BolgeXeber.Com » Bölgə » Şəmkirdə sahibkarın işığını kəsib, rüşvət istəyirlər - ŞİKAYƏT

Şəmkirdə sahibkarın işığını kəsib, rüşvət istəyirlər - ŞİKAYƏT

29-06-2015, 12:44
Oxunub: 1 419 Şəmkirdə sahibkarın işığını kəsib, rüşvət istəyirlər - ŞİKAYƏTQ.Süleymanov söyləyir ki, iyunun 27-də heç bir xəbərdarlıq olmadan təsərrüfatın elektrik xətti açılıb

Şəmkir sakini Qədir Süleymanov Tia.az-a şikayət məktubu göndərib. Rayonun Düyərli kəndindən olan sahibkar məktubunda ölkə başçısına, sənaye və energetika nazirinə, “Azərişıq” ASC rəhbərinə, Şəmkirin icra başçısı Alimpaşa Məmmədova müraciət edib.

Sahibkar qeyd edir ki, 2013-cü ildən sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Onun sözlərinə görə, kənd təsərrüfatı məhsulları istehsal edir. Şikayətçi bildirir ki, küllü-miqdarda vəsait xərcləyərək heyvandarlıq üçün mal tövləsi, 1 hektar istixana inşa edib.
Həmçinin, 13 hektar yonca sahəsi, 2 hektar isə qarışıq meyvə bağı salıb. İş adamı deyir ki, qanuni olaraq Şəmkir Elektrik Şəbəkəsi İdarəsi tərəfindən elektrik xətti çəkilib. Ardınca “smartkart” tipli sayğac qoyulub, texniki şərt verilib. Bu günə kimi elektrik borcunu qabaqcadan ödəyib.
Q.Süleymanov söyləyir ki, iyunun 27-də heç bir xəbərdarlıq olmadan təsərrüfatın elektrik xətti açılıb: “Səbəbini soruşduqda bildirdilər ki, borca görə elektrik xətti açılıb. Bildirdim ki, “smartkart” tipli elektrik sayğacında borc yaranması mümkün deyil. Mən istixanada yetişdirilən pomidorun suvarılmasını həyata keçirirəm, istixananın içərisində 60 dərəcədən çox istilik var.
Əgər vaxtında suvarılmasa məhsulumuz bata bilər. Nəticədə indiyə qədər çəkdiyimiz küllü miqdarda vəsaiti itirmiş olarıq. Təsərrüfatda daimi 10 işçi, mövsümü olaraq 20-dən çox işçi çalışır. Məhsulun batması 30 ailənin ac qalması ilə nəticələnə bilər. Aidiyyəti qurumlardan təcili olaraq təxirəsalınmaz tədbirlər görmələrini xahiş edirəm.
Qanunvericiliyin normalarına uyğun olaraq Şəmkir EŞİ-i hər hansı bir nöqsan üçün vətəndaşa əvvəlcədən yazılı sürətdə xəbərdarlıq etməlidir. Ancaq baş biləni Mirdamət müəllim və onun göstərişi ilə təsərrüfatın elektrik xəttıii açan Səvxan adlı nəzarətçi qanunvericiliyin normalarını bilmədikləri, normativləri kobud şəkildə pozduqları, təlimatları bilmədikləri, savadsız olduqları və vətəndaşın təqsiri olmadan, onu təqsirli bilib onun elektrik xəttını “rüşvət” almaq istəmələri üçün açan “məmurlar” öz maaşları hesabına sahibkara dəyən zərərin əvəzini ödəməlidirlər”.
Sahibkar xatırladır ki, qanunvericilikdə sayğac nasaz olduğu halda hesablama necə aparılır: “İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır.
Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.
Nöqsan aşkar edildikdə və ya sayğac xarab olduqda vətəndaş nə etməli? Hesablaşma uçot cihazında nöqsan əşkar edildikdə vətəndaş nöqsanun aradan qaldırılması üçün enerji təhcizatı müəssəsinə ərizə ilə müraciət etməlidir.
İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir”.
Bolgexeber.com