BolgeXeber.Com » Bölgə » Xocavənd Rayon Xəstəxanası kimlərin qazanc mənbəyinə çevrilib?

Xocavənd Rayon Xəstəxanası kimlərin qazanc mənbəyinə çevrilib?

13-06-2015, 11:31
Oxunub: 4 273 Xocavənd Rayon Xəstəxanası kimlərin qazanc mənbəyinə çevrilib?Nurəngiz Bəşirova paytaxtın müxtəlif ərazilərində bir neçə daşınmaz əmlaka sahibdir

Baş həkim icra başçısına Şamaxı rayonu Pirqulu kəndi yaxınlığında möhtəşəm villa tikdirir

Son zamanlar Xocavənd Rayon Mərkəzi Xəstəxanasında bir sıra xoşagəlməz olaylar baş verdiyindən, eləcə də adıçəkilən tibb müəssisəsinin baş həkimi Nurəngiz İsmayıl qızı Bəşirovanın bəzi əməlləri nəticəsində artıq sakinlərin rayon səhiyyəsinə inamı qalmayıb. Əldə etdiyimiz bilgilərə görə, təmir edilməmiş, inventarları isə sınıq-salxaq olan bu xəstəxanada xəstənin qalması üçün lazımi şərait yoxdur.

Dövlət büdcəsindən adıçəkilən tibb ocağına kifayət qədər vəsaitin ayrıldığını qeyd edən məlumatlı şəxs bildirir ki, bir müddət əvvəl "Tərəqqi" medalı almış baş həkim Nurəngiz Bəşirova həmin vəsaitlərin təyinatı üzrə xərclənməsinə şərait yaratmır: "Deyilənlərə görə, Xocavənd Rayon Mərkəzi Xəstəxanasında xəstələrə verilməli olan ərzaq və dərman preparatları rəhbərliyin qazanc mənbəyinə çevrilib. Yəqin elə bu səbəbdəndir ki, baş həkim Nurəngiz Bəşirova paytaxtın müxtəlif ərazilərində bir neçə danışmaz əmlaka sahibdir. Rayon sakinləri bildirirlər ki, əgər biri barmağını kəsərsə, xəstəxanaya aptekdən bint və yod almadan gəlməsin. Çünki həmin yaralı yenidən geri qayıtmalı olacaq. Halbuki xəstəxanaya 35 min manatlıq ərzaq məhsulları, ondan iki dəfə artıq məbləğə isə dərman pereparatlarının alındığı sənədləşdirilib. Ərzaq məhsullarına gəldikdə isə bu məqsədlə ayrı-ayrı şirkətlərlə müqavilələr belə bağlanılıb. Həmin şirkətlərin isə rayonun rəhbər şəxslərinə məxsus olduğu deyilir". Məlumatlı şəxsin sözlərinə görə, ötən il dövlət büdcəsindən Xocavənd Rayon Mərkəzi Xəstəxanasına avadanlıqların satın alınması üçün 10770 manat, bərk inventarların satın alınması üçün 13090 manat, yumşaq inventarların satın alınması üçün 8707, avtomobil ehtiyat hissələrinin satın alınması üçün 8726, cari təmir işlərinin satın alınması üçün 7630, mətbəə xidmətlərinin satın alınması üçün 10454,5, azqiymətli mal-materialların satın alınması üçün 3943,5, dəftərxana ləvazimatlarının satın alınması üçün 9493, Əmirallar kənd sahə xəstəxanasının əsaslı təmir işlərinin satın alınması üçün isə 18000 manat ayrılıb: "Nəzərinizə çatdırım ki, Xocavənd Rayon Mərkəzi Xəstəxanasında 350 çarpayı olsa da, onlardan yalnız 50-si fəaliyyət göstərir. Bu tibb müəssisəsində xəstələr üçün nəinki dərman, heç adi tibbi ləvazimatları belə tapılmır. İcra başçısı Eyvaz Hüseynov və onun himayəsində olan baş həkim Nurəngiz Bəşirovanın "birgə fəaliyyətləri" nəticəsində xəstələr adi tibbi yardımı belə pulsuz əldə etməkdən məhrumdurlar. Deyilənlərə görə, Xocavənd Rayon Mərkəzi Xəstəxanasının elan etdiyi tenderlərin qalibi olan N.A.E.C. MMC adıçəkilən tibb müəssisəsinin baş həkiminə məxsusdur. Onu da qeyd edim ki, Nurəngiz Bəşirova 2005 ci ildən bəri icra başçısı Eyvaz Hüseynovun himayəsi altında fəaliyyət göstərir. Belə ki, məhz icra başçısının səyi ilə Nurəngiz Bəşirovaya qarşı həmin il Agcabədi Rayon Prokurorluğunda açılan cinayət işi nəticəsiz qalıb və bu azmış kimi, o rayon xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunub".

Bununla bağlı əldə etdiyimiz ən son məlumatlarda isə bildirilir ki, Xocavənd Rayon Mərkəzi Xəstəxanasının baş həkimi icra başçısına Şamaxı rayonu Pirqulu kəndi yaxınlığında möhtəşəm villa tikdirir: "Deyilənlərə görə, Eyvaz Hüseynov üçün tikilən həmin villanın xərcini Nurəngiz Bəşirova çəkir. İcra başçısının villasının yaxınlığında isə baş həkim özünə məxsus olan kiçik bir villanı da təmir etdirir. Məhz bu fakt son iki il ərzində rayon səhiyyəsinə ayrılan 480 min manat vəsaitin taleyi ilə bağlı müəyyən mülahizələr irəli sürməyə imkan verir. Ümumiyyətlə, rayon sakinləri də təsdiqləyə bilərlər ki, Xocavənd Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin əsas himayədarı, onu daim müdafiə edən şəxs məhz icra başçısıdır. Belə ki, Eyvaz Hüseynov indiyədək bir neçə dəfə Nurəngiz Bəşirovaya yardım əlini uzadıb. Maraqlıdır, görəsən niyə?.."

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.



P.S Nurəngiz xanımın ailəsi nə üçün dağıldı? Uzun illərdən bəri qurulan ailənin dağılmasına kim səbəb oldu? Hüquq-mühafizə orqanlarında işləyən şəxsi Azərbaycandan kim didərgin saldı? Nə üçün birinci və ikinci arvad arasında böyük mübahisə düşdü? Uşaqlıq sevgisi, yoxsa sonu olmayan məhəbbət?
gundelik-baku.com
P.P.S Vəzifəli şəxslərin birgə törətdiyi özbaşınalıqların üstü açılmaq üzrədir.