BolgeXeber.Com » Bölgə » Prezidentin ayırdığı 5.4 milyon manatı İsmayıllıda kimlər “yedi”? - Araşdırma

Prezidentin ayırdığı 5.4 milyon manatı İsmayıllıda kimlər “yedi”? - Araşdırma

21-09-2015, 15:11
Oxunub: 2 735 Prezidentin ayırdığı 5.4 milyon manatı İsmayıllıda kimlər “yedi”? - AraşdırmaGörüntü üçün təmir?

10 Dekabr 2013-cü il – Bu tarixdə Prezident İlham Əliyev sərəncam imzalayır. Sərəncama əsasən Dörd min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən İsmayıllı-Göytəpə-Qalınçaq-Ruşan avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılır.

Qaynar.info xəbər verir ki, üstündən cəmi 3 ay 20 gün vaxt keçir. 01 aprel 2014-cü il - Prezidentin bu tarixli sərəncamı ilə eyni yolun - İsmayıllı-Göytəpə-Ruşan-Qalınçaq avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə 3,4 milyon (üç milyon dörd yüz min) manatı İsmayıllı Rayon İcra Hakimiyyətinə ayrılır.

Ümumi uzunluğu 18 km olan yolun tikilməsi məqsədi ilə toplam 5.4 milyon manat ayrılır. Bu həm də o dövrlərə təsadüf edir ki, İsmayıllıda məmur özbaşnalığına etiraz olaraq xalq ayağa qalxmışdı, icra başçısı vəzifəsindən uzaqlaşdırılıb, Mirdamət Sadıqov bu rayona yenicə icra başçısı təyin olunmuşdu. Belə olan halda ən azı bir müddət hamı M. Sadıqovun daha diqqətli və qanun tələblərinə uyğun fəaliyyət göstərəcəyini gözləyirdi.

Ancaq apardığımız araşdırma baş verənlərin gözləntilərin əksi olduğunu göstərir. Yuxarıda qeyd etdiyimiz kimi, prezidentin ehtiyat fondundan 18 km-lik yolun tikintisi üçün 5.4 milyon manat ayrılıb. Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının qanununa əsasən 50 min manatdan yuxarı məbləğdə görülən bütün işlərlə bağlı tender elan olunmalıdır və tender müqaviləsi bağlanmalıdır.

Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinın açıqladığı hesabatlar isə göstərir ki, yuxarıda göstərilən 5.4 milyon manatla bağlı bu vaxta qədər İsmayıllı Rayon İcra Hakimiyyəti heç bir tender keçirməyib. Bu məbləğin hara xərclənməsi isə müəmmalı olaraq qalır.

Görüntü üçün təmir?

Bununla yanaşı zaman – zaman mediada yolun təmir prosesində olması ilə bağlı məlumat yaydırılsa da, İsmayıllı rayon sakini Səməndər Səfərov Qaynar.İnfo-ya açıqlamasında bildirdi ki, yolun ancaq giriş hissəsi çəkiliş və fotolar üçün təmir olunub. Qalan hissələrdə heç bir təmir edilməyib: “Sovet maşınlarını çıxsaq o yollarda digər maşınların hərəkəti mümkünsüzdür. Yol daş – çınqıldan ibarətdir. Qılıncağa doğru hərəkət etdikcə yolun vəziyyəti daha da pisləşir. Bununla bağlı hətta bir qrup sakin İcra Hakimiyyətinə müraciət də göndərmişdik. Bizə cavab verdilər ki, bu yolların təmirinə rayon İcra Hakimiyyəti baxmır”.

İcra Hakimiyyətindən belə cavab verilsə də, maraqlıdır ki, prezidentin sərəncamlarında pulun məhz rayon İcra Hakimiyyətinə ayrılması qeyd olunub.

Bundan başqa, rəsmi sənədlərdə qeyd olunur ki, İsmayıllıda rayondaxili yolların təmiri üçün 2013-2015-ci illərdə 2.6 milyon manat pul xərclənib. İşin İcraçısı isə “İsmayıllı Tikinti-27” ASC adlı qurum olub. Ancaq elə məhz yuxarıda qeyd etdiyimiz İsmayıl sakini Səməndər Səfərovun bizə təqdim etdiyi foto tam əksini deyir. Rayonun mərkəzi küçəsi olan və İcra Hakimiyyətinin yaxınlığında yerləşən Nəriman Nərimanov küçəsində görülən bu görüntü rayon ətrafı yollar kimi, mərkəzi yolların da təmirsiz olduğunu göstərir. Rayon mərkəzi yollarının təmir – tikintisi məqsədi ilə bağlanan 4 müqavilənin 4-nun də bir şirkətlə bağlanması isə şübhə doğuran məqamlardan biridir.

Qeyd edək ki, yaxın günlərdə İsmayıllıda yolların durumu ilə bağlı geniş fotoreportaj təqdim edəcəyik.
Bolgexeber.com
Prezidentin ayırdığı 5.4 milyon manatı İsmayıllıda kimlər “yedi”? - Araşdırma