BolgeXeber.Com » Bölgə » "Avis Apteklər Şəbəkəsi" istehlakçı hüquqlarını pozur

"Avis Apteklər Şəbəkəsi" istehlakçı hüquqlarını pozur

13-06-2015, 11:34
Oxunub: 3 184 "Avis Apteklər Şəbəkəsi" istehlakçı hüquqlarını pozurTabeliyində olan apteklərə dərmanları ucuz, digər apteklərə isə baha qiymətə satır

Bu gün ölkənin dərman bazarında xoşagəlməz hallar yaşanır. Keyfiyyətindən tutmuş qiymətinə qədər bir sıra problemlər yaşanır. Artıq bu hal ölkə başçısından tutmuş hər kəsi narahat etməyə başlayıb.

Qeyd edək ki, ölkə başçısı, cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasında dərman bazarında hökm sürən vəziyyətdən söhbət açıb və narazılığını ifadə edib. Prezident dərmanların baha qiymətə satılmasını xüsusi vurğulayıb. Səhiyyə Nazirliyinə dərman bazarında yaşanan özbaşınalıqların aradan qaldırılması üçün tapşırıqlar verib. Artıq ölkə başçısının bu sahəni nəzarətə götürməsi onu göstərir ki, bu sahədə problemlər həqiqətən artıb. Çünki dərman bazarında baş verənlər həqiqətən də dözülməz həddə çatıb. Dərmanların bahalığına görə ala bilməyən xəstələr çıxılmaz vəziyyətdə qalıblar. Ölkədə baş verən devalvasiya hadisəsindən sonra demək olar ki, qiymət artımı bütün sahələri izlədi. Bahaçılıq dərman bazarından da yan keçmədi. Bir sıra sahibkarlar da bu fürsətdən geniş istifadə etdilər. Xüsusilə də dərman bazarında inhisarçı mövqeyə malik olan "Avis Apteklər Şəbəkəsi" bu imkandan geniş yararlandı və dərhal dərmanların qiymətini qaldırdı.

Dolların məzənnəsinin qalxmasından sonra "Avis Apteklər Şəbəkəsi" bir müddət aptekləri bağlı saxladı. İstehlakçılara dərman olmadığını bildirdilər. Sözügedən şəbəkə öz tabeliyində olan apteklərə dərmanları ucuz, digər apteklərə isə baha qiymətə satır. Bunu bilən aptek sahibləri "Avis Apteklər Şəbəkəsi"nin dərmanlarını almaqdan imtina ediblər. Bizə verilən məlumata görə, bu şəbəkə ölkəyə ən keyfiyyətsiz məhsulları gətirir.

Qeyd edək ki, aprelin 4-də prezident İlham Əliyev "Dərman vasitələri haqqında" qanunun tətbiqi barədə fərmana dəyişiklik edib. Yeni fərmana əsasən, dərmanlar vahid qiymətə olacaq. Lakin hələ ki, dərmanların qiymətində bu dəyişiklik hiss olunmur. Bundan başqa, "Avis Apteklər Şəbəkəsi"nə məxsus dərman preparatlarının içlik vərəqələri tərcümə olunmayıb. Sözügedən şəbəkənin apteklərə payladığı preparatlarda dərmanların içlik vərəqələri başqa dillərdədir. Məsələ ondadır ki, dərmanların içlik vərəqələrinin başqa dillərdə olması bir sıra hallarda istehlakçılar üçün problemlərin yaranmasına gətirib çıxarır. Belə ki, xəstə dərmandan düzgün istifadə edə bilmir. Bəzən belə hallar hətta xəstənin canı bahasına başa gəlir.

Qeyd edək ki, "Dərman vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"nun 11-ci maddəsinə əsasən 2012-ci il iyunun 1-dən içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının ölkəyə idxalı rəsmən qadağandır.

Amma buna baxmayaraq, hazırda sözügedən apteklər şəbəkəsində içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarına hələ də rast gəlmək olur. Əgər hər-hansı bir dərman qutusunun içərisində içlik vərəqəsi tərcümə olunmayıbsa, qanun pozuntusudur, tələblərə uyğun deyil və bu dərman ölkədə qeydiyyata alınmayıb. Yaxşı olar ki, bu dərmanları heç kəs almasın. Bir sözlə "Avis Apteklər Şəbəkəsi" qanunları tapdalayır, istehlakçıların hüquqlarını pozur.

Aptek rəhbərliyi anlamalıdır ki, buna görə qanun qarşısında cavab vermək lazım olacaq…

Mövzu ilə əlaqədar qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.
gundelik-baku.com