BolgeXeber.Com » Bölgə » Vaxtını Gürcüstan kazinolarında keçirən məmur qızıl biznesinə girişib - Şəmkirdə

Vaxtını Gürcüstan kazinolarında keçirən məmur qızıl biznesinə girişib - Şəmkirdə

7-10-2015, 13:03
Oxunub: 3 644 Vaxtını Gürcüstan kazinolarında keçirən məmur qızıl biznesinə girişib - Şəmkirdəəmkir Regional Qaz İstismarı İdarəsi rəisi Rasim Zeynalovqızıl alverinə girişib

Dövlət məmurunun ilk qızıl dükanı da elə bu rayonda fəaliyyətə başlayıb.

Rasim Zeynalovun həmçinin demək olar hər həftənin şənbə-bazar günlərini qonşu Gürcüstanda fəaliyyət göstərən kazinolarda keçirdiyi iddia olunur.

Hələ bir müddət mətbuatda Qazax rayon Qaz İstismar Sahəsinin fəaliyyətində müşahidə olunan neqativ hallardan bəhs edilirdi. Həmin məlumatlarda bildirilirdi ki, sahə rəisi Rasim Zeynalov tərəfindən işçilər əliəyriliyə, korrupsiya hallarının icrasına təhrik olunur, bu kimi göstərişlərə əməl etməyənlər isə işdən qovulmaqla cəzalandırılırlar. Eyni zamanda da məlumatlarda sahə rəisinin passiv rüşvətxor məmur olmadığı, həm də qazanc əldə etməyin yeni üsullarının daima axtarışında olduğu iddia edilirdi.

Lakin mətbuata və digər aidiyyatı olan qurumlara ünvanlanan bu şikayətlər nəticə etibarı ilə Rasim müəllim üçün düşərli oldu. Belə ki, bu mövzuda tənqidi materialların dərcindən sonra çox keçmədi ki, Rasim Zeynalov Şəmkir Regional Qaz İstismarı İdarəsinin rəisi vəzifəsinə təyin olundu.

Təəssüflər olsun ki, o zaman yuxarı instansiyalarda bu məmurun törətdiyi qanunsuz əməllər barədə təqdim olunan məlumatlara “barmaqarası” baxdılar. Halbuki həmin məlumatlarda kifayət qədər ciddi ittihamlar irəli sürülürdü. Bu xüsusda redaksiyamıza daxil olan şikayət ərizələrində idarənin rəisi Rasim Zeynalov rayon əhalisinin təbii qaz yanacağı ilə təmin edilməsi üçün ayrılmış vəsait və materialların davamlı surətdə mənimsənilməsində ittiham olunurdu.

Vurğulanırdı ki, Rasim Zeynalov mütəmadi olaraq Qazax rayonu ərazisində kilometrlərlə ölçülən məsafələrdə qaz borularının yenilənməsi, həmçinin guya ki, görülmüş cari təmir işləri və sairə haqda saxta sənədlər hazırlayaraq yuxarı instansiyalara təqdim edir.

Həmçinin məlumatlarda qeyd olunurdu ki, rayonun bir sıra kəndlərinə çəkilməsi nəzərdə tutulmuş qaz boruları da Rasim Zeynalov tərəfindən satılır. Dövlət sifarişlərini yerinə yetirə bilmədiyindən idarə rəisi Qazax rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərova da mütəmadi olaraq yalan məlumatlar verir.

Eyni zamanda da, aldığımız məlumatlarda daha çox diqqəti cəlb edən məqam Rasim Zeynalovun öz asudə vaxtını necə keçirməsi barədə olan açıqlamalarla bağlı olmuşdu. Bu xüsusda aldığımız məlumatda bildirilirdi ki, Rasim müəllim demək olar hər həftənin şənbə-bazar günlərini qonşu Gürcüstanda fəaliyyət göstərən kazinolarda keçirməyə üstünlük verir.

Hər halda bütün bunlara baxmayaraq, Rasim Zeynalov özünün karyera yüksəlişinin növbəti pilləsinə də qalxa bildi. Bəzi iddialara görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə olan yaxın münasibətləri bu işdə Rasim Zeynalovun çox karına gəlib.

Bu xüsusda təqdim olunan açıqlamalarda bildirilir ki, Rasim Zeynalovun yeni vəzifəyə təyinatı məhz Xoşbəxt Yusifzadənin Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovdan bu barədə etdiyi xahişdən sonra reallaşıb. Burada isə təbii ki, yeni vəzifəsi məmurun qarşısında daha geniş imkanlar açıb.

Aldığımız məlumatlara görə Rasim Zeynalov bir vaxtlar Qazax rayon Qaz İstismar Sahəsində təcrübə etdiyi üsullsrı indi də Şəmkir Regional Qaz İstismarı İdarəsinin rəisi vəzifəsində daha geniş miqyaslarda tətbiq etməkdədir. Bu isə təbii ki, məmurun şəxsi sərvətinin artması və özəl biznes şəbəkəsinin daha da çiçəklənməsilə müşayiət olunur. Açıqlamalara görə Rasim Zeynalov bu gün artıq Şəmkirdə bir çox kommersiya obyektlərinin, o cümlədən qızıl mağazasının və yanacaqdoldurma məntəqəsinin, Gəncədə iri heyvandarlıq təsərrüfatının, Bakıda isə bir neçə mənzilin sahibinə çevrilmişdir...

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq. (AzFakt.com)