BolgeXeber.Com » Bölgə » Naftalan beş ildir “yerində sayır”

Naftalan beş ildir “yerində sayır”

11-08-2015, 14:42
Oxunub: 3 157 Naftalan beş ildir “yerində sayır”İddialara görə Natiq Aslanov əlində cəmlənmiş səlahiyyət və resursları öz şəxsi biznesinin inkişafına yönəldib

Bu gün respublikamızın bütün regionlarında yenidənqurma və abadlıq işlərinin həm miqyası, həm də dinamikası hər kəsdə heyrət doğurur. Azərbaycanın bütün şəhər və rayonlarında, qəsəbə və kəndlərdə intensiv surətdə həyata keçirilən əsaslı bərpa-təmir işləri, küçə və yolların abadlaşdırılması yerli sakinlərin sosial durumunun yüksəlməsinə, məişət problemlərinin həllinə güclü təkan verir. Digər tərəfdən isə, artlq dəfələrlə qeyd olunduğu kimi, bu proseslərdən kənarda qalmağa üstünlük verən, dövlət tərəfindən ona verilmiş müstəsna səlahiyyətlərdən dövlətin və xalqın rifahı naminə deyil, öz maddi maraqlarının təminatı məqsədilə istifadə edən yüksək vəzifəli məmurlara da hələ ki, kifayət qədər tez-tez rast gəlmək olur. Bu deyilənlərin təsdiqini tapmaq üçün isə bu gün Naftalan şəhərində baş verənləri səthi müşahidə etmək kifayət edir. Məlum olduğu kimi, Naftalan şəhəri 1967-ci ilə kimi Goranboy və Yevlax rayonlarının tərkibində qəsəbə kimi fəaliyyət göstərmişdir. 28 aprel 1967-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Qərarı ilə Naftalana Respublika tabeli şəhər statusu verilmişdir. Əhalisinin ümumi sayı 01 yanvar 2012-ci il tarixə 9393 nəfər olmuşdur. Ərazisi 3572.63 hektardır. Naftalan şəhəri 1 şəhər 2 kənddən ibarətdir. Şəhərin əsasını Sanatoriya – Kurort infrastrukturu təşkil edir. Təbii ki, bu gün Naftalan şəhərinin respublikamızın ən inkişaf etmiş bölgələrindən birinə çevrilməsi üçün bütün imkanları vardır. Düşünmək olardı ki, ölkənin ən gənc icra başçılarından biri olan Natiq Aslanovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinatı da ən qısa zamanda bu şəhərin ölkənin ən cəlbedici turizm məkanlarından birinə çevrilməsinə, yerli əhalinin isə rifahının yüksəlişinə səbəb olacaq. Lakin bu təyinatdan keçən beş il ərzində bu gözləntilərdən heç biri özünü doğrultmadı. Yerli mənbələrdən aldığımız məlumatlarda da vurğulanır ki, bu məqsədə çatmaq üçün Naftalan ŞİH-nin fəliyyəti heç də məqsədəuyğun və qənaətbəxş hesab oluna bilməz. Açıqlamalarda iddia olunur ki, bu gün icra başçısı daha çox özünün və yaxın qoumlarının rifah halının yüksəldilməsi məsələsini diqqət mərkəzində saxlamaqdadır. Bu xüsusda açıqlamalarda deyilir: “Naftalan şəhəri hazırda problemlər məngənəsində sıxılır. Bunu bütün sakinlər təsdiq edə bilər. Çünki bu gün rayonun sosial durumu olduqca bərbad gündədir. Amma buna baxmayaraq icra başçısının başı şəhərin mərkəzi küçələrində bir çox obyektləri alaraq, özünə şəxsi marketlər tikdirməyə qarışıb. Natiq Aslanov rayonun bütün gəlirli sahələrini qohumlarının ixtiyarına verib...” Məlum olduğu kimi, hələ 2014-cü ilin oktyabr ayında dövlət başçısı Naftalan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Naftalan şəhərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Naftalan Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılsın. Bunun müqabilində isə, bu gün şəhərin digər küçələri ilə yanaşı hətta mərkəzi küçələri də baxımsız vəziyyətdədir. Yol kənarlarına yığılıb qalmış zibil topaları, ətrafa yayılmış ağac yarpaqları onu deməyə əsas verir ki, mərkəzi yollar belə təmizlənmir. Təbii ki, belə olan halda, ayrılan 2 milyon manatlıq dövlət vəsaitinin hara xərclənməsinə dair haqlı suallar meydana çıxır. Eyni zamanda da yaranmış vəziyyət yerli sakinlərin ciddi narazılıqlarına səbəb olur: “Nə qədər deyilsə ki, Naftalan şəhəri turizm məkanı kimi inkişaf edir, bu yalandır. Bir neçə sanatoriya ilə öyünürlər, amma rayonun ümumi inkişafı heç kimi narahat etmir. Ancaq özləri üçün biznes qurub böyük gəlir əldə edirlər...” Xatırladaq ki, Natiq Aslanov 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputat olan Mahir Aslanovun qardaşı oğludur. Mahir Aslanov isə, ölkənin tanımış iş adamlarından biri hesab olunur və o, millət vəkili seçildikdən sonra da biznes sahəsində uğurlu layihələrini davam etdirməkdədir. Ehtimal etmək olar ki, əmisinin bu sahədə olan uğurları Natiq Aslanovu elə həvəsləndirib ki, o, öz vəzifə borclarını da unudaraq, əlində cəmlənmiş səlahiyyət və resursları öz biznesinin inkişafına yönəltməyə qərar verib...bizimdovr.az



Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.