BolgeXeber.Com » Bölgə » Nazirin qohumu olan icra başçısı da narazılıq yaradır - Ağsuda icra hakimiyyəti fəhlələrin pulunu vermir

Nazirin qohumu olan icra başçısı da narazılıq yaradır - Ağsuda icra hakimiyyəti fəhlələrin pulunu vermir

16-09-2015, 12:19
Oxunub: 2 913 Nazirin qohumu olan icra başçısı da narazılıq yaradır - Ağsuda icra hakimiyyəti fəhlələrin pulunu vermirŞikayətçilərdən Asəf Əliyevin sözlərinə görə, on gün ərzində gördükləri işin müqabilində onlara pul vermək istəmirlər

Ağsu-Kürdəmir yolunda təmir işləri görən fəhlələrin pulları verilmir. Narazı fəhlələr musavat.com-a bildiriblər ki, yol kənarında aparılan abadlıq işləri çərçivəsində on gün çalışsalar da, zəhmət haqqlarını ala bilmirlər. “Yol kənarına setka vururuq, buradan dövlət başçısının keçəcəyini deyirlər. Qısa müddətdə, keyfiyyətlə işi gördük, amma indi Ağsu icra hakimiyyəti pulumuzu vermir. İşə məsul şəxs Mirəli Qurbanov deyir ki, pul yoxdur, gedin kimə istəyirsiniz, şikayət edin. İndi parka yığışıb icra başçısını gözləyirik. Təxminən otuz nəfərik”.

Şikayətçilərdən Asəf Əliyevin sözlərinə görə, on gün ərzində gördükləri işin müqabilində onlara pul vermək istəmirlər. İlkin Məmmədli isə bildirir ki, bir həftədir ki, icra hakimiyyətində onları get-gələ salırlar. “Biz narazıyıq, belə olsa, dövlət başçısına da yazacağıq”,- deyə şikayətçilər qeyd edirlər. Şikayətçilərdən Orxan Ataxanlı və Mirsəftər Mirqədirov da qeyd edir ki, onları icra hakimiyyətinin mühəndisi Mirəli Qurbanov incidir və pullarını vermək istəmir. “Qaradaşlı kəndini yol kənarı on gün ərzində hazırlayıb təhvil vermişik. əvvəl demişdilər ki, iş bitən kimi pulumuzu evrəcəklər, indi deyirlər ki, pul yoxdur, vəssalam”.

Rayon icra hakimiyyətinin mühəndisi Mirəli Qurbanov isə məsələ ilə bağlı musavat.com-a bildirib ki, tezliklə fəhlələrin pulu veriləcək: “Onlar mövsümu işçilərdir. Üç gün işləyiblər, bizim işimiz isə bitməyib. Gərək pul hesaba otursun ki, biz də onlara verək. Allah qoysa, onların pulu sentyabrın 21-22-də veriləcək. Onlar yolun qırağına setka vurublar, pullarını da alacaqlar. İşi hələ təhvil götürməmişik. Artıq onlarla görüşmüşük”.
Bolgexeber.com