BolgeXeber.Com » Bölgə » İsmayıllı meşələrində meşə qanunları

İsmayıllı meşələrində meşə qanunları

19-06-2015, 10:44
Oxunub: 3 699 İsmayıllı meşələrində meşə qanunlarıDeyirəm əxlaqsızlığın çoğrafiyası getdikcə genişlənir, deyirlər ola bilməz

Deyirəm axı necə ola bilməz ki, bu murdarlıq artıq meşələrimizi, ormanlarımızı da basıb? Deyirlər, meşədə əxlaqsızlığı necə görə bilmisən ki? Düzdür, meşədə görünən əxlaqsızlığın özü deyil, bu əməlin törədildiyi obyektlərdir. Əxlaqsızlığın özünü görmək üçün isə, gərək həmin obyektlərdən birinə girəsən. Amma bunun üçün də əvvəlcə gərək məhz meşəyə yollanasan. Məsələn, İsmayıllı meşələrinə. Elə ki, gəlib meşəyə çatdın, bir o tərəfə, bir bu tərəfə baxıb, utana-utana daxil olursan “Şirinsu” kafesinə. Soruşacaqsınız ki, niyə utana-utana? Bunun üçün azı iki səbəb var. Birincisi budur ki, “Şirinsu” kafesində nələrin baş verdiyini də, bura gələnlərin məhz nəyin “arzusunda” olduğunu da bu obyekti tanıyan hər kəs yaxşı bilir. Buna görə də, təsadüfən ətrafda ola biləcək tanış-bilişdən, qohum-əqrəbadan birinin gözünə sataşsan, “ac idim, bir tikə çörək yeməyə gəlmişdim” kimi bəhanələrlə heç kimin başını aldada bilməyəcəksən və xəcalətdən utanıb-qızaracaqsan. Odur ki, elə əvvəldən utanmaq məsləhətdir. İkinci səbəb də budur ki, obyekt sahiblərinin və burada “çalışan”ların xəcalət çəkmədən min cür hoqqadan çıxdıqları bu məkanda heç olmasa kimsə, nədənsə utanmalıdır ya, yox? Məsələn, “Şirinsu”nu işlədən Hikmət öz əməllərindən utansaydı, heç də pis olmazdı. Bir fikirləşsəydi ki, mən nə ilə məşğulam, nədən pul qazanıram... Amma yox, bildiyimiz qədəri Hikmət heç utancaq oğlan deyil. Nə bura gələnlərə obyektin fəaliyyət spesifikası ilə bağlı seksual “istirahət” təklif edəndə utanır, nə gələnlərin özləri ona bu xüsusda müraciət edəndə, nə də burada cinsi istismara məruz qoyulan qadınlar tərəfindən göstərilən “xidmətlər” müqabilində müştəridən pul alanda. Utanmır, vəssəlam. Yaxşı, Hikmət utanmırsa, bəlkə obyektin fəaliyyətinə nəzarət edən müvafiq vergi orqanının əməkdaşlarından kimsə utana bilərdi? Ən azından, əldə etdiyimiz məlumata görə “Şirinsu”nun kafe kimi qeydiyyatdan keçməsinə rəğmən, faktiki olaraq bu obyektin motel kimi fəaliyyət göstərməsinə həmin əməkdaşlar tərəfindən göz yumulması, belə bir utanca səbəb ola bilərdi. Amma yox, deyəsən Hikmətin “utanan bizdən deyil” şüarı, bu əməkdaşların da mənəvi dəyərləri qiymətləndirmək üçün istinad etdikləri kriterilərə, eləcə də onların “vəzifə borcu” kimi anlayışlara münasibətinə müəyyən düzəlişlər verib. Deməli, bunlar da utanası olmadılar. O zaman bəlkə... Yox, deməyə dilim dönmür. Axı utancaq polis ümumiyyətlə harda görünüb ki? Bir də ki, bu boyda paytaxtın izdihamlı küçə və meydanlarında yerləşmiş, kafe, sauna, hotel və sairə adlar altında əxlaqsızlıq yuvaları kimi fəaliyyət göstərən obyektlərdə baş verənlərə görə hansı idarə və ya şöbənin polisi utandı ki, indi biz İsmayıllı polisindən bunu gözləyək? Düzdür, kiçik bir ehtimal etmək olardı. Necə də olmasa, rayon yeridir, insanlar bir-birilərini daha yaxından tanıyırlar və sairə, və ilaxır. Bir tərəfdən də, yenə də vəzifə borcu və yenə də qanunçuluğun təmin olunması yönümündə daşınılan məsuliyyət... Amma belə də baxanda, yəqin biz unutmuşuq, meşənin axı öz qanunları var. Vəhşi təbiətin qanunları. Ola bilsin ki, “Şirinsu” da məhz bu qanunların əhatə dairəsinə düşüb. Nə isə, İsmayıllı polisindən də keçdi. Odur ki, bura gələn müştəri zəhmət çəkib özü utansa məsləhətdir. İndi özü bilər, ya içəri keçib məqsədini bildirəndə utanar, ya ona intim xidmət göstərəcək bicarə zavallının gözlərinə baxanda, ya da bir gecəlik “əyləncə” üçün bu kafedə ondan tələb olunan 100-150 manata bir neçə yetimin qarnını doyura biləcəyi barədə düşünəndə.