgə » Balıqçılar kəndi aksiyaya hazırlaşır

Balıqçılar kəndi aksiyaya hazırlaşır

25-01-2012, 11:35
Oxunub: 5 541 Fevralın 5-də Nərimanabad qəsəbəsi yenidən ayağa qalxacaq

Lənkəranın Nərimanabad-2 kəndindəki balıqçı üsyanından sonra 4 kənd sakininin həbsi barədə xəbər vermişdik. Kəndlilər hökumətə həbsdəki balıqçıların azad olunması və balıq ovuna qoyulan qadağanın aradan götürülməsi üçün vaxt vermişdilər. Əks halda, kütləvi etirazlara başlayacaqlarını bildirmişdilər. Ancaq həbsdəki balıqçılar azad olunmadı, balıq ovuna isə müvəqqəti icazə verildi.

Əldə etdiyimiz son məlumata görə, balıqçılara ova çıxmağa yenə əngəl yaradılır və yeni il başlar-başlamaz camaatı incitməyə, çörəksiz qoymağa çalışırlar. Üstəlik, həbsdəki balıqçıların azad olunacağı gözlənilmir. Bütün bunlardan sonra barıt çəlləyinə dönən Nərimanabad-2 qəsəbəsi növbəti kütləvi etirazlara hazırlaşır. Bu barədə “Yeni Müsavat”a kənd sakinlərindən biri məlumat verib. Onun sözlərinə görə, aksiyanın vaxtı da dəqiqləşib və fevralın 5-də kəndin mərkəzi meydanında mitinq olacaq. Aksiyaçıların tələbi balıq ovuna imkan yaradılması və 4 nəfərə açılan cinayət işinə xitam verilməsidir. Aksiyada bütün əhalinin iştirakı gözlənilir. Məlumatı verən şəxs əlavə etdi ki, bu hadisələrin başlamasının arxasında maddi maraqlar dayanır. Ova çıxmaq üçün Dövlət Sərhəd Xidmətinin Lənkəran nümayəndəsi balıqçılardan “haqq” istəyir.
Qeyd edək ki, həbs olunan balıqçılar hazırda Kürdəxanı təcridxanasında saxlanılır. Tutulanlara Kainat Abbasov, İsmayıl Hüseynov, Fariz Məmiyev və Xalid Ələkbərov barədə CM-in 315.1 (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. Yada salaq ki, dekabrın 15-də Nərimanabad kəndinin sakinlərinin sərhədçilərlə və polislə qarşıdurması olub. Kəndə Daxili Qoşunlar yeridilib, insanlara qarşı gözyaşardıcı qazdan, rezin güllələrdən, elektroşoklardan istifadə olunub.