BolgeXeber.Com » Bölgə » Böyük ərazilər susuzluqdan əziyyət çəkir - Cavabdeh idarə isə......

Böyük ərazilər susuzluqdan əziyyət çəkir - Cavabdeh idarə isə......

15-08-2015, 15:36
Oxunub: 2 577 Böyük ərazilər susuzluqdan əziyyət çəkir - Cavabdeh idarə isə......“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbərliyi tabeliyində fəaliyyət göstərən bu qurumun fəaliyyətini yoxlamaq məqsədilə hələ də heç bir tədbir görməmişdir

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) tabeliyində fəaliyyət göstərən Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin əsas funksiyası kanal vasitəsilə axıdılan suyu təsərrüfatlara çatdırmaq və kanalı daim saz vəziyyətdə saxlamaqdan ibarətdir. İdarənin qulluq etdiyi Yuxarı Qarabağ kanalı Qarabağın 110 min hektar əkin sahəsini suvarma suyu ilə təmin edir. Bu ərazilərin 86400 hektarı suyun öz axını ilə, 23600 hektarı isə mexaniki üsulla, yəni nasoslar vasitəsilə suvarılır. Kanal öz mənbəyini Mingəçevir su anbarından götürərək respublikanın Yevlax, Mingəçevir, Goranboy, Tərtər, Bərdə, Ağcabədi, Beyləqan, Ağdam və İmişli rayonlarını suvarma suyu ilə təmin etməlidir. Lakin redaksiyamıza daxil olan məlumatlarda bu gün Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin fəaliyyətində ciddi nöqsanların müşahidə edildiyi bildirilir. Qeyd olunur ki, idarənin yarıtmaz fəaliyyəti kanalın suvarma ərazisinə aid olan fermer təsərrüfatlarının işində ciddi problemlər yaradır. Təəssüf doğuran hal kimi qeyd etməlik ki, Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin fəaliyyətindəki nöqsanlar, idarənin rəisi İlyas Səfərovun yol verdiyi ciddi qanun pozuntuları barədə dəfələrlə yuxarı instansiyalara müraciətlər olunsa da, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbərliyi tabeliyində fəaliyyət göstərən bu qurumun fəaliyyətini yoxlamaq məqsədilə hələ də heç bir tədbir görməmişdir. Halbuki, ölkə mətbuatında dərc olunan materiallarda da İlyas Səfrovun törətdiyi müxtəlif maxinasiyalar barədə ətraflı açıqlamalar dəfələrlə təqdim olunub. Həmçinin redaksiyamıza daxil olan məlumatlarda da bildirilir ki, bir çox hallarda Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin keçirdiyi tenderlərin qalibi “Monolit” MMC, “Nicat SK” MMC və “İlqar” MMC şirkətləri olurlar. Maraqlıdır ki, bu şirkətlər eyni bir adama, İlyas Səfərovun qardaşı Knyaz Səfərova məxsusdurlar. Daxil olna məlumata görə İlyas Səfərov ayrılan dövlət vəsaitlərini kanalların, hidroqurğuların təmiri adı altında saxtalaşdırılan sənədlər əsasında bu şirkətlərin bank hesablarına köçürərək, həmin vəsaitlərin mənimsənilməsinə yol verir. İddialara görə, təkcə bir il ərzində təmir-bərpa, əsaslı təmir və cari təmir işlərinin aparılması üçün idarəyə 1,5 milyon manata yaxın vəsait ayrılır. Bununla belə yol verilən maxinasiyalar və maliyyə mənimsəmələri səbəbindən nəzərdə tutulan layihələrin keyfiyyət göstəriciləri daim aşağı düşür. Elə buna görə də kanal hazırda nasaz vəziyyətdədir, təsərrüfatlara isə su lazımi səviyyədə çatdırılmır. Digər tərəfdən isə, məlumatlara görə İlyas Səfərovun şəxsi sərvəti durmadan artır. Məsələn, iddialara görə, idarə rəisinin məhz elə kanalın üstündə yerləşən ərazidə 300 hektara yaxın torpaq sahəsi var. Həmin sahə əvvəllər əhalinin istifadəsində olub, lakin məmur əlindəki maddi imkanlardan istifadə edərək, camaatın torpaq sahələrini də zəbt edib. Mənbələr bildirirlər ki, İlyas Səfərov həmin ərazidə müxtəlif təsərrüfat sahələri yaradıb. Bir hissəsində meyvə bağları saldırıb, digər hissəsində pambıq əkdirib və sair. Elə vətəndaşların etirazlarına səbəb olan məqamlardan biri də budur ki, yerli fermerlər əkdikləri ərazini suvarmağa su tapmadıqları halda, İlyas Səfərovun şəxsi təsərrüfatının suyu bir saniyə belə olsa, kəsilmir. Digər bir məlumata görə isə, idarə rəisi bu yaxınlarda Aran qəsəbəsində böyük bir bazar tikdirib. Buranın tikintisinə yüz minlərlə vəsait sərf edilib...Göründüyü kimi Yuxarı Qarabağ Kanalı İstismar İdarəsində özbaşınalıqlar artıq son həddə gəlib çatmışdır. “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbərliyi isə hələ də yaranmış vəziyyəti ciddiyə almamaqla problemlərin həllini təxirə salır.