BolgeXeber.Com » Bölgə » İcra başçısına söykənən bərbadlıq - Naftalanda

İcra başçısına söykənən bərbadlıq - Naftalanda

11-08-2015, 10:13
Oxunub: 729 İcra başçısına söykənən bərbadlıq - NaftalandaNaftalanın gənc icra başçısına arxayın olan bəzi məmurlar rayonda heç kimi saymır

Məlum olduğu kimi, ölkə başçısı regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirir. Sirr deyil ki, son illər bölgələrdə geniş abadlıq quruculuq işləri aparılıb və əhalinin sosial durumunun yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Düzdür, iş olan yerdə qüsur da olmalıdır. Amma bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri bilərəkdən qanunsuz işlərə əl atırlar. Ki, nəticədə əhali arasında narazılıq hallarının sayı artır. Ölkəmizin inkişafdan qalan rayonlarından biri də Naftalandır. Şəhərin əksər idarə və müəssisə rəhbərlərinin, o cümlədən icra başçısı Natiq Aslanovun səbəb olduğu qanunsuzluqlar haqqında bu günədək mətbuatda dəfələrlə silsilə tənqidlər dərc olunub. Buna baxmayaraq, nə icra başçısı, nə də digər məmurlar özbaşına əməllərindən əl çəkirlər.

Paytaxt Bakı şəhərindən 330 kilometr məsafədə yerləşən Naftalan şəhəri hazırda problemlər məngənəsində sıxılır desək, yanılmarıq. Bunu tək biz yox, rayon ictimaiyyəti də təsdiq edir. Çünki bu gün rayonun sosial durumu olduqca bərbad gündədir.

Amma buna baxmayaraq icra başçısının başı şəhərin mərkəzi küçələrində bir çox obyektləri alaraq özünə şəxsi marketlər tikdirməyə qarışıb. Ölkənin ən gənc icra başçılarından biri olan Natiq Aslanov rayonun bütün gəlirli sahələrini qohumlarının ixtiyarına verib. Xatırladaq ki, Natiq Aslanov 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputat olan Mahir Aslanovun qardaşı oğludur. Mahir Aslanov isə ölkənin tanımış biznesmenlərindən biri hesab olunur və o millət vəkili seçildikdən sonra da biznes sahəsində uğurlu layihələrini davam etdirməkdədir. Millət vəkilinin təmsil etdiyi Naftalan və Goranboy şəhərində də böyük biznes sahələrinin olduğu bildirilir.

2 milyonun taleyi...

Adıçəkilən rayona səfərimiz heç də səbəbsiz olmadı. Tez-tez rayonun sürətlə inkişaf etməsi ilə bağlı məlumatlara rast gəlirdik. Amma bu məlumatlarla da eyni vaxtda rayonda dözülməz durumun yaşandığı vurğulanırdı. Yaşananların yerində araşdırılması isə bütün həqiqətləri üzə çıxardı. Gördüklərimizin bizi nə qədər təəccübləndirdiyini elə sizlər də şəkillərdən görə bilərsiniz. Rayona çatanda düzü oranın şəhərin mərkəzi yox, hansısa kəndi olduğunu düşündük. Axı regionların sosial-iqtisadi inkişafı ölkə başçısının birbaşa diqqətindədir. Belə olduğu halda Naftalan rayonunun inkişafdan geri qalması təəccüb doğurur. Qeyd edək ki, 2014-cü ilin oktyabr ayında dövlət başçısı Naftalan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında da sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Naftalan şəhərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Naftalan Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılsın. Maraqlıdır ki, rayonun necə inkişaf etdiyinə diqqət yetirəndə 2 milyon manatın təyinatı üzrə xərclənmədiyi qənaətinə gəlmək olar. Belə ki, rayonun digər küçələri ilə yanaşı hətta mərkəzi küçələri də baxımsızdır. Yol kənarlarına yığılıb qalmış zibil topaları, ətrafa yayılmış ağac yarpaqları onu deməyə əsas verir ki, mərkəzi yollar belə təmizlənmir. Bu isə şəhər sakinlərini ciddi narahat edir. Adının çəkilməsini istəməyən şəhər sakini: "Nə qədər deyilsə ki, Naftalan şəhəri turistikdir, bu yalandır. Bir neçə sanatoriya ilə öyünürlər, amma rayonun ümumi inkişafı heç kimi narahat etmir. Ancaq özləri üçün biznes qurub böyük gəlir əldə edirlər. Bir şəhər sakini kimi Naftalanın inkişafını görmürəm. Görmürsünüz yollar nə gündədir? Bu mənzərə heç kimi narahat etmir".

Şəhər sakininin dediyi kimi, yollar olduqca bərbaddır. Şəhərin ən yaxşı yolları nə vaxtsa yamaqlananlardır. Yerdə qalan digər küçələr isə torpaq yollardır. Yol kənarındakı vaxtilə əkilmiş şam ağacları isə susuzluqdan yanır. Xırda ağaclar isə yayın istisinə tab gətirə bilməyib. Ona görə də, artıq quruyublar. Yol kənarlarındakı bardyurlardan və sakinlərin rahat hərəkəti üçün vaxtilə salınmış səkilərdən isə heç danışmağa dəyməz. Baxımsızlıqdan lap da pis vəziyyətə düşən bardyurlar ya uçub dağılmış vəziyyətdədir, ya da heç yoxdur. Səkilərə isə piyada ayaq qoymaq belə istəmir. Çünki səkilərdə səkilik qalmayıb. Şəhər ərazisi ilə tanış olarkən amma onu da müşahidə etdik ki, bir neçə beşmərtəbəli yaşayış binası ağlayla üzlənərək normal vəziyyətə gətirilib.

Yaşıllıq biznes marağının qurbanı oldu

Yazının əvvəlində icra başçısının biznes məsələsinə toxunduq. Maraqlıdır ki, şəhər rəhbərliyi və onun tabliyində olan şəhərin vəzifə sahibləri öz maraqları üçün hətta yaşıllıqların məhv edilməsinə belə razı olurlar. Dəmir lövhələrlə hasarlanmış ərazidəki hündür şam ağacları məhz kimlərinsə maddi marağının qurbanı olub. Ona görə də kəsilərək yerində ictimai-iaşə obyekti inşa edilib. Sakin: "Bura yaşıllıq idi. Amma bir gün hasarlandığını gördük. Düzü ağacların kəsilməsini düşünmürdük. Amma bir də gördük ki, iri ağacların başını yerə qoyurlar. Bunu kimlərin etdiyini bilmədik. Heç belə şey edərlər? Oradakı ağacların yaşı çox idi. Lakin bunlar heç nəyə əhəmiyyət vermədən kəsib doğradılar".

Naftalanın gənc icra başçısına arxayın olan bəzi məmurlar rayonda heç kimi saymır

Sonda qeyd edək ki, icra başçısı Natiq Aslanov həqiqi hərbi xidmətdə olmasa da, icra strukturunda çalışır. İcra strukturunun rəhbəri həqiqi hərbi xidmətdən yayınsa da, dövlət qulluqçusu statusu ala bilib. Naftalan Şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifəsində də icra başçısı kimi Natiq Aslanovun həqiqi hərbi xidmətdə olması barədə qeyd yoxdur. Natiq Aslanovun icra hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilən tərcümeyi-halında bildirilir ki, o, 1976-cı il avqust ayının 22-də Naftalan şəhərində anadan olub. 1998-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının mühəndis iqtisadiyyatı və idarəetmə fakultəsini bitirib. 2000-ci ildən 2004-cü ilə kimi "Kəpəz" firmasında alqı-satqı üzrə menecer, 2004-2010-cu il tarixlərində "Tam İnşaat" MMC-nin direktoru vəzifəsində çalışıb. Ölkə prezidentinin 2010-cu il 25 yanvar tarixli 696 saylı sərəncamı ilə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Sakinlər bildirirlər ki, Naftalanın gənc icra başçısına arxayın olan bəzi məmurlar rayonda heç kimi saymır və heç kimlə də hesablaşmaq istəmir. Belə ki, Natiq Aslanov tərəfindən himayə edildiklərini iddia edən bəzi vəzifəli şəxslərin Naftalan əhalisi ilə münasibətsiz davranışları sakinlər tərəfindən narazılıqla qarşılanmasına səbəb olub.

Gündəlik Bakı