BolgeXeber.Com » Bölgə » Qazax Rayon İcra Hakimiyyətinin başçısı da vəzifədən kənarlaşdırıla bilər

Qazax Rayon İcra Hakimiyyətinin başçısı da vəzifədən kənarlaşdırıla bilər

14-09-2015, 11:00
Oxunub: 3 079 Qazax Rayon İcra Hakimiyyətinin başçısı da vəzifədən kənarlaşdırıla bilərQazax rayonunda vəziyyət heç də ürək açan deyil

İcra hakimiyyətinin yetkili şəxsləri, eləcə də bəzi yerli məmurlar rayon sakinlərinə, həmçinin fermerlərə və sahibkarlara əlavə problemlər yaradır, əhalinin sosial qayğılarını həll etmək əvəzinə tamam başqa işlərə vaxt sərf edirlər.
Bu və digər bir sıra önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri redaksiyamızla bölüşən məlumatlı şəxsin sözlərinə görə, əgər belə davam edərsə, o zaman yaxın vaxtlarda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov tutduğu vəzifədən kənarlaşdırıla bilər.

Ayaz Əsgərovun əslən Tovuz rayonunun Qovlar qəsəbəsindən olduğunu vurğulayan mənbə qeyd edir ki, o, 1989-cu ildə Moskva Ət və Süd Məhsullarının Texnologiyası İnstitutunu, 2006-cı ildə, yəni 42 yaşında isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib: "Ayaz Əsgərovun 42 yaşında Memarlıq və İnşaat Universitetini bitirməsi həqiqətən də olduqca maraqlıdır. Onu da qeyd edim ki, icra başçısı 1989-2006-cı illərdə müxtəlif vəzifələrdə çalışıb. 2006-2011-ci illərdə isə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb. 6 oktyabr 2011-ci il tarixdə isə Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Elə həmin gündən qazaxlıların problemlərinin üstünə yeniləri də əlavə olunub". Qazax Rayon İcra Hakimiyyətinin başçısının nəqliyyat nazirinin müavini Arif Əsgərovun qardaşı olduğunu qeyd edən mənbə iddia edir ki, Ayaz Əsgərovun fəaliyyətindən narazı qalan şəxslərdən biri də iş adamı Qalib Binnətovdur. Belə ki, təxminən 4 ay bundan əvvəl iş adamı başına gələn olayları ən incə detallarınadək açıqlayarkən Qazax rayon icra başçısının onu külli miqdarda ziyana saldığını bildirib: "2012-ci ilin yanvar ayında icra başçısının müavini Tahir Musayev mənim fəaliyyət göstərdiyim müəssisəyə gələrək rayona ölkə başçısının səfər edəcəyinin gözlənildiyini və icra başçısı Ayaz Əsgərovun aqlay daşları məndən alınması haqda göstəriş verdiyini dedi. Bundan sonra Tahir müəllim məni iş icraçısı Oruc adlı şəxslə tanış etdi və materialları ona verməli olduğumu dedi. Bir neçə ay keçsə də mən hələ də daşlara görə pul almamışdım. İcra hakimiyyətinə müraciət etdim, dedilər "büdcədə pul yoxdur, gözlə". Mən də pul qazana bilmədiyim üçün yeni daşlar ala bilmədim və daşların verilməsini dayandırdım. Bir neçə gün sonra başçının birinci müavini Fərman Nağdəliyev, başçı Ayaz Əsgərov, rayonun baş memarı Mehdi müəllim maşında mənimlə görüşdülər və daşların verilməsini niyə dayandırdığımı soruşdular, mən də daş almaq üçün pulumun olmadığını dedim. Vəd verdilər ki, sən öz əlaqələrindən istifadə et, daş al bizə ver, sonda bütün pulun ödəniləcək. Mən də Bakıdan tanış mağazalardan nisyə daş alıb Oruca verdim. 2012-ci ilin aprelində iş tamamlandı. Mənim onlara verdiyim daşların ümumi məbləği 54 min 676 manat oldu. Amma mən bu vaxta kimi icra hakimiyyətindən cəmi 4 min 200 manat pul ala bilmişəm. Mənə icradan deyirlər ki, get Oruc İsmayılovu məhkəməyə ver, pulunu ondan al. Mən Orucu tanımamışam, mənlə onu başçının müavinləri tanış edib. Oruc İsmayılov polisə ifadəsində məndən 40 min manat dəyərində material götürdüyünü etiraf edib və bildirib ki, bunu icra hakimiyyətinin məsul şəxslərinin tapşırığı ilə edib". Nəzərinizə çatdıraq ki, iş adamının iddiası üzrə Qazax Rayon Məhkəməsində icra başçısının müavini Tahir Musayev və Oruc İsmayılov barəsində işə baxılıb: "Qərar verilib ki, mənə olan borc 40 min manat Oruc İsmayılovdan alınıb ödənilsin. Apelyasiya Məhkəməsi isə qərarın "Oruc İsmayılov tərəfindən ödənilsin" hissəsini ləğv edib. Beləliklə, ortada 40 min manat borc olduğu haqda qərar var, amma kimin ödəməli olduğu bilinmir. Mən indi də Ali Məhkəməyə müraciət edəcəyəm". Qalib Binnətov bildirib ki, 50 min manatlıq material satdığı halda 40 min manat ödənilməsi qərarı ilə razılaşmasının da öz səbəbi var. Onun sözlərinə görə, bir müddət öncə icra hakimiyyətindən ona növbəti vəd verilib. Deyilib ki, ona əlavə olaraq 25 min manat qazana biləcəyi daha bir iş həvalə olunacaq. Lakin hələ də ona nə pulu ödənilib, nə də yeni iş verilib…
Əldə etdiyimiz digər informasiyada isə bir müddət əvvəl Qazax rayonunun mərkəzində inşa edilən "Fəxri qazaxlılar" parkının tikintisi zamanı dövlət büdcəsindən külli miqdarda vəsaitin başqa istiqamətə yönəldildiyi iddia olunur. Belə ki, "3 hektara yaxın sahəsi olan park tamamilə yenidən qurulub, parkın ərazisində büstlər, heykəllər təzələnib, şəlalə fəvvarələr tikilib" deyən məlumatlı şəxsin sözlərinə görə, bu zaman icra başçısının Qazax şəhəri üzrə nümayəndəsi Rövşən Nəbiyevin nəzarəti altında tikilən parkda işlərin əksəriyyətinin maliyyə smetası bir neçə dəfə artırılıb: "Deyilənlərə görə, görülən işlərdə əsasən işlənən avadanlıqların, fəhlələrin maaşlarının və sair zəruri malların qiymətləri şişirdilib. Məsələn, parka 4 min p/m uzunluğunda bardür düzülüb, 8 min m2 ozon qatı salınıb, bundan başqa dekorativ ağaclar və güllər, gül kolları əkilib. Parka düzülmüş qazon qatının və gül kollarının qiyməti bir neçə dəfə artırılıb. Bundan başqa, parkın ərazisində quraşdırılan uşaq əyləncə qurğularının alınma qiymətləri də xeyli dəyişdirilib…"(Gundelik-bakı)
Bu arada, başqa bir informasiyada isə qeyd olunur ki, icra başçısı Qarabağ qazilərinin, müharibə veteranlarının işlə və ya maddi cəhətdən təmin olunmaları üçün heç bir köməklik göstərmir. Qazax rayonunda Qarabağ əlillərinə, şəhid ailələrinə qarşı olan ögey münasibət sərgiləndiyini vurğulayan məlumatlı şəxs şəhid Tahir Mübariz oğlunun bulaq abidəsi ilə bağlı baş verənləri diqqətə çatdırıb: "Qarapapaq kəndində dövlət hesabına gözəl bir məktəb tikilib. Yolun məktəb tərəfində Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olmuş Tahir Mübariz oğlunun bulaq abidəsi yerləşir. Kiminsə əmri ilə bulaq - abidənin arxasında ayaqyolu tikmək istəyirdilər. Lakin rayon sakinləri bu işə müdaxilə edərək icra başçısının müavinini, arxitektoru, şirkət rəhbərini hadisə yerinə çağırıblar. Şəhid atası buna görə özünü yandıracağını bildirdikdən sonra iş dayandırılıb. Təbii, bu, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun şəhidlərə hansı formada hörmət qoyduğunun bariz nümunəsidir. Həmçinin bütün bunlar bir daha onu göstərir ki, icra başçısı üzərinə düşən işə yetərincə məsuliyyətlə yanaşmır…" /"Gündəmşok"