BolgeXeber.Com » Bölgə » Şamaxının bu kəndindən icra hakimiyyətinə “su yürüşü” olacaq...

Şamaxının bu kəndindən icra hakimiyyətinə “su yürüşü” olacaq...

15-08-2015, 16:07
Oxunub: 3 531 Şamaxının bu kəndindən icra hakimiyyətinə “su yürüşü” olacaq...“Camaat qapı-bacasını bağlayıb, kənddən gedib. Qızmar aylarda susuz qalmışıq. Sahələr yanır, məhsul əkə bilmirik. Bunlar öz yerində. İçməyə də bir ovuc su tapa bilmirik”

Şamaxının Çıraqlı kəndinin sakinləri “Azadlıq” radiosuna belə deyirlər.

Kənd sakini İmam Səfərovun dediklərindən: “İllərdir kənddə nə içməli, nə də əkin-biçin üçün su var. Bərəkətli torpaqda yaşayasan, sən torpağa, torpaq da sənə baxa-baxa qala... Suvarma işini görə bilmirik ki, verilən pay torpaqlarından xeyir götürək. Mən ailəmi Bakıya göndərmişəm. Özüm də arada-sırada gəlib kəndə baş çəkib gedirəm. XXI əsrdə yaşayırıq, suya görə ev-eşikdən didərgin düşmüşük”.

Kənd sakini Əsəd Mustafayev su problemini çözmək üçün həyətində kiçik quyu qazdırıb, amma... Amma o quyudan istifadə edə bilmir: “Bəzən vətəndaşı qanunsuzluğa sürükləyən elə dövlət məmurlarıdır. Quyunu qazdırdım, üstünə bir motor qoydum ki, ağacları suvarım. Gəlib motoru çıxarıb tulladılar kənara. Deyirlər ki, sayğac quraşdır, sonra işə sal, yoxsa külli miqdarda cərimələnəcəksən. Mən razı... Bəli, dövlətin işığını işlədiriksə, pulunu da ödəməliyik. Ancaq dövlət də vətəndaşı belə divara sıxışdıra bilməz axı. Sayğac quraşdıranda bu boyda bağı hər gün suvarmaq çox baha başa gəlir. Suyumuzu versinlər, bağımızı suvaraq, başqa yollara əl atmayaq”.

Ə.Mustafayev deyir ki, ötən həftə kənd sakinləri toplaşaraq yerli icra hakimiyyətinin binası qarşısına yürüş də ediblər. Ancaq hələ də sudan soraq yoxdur: “Azı 100 nəfər yığışıb getmişdik. Polislərdən başqa bir adam qabağa çıxmadı. Onlar da bizi sakitləşdirdilər ki, dağılışın, suyunuz gələcək. Yəni o boyda icra hakimiyyətinin pəncərəsindən bu qədər adamı görən olmadı? Heç kəsə maraqlı gəlmədi ki, bu qədər adam haradan və niyə gəlib, canlarının azarı, bezarı nədir?”

Şamaxı Rayon İcra Hakimiyyətindən bildiriblər ki, Çıraqlıdakı susuzluq havaların quraq keçməsindən qaynaqlanır: “Yeraltı sular kəskin azalır. Suyun keçib gəldiyi kəndlərdə suvarma aparılanda su gəlib bu kəndlərə çatmır. Bu, sırf təbiətlə bağlı bir məsələdir”.

Çıraqlılarsa qulaqları su şırıltısı eşitməyənədək həftədə bir dəfə rayon icra hakimiyyətinin inzibati binası qarşısına toplaşacaqlarını deyirlər.
Bolgexeber.com